Bu sualı eşitdi, o dəqiqə “Allah eləməsin!” söylədi - ŞOK HADİSƏNİN İŞTİRAKÇISI

11 İyun 2022 16:40 Müsahibə 1 384
Bu sualı eşitdi, o dəqiqə “Allah eləməsin!” söylədi - ŞOK HADİSƏNİN İŞTİRAKÇISI

Səlahət Ağayevin karyerasını “Qəbələ”də davam etdirəcəyi rəsmi təsdiqini tapıb.

Murad Musayevin son görüşlərdə gənc Yusif İmanova şans verməsi, üstəgəl, Nicat Mehbalıyevin komandaya qayıtması Ağayevin “tələbələr”dən ayrılacağından xəbər verirdi.

Milli üzvü təkliflərin arasından “Qəbələ”ni seçdi ki, orada nə ilə yadda qalacağını zaman göstərəcək.

Biz isə fürsətdən istifadə edib Səlahətlə söhbətdə bir sıra maraqlı suallara cavab tapmağa çalışdıq.

- “Sumqayıt”ı nəzərə almasaq, daim paytaxt təmsilçilərinin uğurları üçün tər tökmüsən. Bu dəfə seçimini nə əcəb bölgə komandasının üzərində dayandırdın?

- Təkliflərin arasından ən maraqlısı və cəlbedicisi “Qəbələ”nin oldu, ona görə.

- Cəlbedici tərəfi nə idi? Maliyyə?

- Yox-yox. Söhbət puldan yox, başqa üstünlüklərdən gedir. Ən vacib məsələ komandanın Konfrans Liqasında mübarizə aparacağıdır. Özünüz də bilirsiniz ki, hər bir futbolçu avrokuboklarda iştirak etmək istəyir. Bu, seçimimdə böyük rol oynadı. Həm də komanda iddialıdır. Növbəti çempionatda ötən mövsümdəki çıxışın davamını gətirməyi hədəfləyib. Bir də ki, karyeram ərzində ancaq Bakı komandalarında oynamışam. Açığı, bu dəfə bölgədə top qovmaq həvəsinə düşdüm.

- Bakı atmosferindən bezdin?

- Allah eləməsin! Bezmək söhbəti deyil. Sadəcə, “Qəbələ” kimi bölgə komandasında oynamaq istədim. Burada dostlarım var, məşqçilər heyəti ilə münasibətim yaxşıdır. Seçimimdə kollektivdəki adlar və ab-hava da rol oynadı.

- “Çərçivə”də rahat olacaqsan. Əsas rəqibin gənc Kristof Atanqanadır ki, onun da təcrübəsi yoxdur.

- Futbolda gənc söhbəti yoxdur. Hamı oynamaq üçün məşqdə can qoyur. Ümid edirəm ki, Kristof da şans qazanmaq üçün hazırlıqlarda əlindən gələni edəcək. Ötən mövsüm bəzi oyunlarda meydana çıxmaq imkanı qazanmışdı. Deyim ki, istedadlı futbolçudur. Digər tərəfdən məndə heç vaxt arxayınlıq olmayıb. Hətta komandada tək qapıçı qalsam belə, o şey mənə yaddır. Arxayınlıq adamın özünə ziyan vurur.

- “Sabah”dan niyə ayrıldın? Halbuki Saşa Stamenkoviçin gedişindən sonra orada daha çox duruş gətirəcəyini düşünürdük.

- “Sabah”la müqaviləmin müddəti başa çatdı və həmin vaxt “Qəbələ”dən yaxşı təklif alıb bura gəldim. Burada böyüdüləsi bir şey görmürəm. Əsas odur normal ayrıldıq.

- “Sabah”ın yeni mövsüm üçün xidmətinə ehtiyac duymayacağını çempionatın gedişində hiss etmişdin?

- “Sabah”da çempionat gedə-gedə heç kimlə danışıq aparılmırdı. Mövsüm başa çatandan sonra müqavilə ilə bağlı söhbət etdilər. Ona görə də özümə qarşı soyuqluq və ya ögeylik hiss etmirdim. Baş məşqçi ilə münasibətim əla idi. Tez-tez söhbət edir, müzakirə aparırdıq. Son turlarda oynamamağımın səbəbi gənc futbolçu limitinə görəydi. İkili söhbətdə özü də bu haqda demişdi mənə.

- Avrokubok mübarizəsində məhz “Qəbələ”yə uduzdunuz. Bundan sonra formasını geyinəcəyin “Qəbələ”yə. “Sumqayıt”la bərabərə qaldığınız oyunu və oyundan sonra yaşananları necə xatırlayırsan?

- “Sumqayıt”la oyundakı bərabərlik hər şeyi alt-üst etdi. Yoxsa Konfrans Liqasına vəsiqə üçün əlimizdə əla şans var idi. “Sumqayıt” çempionatda bəlkə də ən yaxşı oyununu sərgilədi həmin gün. Heç kimin ağlına gəlməzdi ki, o cür sürət yığan “Sabah” “Sumqayıt” önündə büdrəyər. Futboldur, bəzən belə hallar olur. Düzünü desəm, həmin gün hamı şokda idi. Nə baş verdiyini anlamaqda çətinlik çəkirdik.

- Millinin düşərgəsində ab-hava necədir?

- Nə yalan deyim, Qazaxıstana haqq etmədiyimiz yenilgidən sonra uşaqlarda ruh düşkünlüyü var idi. Özünüz də gördünüz ki, udmalı olduğumuz oyun idi. Belarusla qarşılaşmada da yaxşı şanslarımız var idi. Açıq danışsaq, matçların heç birində pis oynamamışıq. Sadəcə, qalib gəlməklə bağlı problem var. Onu da inşallah, Bakıdakı görüşlərdə aradan qaldırarıq.

- Futbol ictimaiyyətinə yaxşı oyun yox, yaxşı nəticə maraqlıdır. Özün başa düşürsən yəqin.

- Əlbəttə, başa düşürəm. Özümüz də nəticə qazanmaqda maraqlıyıq. Deməyim odur ki, oyun varsa, nəticə də gələcək. Slovakiya və Belarusla Bakıda oyunlara hamımız qələbə üçün köklənmişik. İnşallah, istəyimizə çatarıq.

- Canni de Byazi nə deyir? Nə düşünür?

- O da baş məşqçi kimi qalib gəlməyimizi istəyir. Bunun üçün tapşırıqlarını verir, komandanı rulandırır. Dediyim kimi, yalnız və yalnız qələbə haqda düşünürük.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti