“Neftçi”nin legionerindən ŞOK AÇIQLAMA: “Buna görə çempionluq alınmadı”

2 İyun 2022 13:00 Müsahibə 2 751
“Neftçi”nin legionerindən ŞOK AÇIQLAMA: “Buna görə çempionluq alınmadı”

“Neftçi”nin cari mövsümdə ən sərrast futbolçusu Tyaqo Bezerra oldu.

Azərbaycanlı futbolsevərlərə əsasən Türkiyə Super Liqasında vurduğu qollarla tanış olan braziliyalı mövsümboyu zədə və koronavirus problemləri ilə üzləşməsəydi, bəlkə də 10 yox, daha çox qol vura bilərdi.

Buna baxmayaraq, Bezerranın karyerasını ağ-qara formada davam etdirəcəyi bəlli deyil. Komandanın ən yüksək ödənişli futbolçusu maaş məsələsində güzəştə getməyə hazır olsa da, rəhbərlik hələ də ona yeni müqavilə təklif etməyib.

Tyaqo hazırda Braziliyada istirahət edir. Belə məqamda onunla əlaqə saxlayıb Sportinfo.az-a müsahibə verməyi xahiş edəndə “yox” demədi.

- İstirahətin necə keçir? Mövsümün yorğunluğu canından çıxara bilirsən?

- Hə, dostum, istirahətdəyəm. Ailəm və doğmalarımla bərabər dincəlirəm. Brazilyadayam, paytaxtda.

- İstirahət üçün hansısa ölkəyə yollanmağı fikirləşirsən?

- Düzünü desəm, yox. Elə burada olacağam. Neçə vaxtdır valideynlərimi, dostlarımı, qohumlarımı görmürdüm. Burada onlarla daha çox vaxt keçirmək istəyirəm. İstirahət üçün məkanın fərqi yoxdur, əsas odur dincələ biləsən.

- Mövsümü özün üçün necə dəyərləndirirsən?

- Ağır və çətin sezon keçirdik. Koronavirusa yoluxub toplanışa gec qoşuldum, zədələnib 4-5 vacib oyunda iştirak edə bilmədim. Açığı, öz çıxışımdan tam razı qalmadım. 10 yox, daha çox qol vura bilərdim. Amma bu günümüzə şükür olsun. Mövsümü ikinci pillədə başa vurmağımız da pis olmadı. Əlbəttə, çempionluq daha yaxşı olardı. Amma “Qarabağ” imkan vermədi (gülür).

- Azarkeşlər “Neftçi”dən növbəti çempionluğu gözləyirdi...

- Bilirəm, yaxşı bilirəm. Ötən il çempion olmusansa, bu il səndən eyni uğuru istəyirlər. Bu, hər yerdə belədir. Amma ümumi vəziyyəti nəzərə alsaq, bu mövsüm ikincilik “Neftçi” üçün yaxşı nəticə sayılmalıdır. Təbii, məqsədimiz yenə çempionluq idi. Sadəcə, bəzi problemlərə görə çempionluq alınmadı.

- Nə kimi problemlər?

- Çox oldu, çox. Mövsümə bir heyətlə başladıq, qışdan sonra başqa heyətlə davam etdik. Mövsüm ərzində komandada çox dəyişikliklər oldu. Qışda Mamadu Kane və Sabiq Buqrin kimi vacib oyunçularımızı itirdik. Oturuşmuş “11-liy”in olmaması istər-istəməz özünü göstərirdi. Baş məşqçi ilə bağlı problemlər oldu. Mətbuatın və azarkeşlərin təzyiqi, “gedəcək, yoxsa qalacaq” sualı ətrafında müzakirələr... Bütün bunlar istər-istəməz oyunumuza təsir edirdi. Bəzən itkilərimiz çox olurdu. Hətta yadımdadır, məşqlərin birinə 13 futbolçu ilə çıxmışdıq.

- Ötən ilin çempionu kubokun yarımfinalında dayandı, çempionluq mübarizəsində “Qarabağ”dan aşkar geri qaldı. Təzyiq olmamalı idi?

- Əlbəttə, olmalıydı. Mən “olmamalıydı” demirəm. Son mövsümün çempionusansa, bu dəfə səndən daha artığını gözləyirlər. Açığı, təzyiqlər biz futbolçulardan çox baş məşqçimizə olurdu. Çünki siz jurnalistlərin önünə o çıxır, nəticələrə görə rəhbərliyə cavabı o verir. Ona görə də bayaq onun adını dedim.

- “Neftçi” “Qarabağ”ın çempionluğuna mane ola bilərdi?

- “Qarabağ” bu il rəqiblərindən çox yox, çox-çox üstün idi. Hətta ötən mövsüm “Neftçi” çempionluğu çətinliklə, sonuncu oyundakı qələbə qolu ilə əldə etmişdi. Amma bu il “Qarabağ” qarşısıalınmaz idi. Belə də olmalıydı. İllərdir eyni məşqçi və futbolçularla yola davam edirlər. Futbolçular baş məşqçinin sisteminə öyrəşib. Həm də cəzalı və zədəliləri az oldu, demək olar olmadı. Heyətləri də genişdir və hamısı sistemə öyrəşmiş futbolçulardır.

- “Qarabağ”ın oyunlarını və nəticələrini gördükcə ağlından “kaş mən də o komandada olardım” sözləri keçirdi?

- Niyə gizlədim ki, əlbəttə, olurdu. Amma mənə görə, bu il “Neftçi”nin heyəti “Qarabağ”ınkından güclü idi.

- Doğrudan?

- Mənim fikrimcə, bəli. Mən komandaya qoşulanda “Neftçi”də 12 legioner var idi. Həm də hamısı oynayan, bacarıqlı əcnəbilər idi. Çempionatın əvvəlində super heyətə sahib idik. Sadəcə, daimi “11-liy”i formalaşdırmaq mümkün olmadı.

- “Neftçi”ylə müqavilənin müddəti başa çatdı.

- Hələ qurtarmayıb, bu ayın sonunda başa çatacaq (gülür). Bilirəm, nə soruşacaqsınız. Yeni sözləşmə olacaq, ya yox?

- Eynən...

- Düzü, heç kimlə görüşüb danışa bilməmişəm. Çempionat qurtaran kimi hərə öz evinə getdi. Klub prezidenti dedi ki, baş məşqçi məsələsinə aydınlıq gələndən sonra futbolçularla bağlı suallar öz cavabını tapacaq. O söhbətdən başqa heç kimlə danışmamışam. Yəqin ki, məsləhət olsa əlaqə saxlayarlar. Olmasa da, hamıya hər şeyin xeyirlisi.

- Yeni iş yeri tapacağını demək istəyirsən.

- Demək istədiyim odur ki, indiyə qədər bir çox ölkələrdə oynamışam, qollar vurmuşam. Az-çox tanınıram, reklamım var hər halda. “Neftçi” xidmətimdə maraqlı olmasa, başqa təkliflər üzərində düşünmək imkanım olacaq. Əsas olan Allahın məsləhətidir. Görək necə olacaq. Futbolçu peşəkar və doğru insan olandan sonra ona hər yerdə iş tapılacaq. İstər 35 yaşın olsun, istər 40 – fərq etməz.

- “Neftçi”nin ən yüksək ödənişli futbolçususan. Doğru məlumatdır?

- Bunu mən deyə bilmərəm axı. Mən öz qazancımı bilirəm, digər futbolçuların yox. Hər futbolçunun öz qiyməti var.

- Sualı boşuna vermədim. Bildiyimə görə, “Neftçi”də qalmaq üçün hətta maaşının azaldılmasına da razısan.

- “Neftçi”ylə heç bir söhbətimiz olmadan dediyiniz şeyə necə razı ola bilərəm? Aramızda heç bir danışıq olmayıb, rəhbərliyin nə etmək istədiyini bilmirəm. Ona görə də artıb-azalmaq söhbəti olmayıb.

- Bu gün Samir Abasovun taleyinə aydınlıq gələcək. Getməsinin tərəfdarısan, yoxsa qalmasının?

- Həmişə dediyim bir söz var, baş məşqçi məsuliyyətli vəzifədir. Amma komandanın uğur qazanmasında sistem və strategiya çox önəmlidir. Baxın, “Qarabağ”da hazır sistem var, sabah baş məşqçi dəyişib başqası gəlsə, işləri yenə qaydasında gedəcək. Çünki hazır heyət və hazır sistem var. Önəmli olan həmin sistemi formalaşdırmaq və düzgün futbolçu seçimi etməkdir.

- Amma Samir Abasovlu “Neftçi” avrokubokları boşa verdi, ölkə kubokunu əlindən buraxdı, çempionatı “Qarabağ”dan 19 xal geridə başa vurdu.

- Qalanlarını da mən sayım, olar? “Neftçi”ni 8 ildən sonra çempion etdi, bu il problemlərə baxmayaraq, komandanı 4-cü pillədən 2-si sıraya qaldırıb gümüş medalları qazandırdı. Nəticə qazanmaq üçün klubda görülən işlər önəmlidir. Mən Samir Abasovun qalmasını israr etmirəm. O getsin, başqası gəlsin – onsuz da, son sözü rəhbərlik deyəcək. Əsas olan işlərin düzgün qurulmasıdır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti