Prezident nə düşünürdü? - VİDEO

27 May 2022 23:10 Müsahibə 1 127
Prezident nə düşünürdü? - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın Prezident İlham Əliyevin Zəngilan səfərindən paylaşdığı video mətbuatın və sosial şəbəkələrin gündəminə çevrilib. Videoda Prezident çay kənarında əyləşərək düşünür!

Yəqin indi çoxumuzun bir-birimizdən ən çox soruşduğu sual da budur: görəsən, Prezident nə haqda düşünür?

Əlbəttə ki, düşünmək üçün məkan çox önəmlidir. Ona görə ki, insanın dayandığı yer bəzən yaddaşı təzələyir, istər-istəməz sən nələrisə xatırlayırsan.

Əlbəttə ki, Prezident Azərbaycanı düşünürdü! Ulu öndər Heydər Əliyevin şah əsəri olan dövlətin keçdiyi yola nəzər salır, müstəqilliyimizin hansı çətinliklər, hansı mərhumiyyətlər hesabına qorunub saxlandığını xatırlayırdı. Müstəqilliyin ilk illərində səriştəsiz hakimiyyətlərin vətəndaş qarşıdurmasına sürüklədiyi, çörəklə imtahana çəkdiyi, xaos və özbaşınalıq girdabında az qala qətlə yetirdiyi millətin keçdiyi əzablı yolları düşünürdü.

Birinci Qarabağ savaşında minlərlə şəhid verən, torpağı işğal edilən, soyqırıma uğrayan, illərlə çadırlarda ağır həyat şərtləri altında yaşamağa məhkum olan, adına qaçqın damğası yapışdırılan xalqın dəmir iradəsi, dözümü, mətanəti düşündürürdü həm də Prezidenti!

Dövlət başçısı heç şübhəsiz ki, atasının hansı iradə və qətiyyət sayəsində Azərbaycanı 90-cı illərin əvvəlindəki ağır böhrandan çıxardığını, ölkədə sabitliyi bərqərar etdiyini, Azərbaycanı dünyada sayılıb-seçilən ölkələrdən birinə çevirdiyini xatırlayırdı. Prezidenti düşündürən bu mərhumiyyətli yolda heç vaxt əqidəsindən dönməyən, öz liderini sevən, onun uğrunda ölümə belə getməyə hazır olan Azərbaycan xalqının dəyanəti idi, MÜSTƏQİL YAŞAMAQ EŞQİ idi!

2003-cü ildə İlham Əliyev hakimiyyətə gələndə söz vermişdi ki, o, Heydər Əliyev yolu ilə gedərək Azərbaycanı daha da gücləndirəcək, xalqın və dövlətin maraqlarını hər zaman qoruyacaq, işğal olunmuş torpaqlarımızın azad olunması üçün var-qüvvəsi ilə çalışacaq. O, yolun sehri mayın 26-da Prezidenti Zəngilandakı çinar meşəsinin ortasından axan çayın kənarında haqlamışdı. Prezidenti düşündürən and içərkən verdiyi bütün vədlərin hansı çətinliklər bahasına reallaşması idi.

Dövlətin dayaqlarını gücləndirmək, onu bütün təhlükələrdən kənarda saxlamaq, qarşılıqlı etimada və dostluğa əsaslanan xarici siyasət kursu yürütmək, şaxələndirilmiş neft-qaz kəmərlərinə, beynəlxalq nəqliyyat infrastrukturuna, güclü sənaye potensialına, dayanıqlı iqtisadiyyata, uğurlu sosial siyasətə malik olmaq, sosial-iqtisadi islahatları yalnız xalqın rifahına yönəltmək, yaxşı gündə də, çətin gündə də xalqın yanında olmaq, mənəvi dəyərləri hər şeydən üstün tutmaq, güclü ordu yaratmaq, müstəqil ölkədə vətənpərvər nəsil formalaşdırmaq… Azərbaycan tarixinə adını QURUCU PREZİDENT kimi yazmaq... Bunlar elə də asan məsələlər deyil və biz dünyada bu cür nümunəyə nadir hallarda rast gəlirik. Bax, Prezidenti düşündürən bütün bunları qazanmağın bizə məlum olmayan tərəfləri, çətinlikləri idi.

Prezidenti düşündürən həm də Vətən müharibəsi idi. Təxminən il yarım bundan qabaq o çayın kənarında gərgin döyüşlər gedirdi, qeyrətli oğullarımız torpaqlarımızı düşməndən qarış-qarış təmizləyirdi. Azərbaycan xalqı 30 illik yurd həsrətinə qan tökərək, can verərək son qoyurdu. Zəngilanın çinarlı meşəsində Müzəffər Ali Baş Komandan bizi parlaq zəfərimizə aparan şanlı yola nəzər salır, cəmi 44 günə əldə edilən qələbənin uğrunda şəhid olan igidlərimizi – müstəqilliyin övladlarını xatırlayırdı. PREZİDENTİ DÜŞÜNDÜRƏN 44 GÜNÜN HƏR GÜNÜ İDİ.

44 gündə baş verənlər vaxtilə çoxumuza inanılmaz görünsə də, Azərbaycan xalqı ümidini itirmədi. O, təkcə işğalçını yox, həm də 30 ildir onun arxasında dayanıb bizə təslimçilik ruhu aşılamağa çalışanları, böyük gücləri məğlub etdi. Sübut etdi ki, biz Qarabağı əsla unutmamışıq. Biz hər an onun azadlığı barədə düşünmüşük, QARABAĞIN TALEYİNİ ALNIMIZA YAZMIŞIQ.

Müharibənin gedişində çox hadisələr oldu. Bizim hələ də onların hamısından xəbərimiz yoxdur. Xalq hər dəfə Prezidentdən qələbə müjdəsi gözləyirdi. Amma heç birimizin bu müjdənin arxasındakı vəziyyətdən, təzyiqlərdən xəbərimiz yox idi. Prezidenti düşündürən bizi tarixi zəfərə aparan yolda qarşılaşdığımız çətinliklər idi, müharibənin mürəkkəb xarakteri idi.

Azərbaycan ərazi bütövlüyünü 44 günə bərpa etdi, biz tarixi hədəflərimizə qovuşduq. 30 ildən sonra azərbaycanlıların ayağı düşmən tərəfindən viran qoyulan dədə-bəbə yurdlarına açıldı və məlum oldu ki, düşməndən fərqli olaraq bizim üçün ən müqəddəs sərvət torpağın üstündəkilər yox, onun özüdür. Bizim qələbəmizin mahiyyəti Şuşa zirvəsində kamilləşdi. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Şuşanı Azərbaycana qaytardı. ÜRƏKSİZ BƏDƏN İDİK, ÜRƏYİMİZ YERİNƏ GƏLDİ!

İndi düşmənin 30 il taladığı torpaqlarımızda nəhəng quruculuq işləri gedir, işğalın ağır nəticələri aradan qaldırılır, kəndlər, şəhərlər yenidən dirçəlir, torpaq da nəfəs alır, təbiət də sevinir sanki. Biz o torpaqlara qədəm qoyduqca itkilərimizin miqyasını, mahiyyətini daha dərindən anlayırıq. Prezident hər dəfə nəyinsə təməlini qoyanda, nəyinsə açılışını edəndə qəlbimiz fərəhlə dolur. Bizə hamı, elə düşmən də həsəd aparır. Amma hələ görüləcək çox iş var. Hələ ərazilərimizin çoxu minalardan təmzilənməlidir. Ora köçəcək insanlarımızın layiqli həyatını təmin etmək üçün infrastuktur layihələrinin icrası davam etdirilməlidir. Hələ də birinci Qarabağ müharibəsində itkin düşən 4000 insanımızdan xəbər yoxdur. Prezidenti düşündürən həm də bunlar idi. Qarabağı cənnətə çevirməyi söz verən Prezidentin planları idi.

Bizim əvvəllər də Vətən haqqında təsəvvürlərimiz olub. Amma bu Qələbə ilə həmin dəyərlər artıq başqa məna və mahiyyət kəsb etməyə başlayıb. Son 200 illik tariximizin, 104 yaşlı müstəqilliyimizin ən böyük naliyyəti olan Qələbəmiz hədəflərimizə və məqsədlərimizə yeni baxış bucağı formalaşdırıb. Biz indi müstəqilliyimizin əhəmiyyətinə həmin bucaqdan baxırıq və hiss edirik ki, gələcək Azərbaycan tamam başqa cür olacaq. O, bütöv bir Vətən olacaq.
Bu gün Vətənin bütövləşməsi prosesi gedir. Çünki hələ də ruhumuzun, yaddaşımızın gedəcəyi yerlər var. Müstəqillik günü ərəfəsində Zəngilanın Ağalı kəndində salınan ilk ağıllı kəndin istifadəyə verilməsi də bu qəbildəndir. Müharibədə düşməni dərin zəka və inanılmaz güclə məğlub edən Azərbaycan dövləti artıq ev sahiblərini öz torpaqlarına qaytarır. BÖYÜK QAYIDIŞ başlayıb!

İnsanlar doğulduqları yerə getməyəndə enerji ala bilmir. Ona görə də torpağa qayıdış yenilik deməkdir. İndi ruhumuzun yenilənməsi prosesi gedir və biz bu tarixi prosesin şahidləriyik. Bundan sonra Azərbaycan xalqı öz torpaqlarında əbədi yaşayacaq, insanlarımız ayaqlarını torpağa daha möhkəm basacaq və heç kim bizi bir də bu torpaqlardan çıxara bilməz.

Bəzən işin çoxluğundan düşünməyə vaxt qalmır. Amma o səni nə vaxtsa yaxalayır və qarşında yeni vəzifələr qoyur. Prezidenti düşündürən də gələcək Azərbaycanı daha güclü, daha firavan və xoşbəxt görməklə bağlı arzuları, planları idi.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!