Vaxtilə ölkənin sayılıb-seçilən futbolçularından idi.
Gənc yaşlarında “Qarabağ”ın əsas heyətində yer almış, Toni Adamsın dönəmində ingiltərəli mütəxəssisin “Qəbələ”dəki sevimli futbolçularından birinə çevrilmişdi.
Premyer Liqada adları çəkilən komandalardan başqa MOİK, “Rəvan”, “Sumqayıt” və “Xəzər Lənkəran”ın heyətində 200-ə yaxın oyunda forma şansı qazanmış, U-21-də Bernard Lippertin, əsas millidə Berti Foqtsun etimadını qazanmışdı.
Lakin birdən-birə nə oldusa, gözdən itdi. Daha doğrusu, ölkə xaricinə yollandı, bir müddət Şimali Kipr “Yeni Boğaziçi”ndə oynadı, Azərbaycana qayıtdı və...
...6 ildir Birinci Diviziondan qurtula bilmir.
Bu dəfəki müsahibim 34 yaşını yeni tamamlayan, təcrübəli müdafiəçi Nodar Məmmədovdur.
- Başa çatan mövsümdə “Qaradağ Lökbatan”nın heyətində Birinci Divizionda çempion adını qazandın. Növbəti çempionatda bağlı planın nədir?
- Açığı, hələ ki, evdəyəm. Bildiyimə görə, “Qaradağ Lökbatan”da saxlamaq istəyirlər. Gözləyirəm, görək nə olur. Yaxşı təklif olsa, dəyərləndirmək olar.
- Premyer Liqaya 2 yeni komandanın buraxılmasından sonra sən və elitadan kənar qalan təcrübəlilərin özünə iş yeri tapacağı gözlənilirdi. Di gəl, vəziyyət dəyişməz qalmaqdadır.
- Komandalar yeni olsa da, məşqçilər həminkilərdir. Yeni ad yoxdur ki. “Kəpəz”də 2 il oynadım, uğursuzluğun səbəbini bizdə görüb komandadan kənarlaşdırdılar. Ki, “Kəpəz” bizə görə uduzurmuş. Ordan çıxıb gəldim “Qaradağ Lökbatan”a, burada çempion oldum, “Kəpəz” mövsümü 7-ci pillədə başa vurdu. Deməli, problem məndə deyilmiş. Bizim dönəmdə “Kəpəz” divizionda ən təcrübəli, ən yaxşı komandalardan biri idi. Təcrübəliləri kənarlaşdırdılar, amma yenə nəticə qazana bilmədilər. Ona görə də Yaşar müəllimin (Yaşar Vahabzadə - H.) biz tərəfə baxacağına inanmıram.
- Bəs, “Turan Tovuz”?
- Tovuzda məni tanıyırlar, nəyə qadir olduğumu bilirlər. Durub kiməsə zəng edib deyə bilmərəm ki, məni dəvət edin, yoxlayın. Ən azından hazırkı durumuma baxmaq üçün çağırıb yoxlamaq olardı. Bəlkə komandaya fayda verə bilərəm, kömək edərəm. Sadəcə, baxmaq istəmirlər. Nə deyim, Allah hamının canını sağ eləsin.
- “Şamaxı”ya yeni baş məşqçi gəlib – vaxtilə U-21-də və əsas millidə çiyin-çiyinə top qovduğun, səninlə həmyaşıd olan Cavid Hüseynov. Belə baxıram, komandasına yaxından tanıdığı təcrübəliləri yığmaq istəyir.
- Cavid yaxın qardaşdır, münasibətimiz də çox yaxşıdır. Uğur qazanmasını çox istəyirəm. Dediyiniz kimi, həmyaşıdıq, birlikdə futbol oynamışıq. İnşallah, “Şamaxı”da istədiyi hədəfə çatar. Yenə deyirəm, kiməsə zəng edə bilmirəm. Azdan-çoxdan tanıyırlar, nəyə qadir olduğumu bilirlər. Götürsünlər, 5-6 ay oynayım, bacardığımı edim. Görsələr ki, bacarmıram, çatdırmıram, əl sıxıb sağollaşarıq. Elə həmin an da futbolla vidalaşaram. Sizə biz söz deyim.
- Buyur...
- 10 il əvvəl “Qəbələ”də oynadığım vaxt çəkim nə idisə, bu gün həmin çəkidəyəm. O vaxt da 70 idim, indi də. 1 aydır istirahətdəyik, çəkim 1 kilo da artmayıb. Demirəm, Premyer Liqanın altını-üstünə çevirərəm, hamı məndən danışar. Yox! Ən azından təcrübəmlə komandaya kömək edərəm.
- “Birinci Divizion bataqlıqdır, ora girən bir də çıxa bilmir” deyimini yəqin ki, eşitmisən.
- Eşitmişəm. Kim deyibsə, düz deyib. Ən yaxşısı bilirsiniz nədir? Premyer Liqadan ayrılandan sonra lap 1 il futbolsuz qalasan, amma “divizion”a getməyəsən. Ad çəkmək istəmirəm, amma o qədər elə futbolçular olub ki. 6 ay, hətta 1 il futbolsuz qalıb, “divizion”da oynamayıb, yenidən Premyer Liqa klubundan dəvət alıb.
- Karyerandakı enişin səbəbini Birinci Divizionda oynamağa qərar verməkdə axtarasan gərək.
- Elə dediyiniz kimidir. Şimali Kiprdən qayıtmaqla çox böyük səhvə yol verdim. Məhz buna görə özümü bağışlaya bilmirəm. Halbuki, hər cür rahatçılığım var idi orda.
- Niyə qayıtdın?
- O vaxt “Xəzər”i yaratmışdılar. İddialı komanda yaradırdılar, hansı ki, yaxın gələcəkdə Premyer Liqada olmalıydı. Düşündüm ki, Azərbaycana qayıdıb oynayım, komandanın elitaya yüksəlməsinə kömək edim. Çox keçmədən komanda dağıldı. Elşad Əhmədov sağ olsun, məni götürmədi.
- Yadımdadır, millidə Berti Foqtsun sevimli futbolçularından idi. Bir dönəm mütəmadi çağırırdı səni.
- Daha çox çağırardı Günah özümdə oldu. “Qarabağ”dan MOİK-ə keçməklə işimi çətinə saldım. Təzə-təzə çağırdılar, sonra ehtiyac duymadılar. Düzdür, MOİK Premyer Liqada çıxış edirdi, amma çempionatda qalmaq uğrunda mübarizə aparırdı. “Qarabağ”da qalsaydım, bəlkə də daim dəvət alacaqdım.
HƏBİB / SPORTİNFO.AZ