Onu aldadan klub rəhbərini “ağ yuyub, qara sərdi”: “O, bir daha mənimlə üz-üzə gəlməyəcək”

20 May 2022 16:20 Müsahibə 2 225
Onu aldadan klub rəhbərini “ağ yuyub, qara sərdi”: “O, bir daha mənimlə üz-üzə gəlməyəcək”

“Turan Tovuz”un yeni baş məşqçisinin adına aydınlıq gəlib. Premyer Liqaya qayıdan komandanı Ayxan Abbasov çalışdıracaq.

Bu xəbərdən sonra ağıllara gələn isim Yunis Hüseynov oldu.

Həmin Hüseynov ki, Tovuz təmsilçisində işə başlayacağı deyilirdi. Hətta müsahibələrinin birində rəhbərliklə razılıq əldə olunduğunu, məşqçilik karyerasını “Turan Tovuz”da davam etdirəcəyini bildirmişdi.

Bəs, qəfil dəyişən nə oldu? Yunis bəyə kim sayğısızlıq etdi? Vakant qalmış posta 5 namizədin arasından niyə Ayxan Abbasovu seçdilər?

Bu və digər sualların cavabını Hüseynovla söhbətdə almağa çalışdıq.

- “Turan Tovuz”a baş məşqçi təyinatınız gecikdi, yekunda Ayxan Abbasov seçildi. Nə baş verdi?
- Bu, şou xarakterli bir iş oldu.

- Nə mənada?
- Klub rəhbərliyi baş məşqçi postuna namizədləri gözdən keçirəndə heç vaxt ad çəkmirlər. Dünyanın hər yerində belədir. Həmin vaxt bizim adımız çəkilməməliydi. Peşəkar klubun rəhbəri danışıq apardığı məşqçilərin adını çəkməklə səriştəsizliyə yol verdi. Mənə və həmkarlarıma qarşı hörmətsizlik etmiş oldu.

- Kim? Oqtay Abdullayev?
- Təbii ki. Fürsətdən istifadə edib Ayxan Abbasova yeni işində uğurlar arzulayıram. Həmçinin Tovuz futbolsevərlərini sevimli komandalarının Premyer Liqaya dönüşü münasibəti ilə təbrik edirəm. İnşallah, uğurlu nəticələrə sevinərlər. Bu məsələdə klub rəhbərliyi adımızı çəkməklə şou yaratmağa nail oldu.

- Oqtay Abdullayevlə danışığınız olmuşdu?
- Əlbəttə.

- Nədə razılığa gələ bilmədiniz?
- Danışmağına çox məşqçi ilə danışılmışdı. Məsələ bilirsiniz nədir? Jurnalist klubun direktoru Nadir Nəbiyevə sual vermişdi ki, bəs, Yunis müəllim “Turan Tovuz”da işləyəcəyi ilə bağlı açıqlama verib, sizin danışıqlar prosesindən xəbəriniz var? O da bundan xəbərsiz olduğunu demişdi. Klubun Müşahidə Şurasının sədri mənimlə danışır, amma idman direktorunun xəbəri yoxdur. Deməli, peşəkar klubda işlər yolunda getmir. Ya da rəhbər bir məşqçi ilə danışır, idman direktoru başqası ilə.

- “Turan Tovuz”u çalışdıracağınızla bağlı əminlik hardan idi sizdə?
- Jurnalist mənə səhər zəng vuranda demişdim ki, elə bir şey yoxdur. Çünki iş rəsmiləşməmiş mətbuata çıxmasını istəmirdim. Sonradan klubun rəhbəri namizədlərlə danışdığını deyib, adımızı çəkdi deyə, məcbur qalıb o açıqlamanı verdim. Müsahibədə bildirdim ki, bəli, “Turan Tovuz”la danışıq gedir. Sizi inandırım, siyahıda başqa adların olduğunu klub rəhbərinin açıqlamasından öyrəndim. Düzü, elə bilirdim namizədlər Əsgər Abdullayevlə mənəm.

- Niyə Ayxan Abbasova üstünlük verildi?
- Bu, mənə verilməli olan sual deyil axı. Mən gənc həmkarımıza “Turan Tovuz”da uğurlar arzulayamaq istəyirəm.

- Ayxan Abbasovun Yunis Hüseynovla Əsgər Abdullayevdən üstün cəhətləri nədir?
- Belə sualları yığışdıraq. Həmkarım haqda danışmağı xoşlamıram. Özümdən nə qədər istəyirsən danışaq. Yenə deyirəm, Ayxan Abbasova yeni iş yerində uğurlar arzulayıram.

- Oqtay Abdullayevlə danışmısız?
- Xeyr, o söhbətdən sonra danışmamışam.

- Sabah üz-üzə gəlsəniz, necə?
- Mənə elə gəlir ki, o, bir daha mənimlə üz-üzə gəlməyəcək.

- Onun işlədiyi yerlə sizin yaşadığınız ərazi yaxındır. Mütləq üz-üzə gələcəksiniz.
- Orası elədir. Amma çətin mənə yaxın gəlsin. Ya da mənim olduğum yerə.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"