Premyer Liqa klubunun yeni baş məşqçisi ilk müsahibəsini “Sportinfo”ya verdi

27 May 2022 16:20 Müsahibə 1 515
Premyer Liqa klubunun yeni baş məşqçisi ilk müsahibəsini “Sportinfo”ya verdi

“Səbail”in yeni baş məşqçisi Mahmud Qurbanov Sportinfo.az-a müsahibə verib.

- Mahmud müəllim, öncə təyinatınız münasibəti ilə təbrik edir və sizə uğurlar arzulayırıq.

- Çox sağ olun. Minnətdaram.

- Bəs təyinat necə gerçəkləşdi?

- "Səbail" rəhbərliyindən təklif gəldi, oturduq müəyyən məsələləri müzakirə etdik və sonda razılaşdıq.

- Müəyyən məsələləri müzakirə etdiyinizi dediniz. Bu əsnada anlaşma üçün zaman alan hər hansı detal oldumu?

- Xeyr, daha çox zaman alan hər hansı məsələ olmadı. Rəhbərlik necə komanda görmək istədiyini bildirdi. Fikirlərimiz üst-üstə düşdüyü üçün anlaşdıq.

- Rəhbərlik necə komanda görmək istədiyini bildirdi?

- Bu il yeni komanda formalaşdırılacaq. Məsələn, qarşımıza avrokuboklara düşmək kimi hədəf qoyulmayıb. Növbəti mövsüm isə iddiamız artacaq.

- Komanda son mövsümü sonuncu pillədə başa vurdu. Hədəf qoyulmadığını deməyiniz qarşıdakı il də eyni mənzərəyə yol aça bilərmi?

- Xeyr. Təbii ki, komanda yeni formalaşsa da istəyimiz maksimum üst pilələrə yüksəlmək olacaq. Hədəf qoyulmaması arxayınlıq yarada bilməz.

- Sabiq baş məşqçi Aftandil müəllim uzun müddət idi "Səbail"i çalışdırırıdı. Təyinatdan sonra həmkarınızla danışmaq imkanınız oldu?

- Bəli, zəng edib danışdıq, halallaşdıq. Bir yerdə futbol oynamışıq. Biri-birimizlə elə əvvəldən yaxşı münasibətimiz var. Bu komandada Aftandil Hacıyevin çox əməyi var. Sizin vasitənizlə də ona gələcək karyerasında uğurlar arzu edirəm.

- Uzun müddətdən sonra Premyer Liqaya baş məşqçi kimi qayıdırsınız. Aradakı boşluq işinizə maneə yaratmayacaq?

- Məncə, yaratmamalıdır. Çünki 4 il milli komandada, sonrakı 4 ili "Neftçi-2" işlədim. Düşünürəm ki, bu təcrübə mənə kömək etmiş olacaq. Hər halda arxada qalan müddətdə futboldan uzaq olmamışam. İnşallah, "Səbail"in mövsümü yaxşı başa vurmasına çalışacağıq. Həm bizə güvənən insanların etimadını doğrultmaq, həm də öz adımıza görə yaxşı olmasını istəyirk.

- "Neftçi-2"də çalışdığınızı dediniz. Həqiqətən də bu komanda ilə yaxşı işlər görməyi bacardınız. Keçmiş tələbələrinizdən kimlərisə "Səbail"də də yanınızda görə bilərikmi?

- Əlbəttə, görə bilərik. "Neftçi-2"də çox yaxşı futbolçular üzə çıxdı. Elə həmin uşaqları "Səbail"ə cəlb etmək fikrimiz var. Düşünürəm ki, həm komanda rəhbərliyi, həm də azarkeşlər bizim "Neftçi-2"dəki işimizdən razı qalıblar.

- Artıq danışıq apardığınız kimlərsə var?

- Xeyr. Hələki komandamızda olan futbolçularla danışıqlar gedir. Sonra həmin futbolçularla danışıqlara start veriləcək.

- Ötən mövsüm komandada olan futbolçulardan kimlərin qalacağı ilə bağlı yekun siyahınız hazırdımı?

- Qalmasını istədiyimiz futbolçular var və danışıqlar da gedir. Onlarda qalmaqda maraqlı olduqlarını bildiriblər. Düzdü, komandanın oyunların izləyirdik. Amma bir azarkeş kimi, futbol adamı kimi. Bu gün isə klubun içindəyik. İndi daha yaxından tanımağa başlamışam. Bunun üçün də bir qədər zaman lazım olduğunu düşünürəm.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti