“Elxan Məmmədovun qarşısına...” – “Sağ olsunlar” dedi, narazılıq etdi, arzusunu dedi

5 May 2022 16:00 Müsahibə 1 537
“Elxan Məmmədovun qarşısına...” – “Sağ olsunlar” dedi, narazılıq etdi, arzusunu dedi

Mingəçevir futbolunun üzdə olan isimlərinin başında Ramiz Məmmədov dayanır.

Vaxtilə futbolçu kimi “Kür-Nur”da oynayan, sonradan karyerasını ölkənin “Neftçi”, “Kəpəz”, “Qarabağ” kimi aparıcı komandalarında davam etdirərək Azərbaycan millisinə dəvət alan ötənlərin ucaboy müdafiəçisi şəhərdə kifayət qədər nüfuz sahibi olmağı bacardı.

Məşqçilik karyerası əsasən “Qəbələ” ilə bağlı olan mütəxəssis bölgədə iddialı komanda formalaşdırmağı bacarmışdı. Sonradan Qazaxıstanda “Atırau”ya rəhbərlik etdi, qısa müddətdə İranda çalışdı, “Keşlə”nin baş məşqçisi oldu.

AFFA İcraiyyə Komitəsinin “Mingəçevir”in növbəti mövsümdə Birinci Divizionda çıxış edəcəyi ilə bağlı qərarından sonra Ramiz Məmmədovla söhbətləşmək yerinə düşdü.

53 yaşlı mütəxəssislə söhbətdə bir sıra məqamlara aydınlıq gətirməyə çalışdıq.

- “Mingəçevir”in böyük futbola qayıtması ilə bağlı xəbəri necə qarşıladınız?

- Təbii ki, çox sevindim. Mingəşevir futbol ənənələri olan şəhərdir, futbolun şəhərə qayıtması sevindirici haldır. Bu işdə əziyyəti olan hər kəsə şəxsim adından təşəkkür edirəm. Bildiyimə görə, komanda AFFA-dan, yəni SOCAR-dan maliyyələşəcək. Əsas təşəkkür bu qurumların rəhbərlərinə, orada çalışan yoldaşlara düşür. Mingəçevir turist və sənaye şəhəridir. Mingəçevirə böyük futbol yaraşır. Bilirsiniz ən çox nəyə sevinirəm?

- Nəyə?

- Mingəçevirli azarkeşlərin üzünün gülməsinə. Ümumiyyətlə, bölgələrlə bağlı verilən qərarlar xoşagələn haldır. “Mingəçevir”, “İmişli” və “Araz Naxçıvan” kimi komandaları yenidən Birinci Divizionda görəcəyik, eşitdiyimə görə, “Kəpəz”lə “Turan Tovuz” növbəti mövsümdə Premyer Liqada iştirak edəcək. Möhtəşəm xəbərdir. Gəncəli və tovuzlu futbolsevərlərin çılğınlığı hamıya məlumdur, bu haqda uzun-uzadı danışmaq istəmirəm. Son illər lənkəranlı fanatların futbol sevgisini gördük. “Qəbələ”nin yaranmasından və inkişaf etməsindən sonra burada da azarkeşlərin komanda üçün necə can yandırdığının şahidi olduq. İndi azarkeşlərin miqyası mingəçevirli fanatların sayəsində bir az da genişlənəcək. Və onların “Mingəçevir”i necə sevdiyini birlikdə görəcəyik.

- “Energetik”in rəhbəri Ruslan Həmidov saytımıza açıqlamasında “Mingəçevir”in əsas hədəfinin yaxın 1-2 ildə Premyer Liqada iştirak, 3-4 ildən sonra avrokuboklara vəsiqə olduğunu bildirib. Buna inanırsınızmı?

- Mingəçevirin yetişdirdiyi futbolçuların adını bir-bir saymaq istəmirəm. Daha doğrusu, saymaqla qurtarmayacaq. Əminliklə deyirəm ki, Mingəçevir futbol şəhəridir. Komandaya stimul versələr, “Mingəçevir” 1-2 ildən sonra yox, elə növbəti mövsümdə Premyer Liqaya vəsiqə qazana bilər. Sadəcə, bəzi işlər düzgün aparılmayıb, şəhərdə futbola cavabdehlik daşıyan insanlar müəyyən boşluqlara yol verib.

- Nə mənada?

- Bu gün ölkə futbolundakı əsas söz sahiblərindən biri – Elxan Məmmədov Mingəçevirə gəlir, amma AFFA-nın vitse-prezidenti ilə görüşdə şəhərin veteranları iştirak etmir. Elxan Məmmədov kimi şəxslə görüşdə şəhərin futbolunun inkişafı yolunda zəhmət çəkmiş insanlar iştirak etməlidir. Çox istərdim ki, ölkə futbolunun rəhbər şəxsləri ilə görüşlərdə veteranlar yada düşsün, onlara yer verilsin. Təəssüf ki, bu məsələdə böyük səhvə yol verildi. Burada söhbət Ramiz Məmmədovdan getmir.

- Kimdən gedir?

- Mingəçevirin futbol ənənələri var. Şəhərdən bizdən öncə futbolçular çıxıb, adları dillər əzbəri olub. Elxan Məmmədov kimi futboldakı əsas söz sahibi olan şəxsin qarşısına futbol veteranları çıxmalıdır. Bu gün futbol oynayan gənclər də həmin veteranları görüb-tanımalı, bilmədiklərini öyrənməlidir. Bu məsələyə mütləq diqqət yetirmək vacibdir.

- “Mingəçevir”də işləyərsiniz?

- Bu gün “Mingəçevir”də işləməyi haqq edən qardaşlarımızın sayı kifayət qədərdir. Çox istərdim ki, komandada onlara yer tapılsın. Özümə gəlincə, Ramiz Məmmədov olaraq komandamıza maddi və mənəvi kömək etməyə hazıram. Ruslan Həmidov “Energetik”in yaşaması üçün qəpik-qəpik qazandığı pulları komandanın yaşaması üçün xərcləyib. Şəhərin iş adamları imkanları çatan səviyyədə kömək əllərini uzadıblar. Hər biri sağ olsun!

- “Çox istərdim ki, komandada onlara yer tapılsın” dediniz. Bəs, sizə harada iş tapılacaq?

- Futbola rəhbərlik edən şəxlər sağ olsun, məsləhət bilərlər, işləyərik, məsləhət bilməzlər, zamanımızı gözləyərik. Çoxları məni səbrsiz insan kimi tanıyır. Amma mən səbr etməyi bacaran biriyəm.

- İndi nə işlə məşğulsunuz?

- Kiçik bizneslə məşğulam. Həyatımdan və bu günümdən razıyam. Yaxşı dost-qardaşların yanında iş qurub ailəmizə çörəkpulu qazana bilirik. Allahımdan hər şeyə görə razıyam. Yekunda Azərbaycanda da Gürcüstanda olduğu kimi, 4 liqanın mövcud olmasını arzulayıram. Premyer Liqa var, Birinci Divizion var, yaxşı olardı ki, əlavə daha bir liqa yaradılsın və bütün bölgələrdə futbol olsun. İnanın, bu, futbolumuzun inkişafına böyük təkan ola bilər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti