"Milliyə dəvət olunsaydım, bundan imtina edəcəkdim"

10 İyun 2022 17:40 Müsahibə 1 117
"Milliyə dəvət olunsaydım, bundan imtina edəcəkdim"

"Qəbələ"nin kapitanı Asif Məmmədov Sportinfo.az-a müsahibə verib.

Yarımmüdafiəçi ilə söhbətimiz yığmanın Millətlər Liqasındakı çıxışı və gələcək perespektivləri barədə olub.

- Azərbaycan yığması Millətlər Liqasında iki oyunun arxada qoydu. Qeydə alınan nəticələri necə şərh edərdin?

- Milli komandanın oyunlarına baxıb, çox üzüldüm. Həqiqətən çox pis oynadıq. İlk oyunda müəyyən qədər yaxşı oynadıq. Amma ikinci oyun Belarusa qarşı nə heyət, nə də oyun başadüşülən deyildi. Axı Belarus bizdən güclü deyil. Həmin oyunu udmalıydıq.

- Bəs niyə uda bilmədik?

- Qorxaq futbol, 7-8 müdafiəçi ilə hansı qələbədən danışmaq olar?

- Deməli, əsas maneə baş məşqçinin seçdiyi taktikadır?

- Bəli. Qələbə qazana bilməməkdə ən başlıca səbəb meydana düzgün heyətin buraxılmaması idi. Hər şeyi qorxaq futbol oynamağa bağlayıram. Bu da məşqçinin verdiyi tapşırıqdır. Klubunda əsas heyətdə oynamayan milli komandada əsas heyətdə oynayırsa nə deyim vallah.

- Heyət seçimi demişkən, yaxşı mövsüm keçirdiyiniz nəzərə alsaq, dəvət olunacağını gözləyirdinmi?

- Məni milli komandaya dəvət etsəydilər də, bunu ədalətsiz qərar sayıb, dəvətdən imtina edəcəkdim. Məncə, bu gün yetəri qədər gənc futbolçularımız var və onların oynaması daha önəmlidir. Gələcəyi düşünürüksə 33-34 yaşlı futbolçulara yox, gənclərə üstünlük verməliyik. Həmin gənc futbolçular da bugünkü gün öz klublarında davamlı oynayırlar. Amma həmin gənclərin gəlib millidə ehtiyatda oturması mənim özüm üçün də qaranlıq qalır.

- Həmin gənclərin əvəzinə meydanda klubunda ehtiyatda qalan 33 yaşlı braziliyalı Riçard Almeydanı görürük...

- Mənim futbolçu adı çəkməyim doğru deyil.

- Ən azından onu meydanda görəndə "33 yaşlı Almeyda meydana çıxacaqdısa, elə 35 yaşlı məni də çağırardız" - deyə bir hisslər keçirdinimi?

- Nə yalan deyim ki, həmin hisslər oldu. Onsuz da uduzuruqsa, necə gəldi heyət buraxırıqsa, niyə öz gənclərimiz ilə oynamayaq ki? Gənclər uduzanda da ən azından təsəllimiz olar ki, gələcəyin komandasını qururuq. Onsuz da bütün variantlar yoxlanır. Heç olmasa bunu da yoxlayaq. Bir neçə il əvvəl İslandiya millisi bu təcrübədən yararlanmışdı. Bir neçə il nəticə olmadı, ancaq ardınca Avropa və Dünya çempionatında oynadılar. Mənim övladım da futbola gedir. Az qala beton üzərində məşq edirlər. Düzdü, biz də elə oynamışıq. Amma 90-cı illərlə 2022 bir deyil axı. Ən azından normal süni meydanda məşq etməlidirlər. Betonun üzərində məşq edən uşaqdan heç nə gözləmək olmaz.

- Deməli, prblemin kökü daha dərindədir...

- Əlbəttə. Hər şey bünövrədən başlayır. Futbolumuzu inkişaf etdirmək üçün yetəri qədər maliyyəmiz də var. Sadəcə bunu istəmək lazımdır. Düzgün istifadə etmək, pulu düzgün istiqamətə xərcləmək lazımdır. Bu gün uşaq məşqçiləri 500 manat maaş alır. Həmin müəllim bu maaşla bütün fikrin həmin uşaqların inkişafına necə yönəltsin? Sonra da deyirik ki, gedib fərdi məşq keçir. Niyə keçməsin? Axı 500 manatla ailə saxlamaq olmur. Ona görə də müəyyən karyerası olan futbolçular məşqçi olmaq istəmir. İşləyənlərin də əksəriyyəti heç futbolçu olmayan və əlacsızlıqdan işləyənlərdi. Neçə illərdi görünür ki, bizdə nələrsə düz getmir. Belə də davam edirik. Məncə, bu gedişlə belə də davam edə-edə gedəcəyik.

- Arxada qalan iki oyunda da pis oynadığımızı dedin. Ancaq bəzi futbol adamları rəqiblərdən daha yaxşı oynadığımızı, daha çox qol fürsətləri yaxaladığımızı, sadəcə şanssızlıq olduğunu düşünür...

- Bu gün nəticə qazanmaq lazımdır. Yaxşı oyun sonrakı plandı. Belarusla 0-0 oynamaq utancvericidir. Rəqibi aşağılamaq istəmirəm, amma hansı səviyyədə futbol oynadıqların gördük də. Həm çempionat baxımından üstünük, həm də daha yaxşı futbolçularımız var.

- Bu gün növbəti rəqib daha güclü Slovakiya millisidir. Nəyə ümid edirsiniz?

- Sözün düzü heç bir ümid yeri qoymayıblar.

- Yenə uduzacağıq?

- Futboldu, bu gün uda da bilərik. Bu, o demək olmayacaq ki, biz dəhşət futbol oynayırıq. Belarus və Qazaxıstanı udub, Slovakiyaya uduzsaydıq kimsə nəsə deməzdi. Amma həmin rəqibləri udmayıb, Slovakiyanı udmaq, deməli, təsadüfdür.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti