
“Kəpəz”in növbəti mövsümdə Premyer Liqada iştirakı dəqiqləşsə də, bir qucaq suallar hələ də cavabsız qalmaqdadır.
Kluba hansı şirkətin sponsorluq edəcəyi, komandanın baş məşqçisinin kimliyi, “Kəpəz”ə ayrılacaq büdcə, komandanın hansı heyətlə oynayacağı və sair.
Hazırda klubda bu və digər sualların dəqiq cavabını tapmaq üçün uyğun şəxs tapa bilmədiyimizdən, faktiki baş məşqçi Yaşar Vahabzadə ilə danışmağı lazım bildik.
- “Kəpəz”in növbəti mövsümdə Premyer Liqada iştirakı ilə bağlı sizi və gəncəli azarkeşləri təbrik edirəm.
- Təşəkkür edirəm! İnşallah, Allahdan xeyirlisi. Azərbaycan futboluna neçə-neçə futbolçular bəxş etmiş “Kəpəz”in, futbolun sevildiyi Gəncənin yenidən elitada olması təbii ki, xoş haldır.
- Məlum qərardan sonra sizinlə bağlı vəziyyət necədir? Premyer Liqada komandaya siz rəhbərlik edəcəksiniz?
- Vallah, hələ dəqiq bir söz deyilməyib. Qarşıda 2 oyunumuz var. Həmin oyunları başa vuraq, görək nə olur.
- Ümumi vəziyyətdən nə hiss edirsiniz?
- Bu dəqiqə rəsmi heç nə yoxdur. Konkret kimsə mənə zəng vurub deməyib ki, növbəti mövsüm üçün komanda yığ. Birinci Diviziondakı çıxışımızı başa vuraq, yəqin ki, bu barədə söhbətimiz olacaq.
- Növbəti mövsümlə bağlı büdcə söhbətindən də xəbəriniz yoxdur?
- Rəhbərlik Bakıdadır, hələ ki, görüşümüz olmayıb. Mən də saytlardan oxuyuram ki, elə olacaq, belə olacaq. Rəhbərliklə üzbəüz oturub söhbət etməsəm, dəqiq nəsə deyə bilmərəm. Axı. Desələr, qalırsan, işləyirsən, ondan sonra büdcə və heyətlə bağlı nəsə soruşa bilərəm.
- Bir neçə gün əvvəl mətbuata açıqlamanızda əsasən gənclərə güvənəcəyinizi, komandada az sayda legionerin olacağını demişdiniz. Rəhbərliklə söhbətiniz olmayıbsa, klubun gələcək siyasəti ilə bağlı xəbər hardandır sizdə?
- (gülür) Nəsə eşitmişəm ki, demişəm. Amma rəsmi heç nə yoxdur hələ. Jurnalist soruşdu ki, legioner olacaq? Dedim, büdcədən asılıdır, ola bilər ki, olsun, amma çox sayda olacağına inanmıram.
- Bəlkə çox oldu?
- Təxmini büdcə haqda eşitmişəm. Həmin rəqəmə əsasən az sayda əcnəbinin olmasının mümkünlüyünü düşünürəm.
- İndiki “Kəpəz”lə Premyer Liqada oynamaq olar?
- Yox-yox, mümkün deyil. Bu gün yaxşı komandamız var. Amma mütləq güclənməlidir.
- Heyətin neçə faizini saxlamaqla oynamaq olar?
- Ad çəkmək, faizlə danışmaq istəmirəm. Heyətdə çox sayda gənc futbolçu var. Onların bəziləri yeni yaranacaq ikinci komandaya kömək edə bilər. Nisbətən təcrübəlilərdən bir neçəsini saxlamaq olar. Yenə deyirəm, büdcədən və hədəfdən asılıdır. Amma Premyer Liqada rəqiblərə boy verəcək komanda görmək istəyiriksə, təcrübəli futbolçulara ehtiyac var.
- Təcrübəli futbolçulardan indidən “qapınızı döyənlər” var?
- Hələ elə bir şey yoxdur. Çempionat davam edir, təcrübəli oyunçuların komandaları ilə müqaviləsi var. Yəqin ki, onlar hazırda yer aldıqları komandalardan cavab gözləyir, gələcəkdə işlərin necə olacağını diqqətdə saxlayırlar. Yox, hələ heç kim mənə müraciət etməyib. Çempionat qurtarsın, görək kimin transfer vərəqəsi əlindədir, kim “Kəpəz”də oynamağı arzulayır.
- Sizin üçün Premyer Liqada baş məşqçi işləmək ilk olacaq. Özünüzü “Neftçi”, “Qarabağ”, “Sabah” kimi rəqiblərin qarşısına komanda çıxartmağa psixoloji baxımdan hazır sayırsınızmı?
- Uzun illər yığmalarda məşqçi və baş məşqçi kimi çalışsam da, Premyer Liqada, bəli, rəhbərlik məsləhət görsə ilk olacaq. Kifayət qədər məşqçilik təcrübəm var və bunun mənə kömək edəcəyini düşünürəm. Premyer Liqada baş məşqçi işləmək hər məşqçinin hədəfi, istəyidir. Əlimə bu cür şans düşəcəksə, təcrübəmin hesabına bundan maksimum yararlanmağa çalışacağam. Necə olacağını zaman göstərəcək. Amma mən Premyer Liqada işləməkdən qorxmuram.
HƏBİB / SPORTİNFO.AZ