Kapitandan ŞOK AÇIQLAMALAR: “Onlar bizi “oyatdı”, silkələdi ki, nə yatmısız...”

16 May 2022 20:00 Müsahibə 1 129
Kapitandan ŞOK AÇIQLAMALAR: “Onlar bizi “oyatdı”, silkələdi ki, nə yatmısız...”

Yayda ölkəmizi avrokuboklarda təmsil edəcək komandaların adına aydınlıq gəldi.

Premyer Liqanın 27-ci turunda “Sabah”ın “Sumqayıt”la bərabərə qalması (2:2), əvəzində “Qəbələ”nin səfərdə “Şamaxı”nı məğlub etməsi (1:0) Elmar Baxşıyevin yetirmələrinə avrokubok vəsiqəsini qazandırdı.

Mövsümboyu eniş-yoxuşlu yollar aşan, hər cür çətinliklərə sinə gərən, büdcəsinə görə boyundan yuxarı tullanan bölgə təmsilçisinin ilk “4-lük”də qərarlaşması çoxunun sevincinə səbəb oldu.

Lakin belə olmasını heç də hamı istəmirmiş. “Qəbələ”nin kapitanı Asif Məmmədovun Sportinfo.az-a müsahibəsini oxuyanda xəbəriniz olacaq ki...

- Avrokuboklara vəsiqə münasibəti ilə təbrik edir, yaydakı oyunlarda uğurlar arzulayıram.

- Təşəkkür edirəm. Diqqətinizə, dəstəyinizə və xoş arzularınıza görə minnətdaram! İnşallah, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

- Çempionatın sonuna 1 tur qalmış Konfrans Liqasına vəsiqə qazandınız. Bu cür tez olacağını gözləyirdiniz?

- Məsələ bizim gözləyib-gözləməməyimizlə asılı deyildi. Əsas odur ki, baş verdi. Oyunumuzu oynayıb, qələbə qazanmalıydıq ki, bunu bacardıq.

- Vəsiqənin sonuncu turda rəsmiləşməsini gözləməmək üçün “Sabah”dan asılıydınız... (sözümü kəsir)

- “Sabah”dan yox, özümüzdən asılıydıq. Bəlkə də onlar bizdən asılıydı.

- “Sabah” “Sumqayıt”ı udsaydı, “Qəbələ”nin “Şamaxı” ilə nəticəsindən asılı olmayaraq, söhbət 28-ci turda həll olunacaqdı.

- Hə də, sonuncu turda yenə hər şey özümüzdən asılı olacaqdı. Onu demək istəyirəm. Amma 27-ci tura görə deyirsinizsə, razıyam, “Sabah”ın heç-heçə oynaması işimizə yaradı. Yaxşı oldu ki, sona qalmadı. Bu yaxınlarda mətbuata açıqlamamda da bildirmişdim ki, sonuncu tura qalmasını istəmirik.

- “Sabah”ın “Sumqayıt”la görüşdə xal itirəcəyini gözləyirdiniz?

- Niyə gözləmirdim? “Sumqayıt” pis komanda deyil ki. Ola bilsin baş məşqçi dəyişikliyindən sonra işləri qaydasında getmirdi. Amma sonradan oyunlarında inkişaf hiss olunurdu. “Qarabağ”a uduzduqları matçı çıxsaq, inamlı görünürdülər. Açığı, “Sumqayıt”ın “Sabah”ı büdrədəcəyini təxmin edirdim.

- Yəqin ki, oyun günü ayaqlarınız Şamaxıda, qulaqlarınız Masazırda idi.

- Nə yalan deyim, eləydi. “Sabah” – “Sumqayıt” matçından aldığımız sevindirici xəbərlər bizi daha da sevindirir, qələbə qazanmağa məcbur edirdi. Bilirdik ki, qələbə qazanmaqla avrokuboklara vəsiqəni təmin edəcəyik.

- Oyununuz başa çatan kimi hamı bayram edirdi. Halbuki “Bank Respublika Arena”da son saniyələr oynanılırdı.

- Vallah, həmin dəqiqələr tam yadımda deyil. Bir onu bilirəm ki, əsas vaxta artırılmış dəqiqə oynanılırdı, “Sumqayıt” hesabda 2:0 öndə idi. Hesab 1:0 olsaydı, hardasa ehtiyatlanmaq olardı. Amma “Sabah”ın 3-4 dəqiqəyə 3 top vuracağını heç kim gözləmirdi. Oyun başa çatandan sonra eşitdik ki, son 3 dəqiqədə 2 top vurublar. Əminliyimiz hesabın 2:0 olmasına görəydi.

- Etiraf edək ki, qış fasiləsindən sonrakı nəticələrə görə böyük əksəriyyətin “Qəbələ”nin avrokuboklara vəsiqə qazanacağına inamı itmişdi. Həmin an siz futbolçular nə düşünürdünüz?

- Bir şeyi bilirdim ki, sona qədər döyüşməli, çiyinlərimizi yerə qoymamalıyıq. Çünki bu komanda ilə uzun müddət 2-ci pillədə yer almışdıq. Deməli potensial var, sadəcə çətin günləri adlamaq lazım gəlirdi. O dönəmdə sıravi azarkeşlərin ümidsizliyini, bədbin fikrə düşməsini hardasa başa düşürdüm. Amma bəzi klub rəsmiləri var idi ki, oturub bizim xal itirəcəyimiz, özlərinin xal qazana biləcəyi oyunları gözləyirdi, riyazi hesablamalar aparırdı. Hətta proqnoz verənlər də var idi.

- Bunlar mətbuatda, aşkarda, yoxsa bağlı qapılar arxasında yaşanırdı?

- Vallah, mətbuatda da görmüşdüm, kənardan da eşidirdim. Hətta sosial şəbəkələrdəki paylaşımların altına şərh yazan klub rəsmiləri də var idi. “Neftçi”ylə oyundakı penalti epizoduna reaksiya verilmişdi. Bəzi klub nümayəndələri sonuncu turdakı oyuna gərək duymadan özlərini Avropada görürdü.

- Kim idi onlar?

- Ad çəkmək istəmirəm, özləri yaxşı bilir. Bunları deməklə kiməsə atmaca atmaq yox, əksinə “çox sağ ol” demək istəyirəm. Bəlkə də “yuxuya düşmüşdük”, onlar bizi “oyatdılar”. Silkələdilər ki, “nə yatmısız, biz gəlirik”. Fikrimcə, həmin vaxt bizim yox, öz oyunlarına diqqət ayırsaydılar daha yaxşı olardı. Elə bil çayları, çörəkləri biz idik, düşmüşdülər arxamıza. “Qəbələ” ilə mübarizə aparmaq istəkləri anlaşılandır, məni təəccübləndirən bunu açıq şəkildə biruzə verməkləri idi.

- “Sabah”la sonuncu turdakı oyunu formal hesab etmək olar, yoxsa 3-cülük iddianız qalır?

- Qarşımıza qoyulan hədəf avrokuboklara vəsiqə idi ki, onu da əldə etdik. Ola bilsin bundan sonra komandada bir az rahatlıq olsun. Rəqib də Qəbələyə nisbətən məyus gələcək. Buna baxmayaraq, 3-cülük şansımız qalır. “Zirə” “Şamaxı” ilə matçda büdrəsə, biz də qalib gəlsək, bürünc medallara sahib ola bilərik. İstənilən halda oyuna ciddi hazırlaşıb, qələbə qazanmağa çalışacağıq. “Bürünc” olsa nə gözəl, olmasa da problem yoxdur, irəli baxacağıq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?