“Nə gizlədim, Neftçi”dən getmək istəmədim, burada rahatam”

8 İyul 2022 19:00 Müsahibə 2 335
“Nə gizlədim, Neftçi”dən  getmək istəmədim, burada rahatam”

Mahmud Qurbanovun “Səbail”ə baş məşqçi təyin olunmasından sonra “Neftçi”də ağır yükün altına Rəşad Abdullayev girdi.

Vaxtilə ağ-qara formada top dalınca qaçmış, son 5 ildə məşqçi kimi “Neftçi”də təcrübə toplamış 40 yaşlı mütəxəssis bundan sonra “ağ-qaralar”ın əvəzedici komandasına cavabdehlik daşıyacaq.

Abdullayev buna qədər də həmin komandadaydı. Sadəcə, U-19-da baş məşqçi, “Neftçi-2”də köməkçi-məşqçi funksiyasını yerinə yetirirdi.

Yaxın günlərdə gənclərdən ibarət komanda təlim-məşq toplanışına start verəcək ki, belədə ortaya çıxan suallara cavab tapmaq üçün Rəşad bəylə əlaqə saxladıq.

- “Neftçi-2”yə baş məşqçi təyin olunmağınız sizin üçün nə dərəcədə gözlənilən idi?

- Bildiyiniz kimi, məşqçilik karyerama “Neftçi”də başladım. Son 2 ildə U-19-da baş məşqçi olmaqla yanaşı, 4 ildir əvəzedici komandada köməkçi-məşqçi funksiyasını yerinə yetirirdim. “Neftçi-2” mənə tanış və doğma komandadır. Bu neçə ildə gənc futbolçulara lazımi dəstəyi verməyə çalışmışıq ki, əsas komandaya yüksəlsinlər. Bundan sonra da belə olacaq. Rəhbərlikdən “Neftçi-2”ni çalışdırmaqla bağlı təklif gələndə danışdıq, müzakirə etdik, razılaşdıq.

- Bildiyimə görə, başqa klubdan – Premyer Liqada köməkçi-məşqçi işləmək təklifiniz var idi.

- Nə gizlədim, var idi. Amma getmək istəmədim. Əvvəla ona görə ki, “Neftçi”də rahatam və bu adın önəmi mənim üçün başqadır. Neçə ildir burdayam, ona görə də qurduğum işin davamını gətirmək istəyirəm. Allahın izni ilə çəkdiyimiz və çəkəcəyimiz əziyyətin bəhrəsini görərik.

- Qarşınızda nəticə vermək tələbi dayanır?

- Hər bir məşqçi nəticə qazanmaq istəyir. Heç kim istəməz ki, komandası autsayderlərin arasında olsun. Amma rəhbərliklə söhbətdə konkret nəticə barədə danışmadıq. Belə deyim, nəticə ikinci plandadır. Çünki ondan da vacib məqsədimiz var - əsas komandaya layiqli futbolçular yetişdirmək. Həm futbolçu, həm də şəxsiyyət kimi nümunə olacaq futbolçular.

- Növbəti mövsümlə bağlı plan tərtib etmisiz?

- Toplanışla bağlı?

- Bəli.

- Əlbəttə. İyulun 11-də məşqlərə start verəcəyik. Ayın 18-dən isə Bakıda təlim-məşq toplanışına start verəcəyik. Həmişə “Ruslan-93”də yığışırıq, bu dəfə də orada hazırlıq keçəcəyik. Ayın 27-nə qədər məşqlərimiz Bakıda davam edəcək. Ondan sonra hazırlığımızı avqustun 24-də start götürəcək çempionat oyunlarına uyğun quracağıq.

- Türkiyəyə səfər gözlənilir?

- Türkiyə variantı ola bilər. Ötən il də getmişdik. Bu, qısa müddətli ola bilər. Konkret yoldaşlıq görüşlərində xarici komandalarla qarşılaşmaq üçün. Amma bu məsələyə tam aydınlıq gəlməyib. Rəhbərlik bununla bağlı müsbət qərar versə, avqustun əvvəlində Türkiyəyə yollanacağıq.

- 2021-ci ildə “Neftçi-2” ilə çempion olmuş, ötən il Mahmud Qurbanovun rəhbərliyi altında oynamış futbolçuların əksəriyyəti ya əsas komandaya cəlb olunub, ya da başqa komandalara keçib. Belədə işiniz çətin olmayacaq ki?

- Bu il ixtiyarımda olacaq futbolçulardan yalnız 1 nəfər – mərkəz müdafiəçimiz Nihat Qurbanlı hazırda əsas komanda ilə Türkiyədədir. Toplanışdan sonra baş məşqçi Nihatın əsas komandada qalıb-qamayacağı ilə bağlı qərar verəcək. Dediyim kimi, əsas məqsədimiz əsas komanda üçün futbolçular yetişdirməkdir. Əvvəl də belə idi, bundan sonra da belə olacaq. Dediyiniz məsələyə gəlincə, heyətimiz tam dəyişib. Əsasən ötən il rəhbərliyim altında U-19-da forma geyinmiş futbolçularla davam edəcəyik. Əlavə 2-3 nəfəri başqa klublardan dəvət etmişik.

- Kimlərdir? Hansı klublardan?

- Hələ ki, müqavilələri rəsmiləşməyib. Dəqiqləşəndən sonra klubdan bu haqda məlumat veriləcək. Rəsmi anlaşma olmadan ad çəkməyim doğru olmaz. Futbolçularımız əsasən 2002, 2003, 2004 doğumlu olanlardır, hətta 2006 təvəllüdlü futbolçumuz da var.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti