"Sabah"ın sabahı barədə: "Bizə çox şey qazandırdı"

29 Aprel 2022 19:40 Müsahibə 1 940
"Sabah"ın sabahı barədə: "Bizə çox şey qazandırdı"

Azyaşlı futbolçuların inkişafı, dünyagörüşü və psixoloji ruhunun yüksək olması üçün ölkə xaricindəki turnirlərdə iştirakı əhəmiyyətli addımdır. "Sabah" Futbol Akademiyası da bu məqamları nəzərə alaraq zaman-zaman aşağı yaş qruplarının komandalarını ölkə xaricindəki turnirlərə göndərməyə çalışır.

Sonuncu belə səfər bir müddət əvvəl gerçəkləşdi. Belə ki, akademiyanın U-10 komandası Gürcüstanın Tbilisi şəhərində keçirilən "Tbilisi Cup" turnirində iştirak etdi.

Komanda bütün görüşlərdə qələbə qazanaraq turnirin qalibi olmağı bacardı.

Komandanın baş məşqçisi Məhhərrəm Müslümzadə Sportinfo.az-a müsahihəsində səfər, turnir, turnirin uşaqlara faydası və digər məsələlər barədə ətraflı məlumat verib.

- Məhərrəm müəllim, öncə qonşu ölkədəki qələbə münasibəti ilə sizi və komandanızı təbrik edirəm.

- Çox sağ olun. Diqqət göstərdiyiniz üçün minnətdaram.

- Turnir barədə nə deyə bilərsiniz?

- Aprelin 5-indən 11-nə qədər Gürcüstanın Tblisi şəhərində turnirdə iştirak etdik. "Saburtalo" Futbol Akademiyasının dəvəti ilə ora getmişdik. 6 komandanın iştirak etdiyi turnir dairəvi sistemlə keçirildi. Qazaxıstanın "Spartak" ölkəmizdən isə "Vətən" və "Sabah" komandaları qonaq idi. Digər rəqiblər yerli klublardı. Çox maraqlı və gərgin mübarizə şəraitdən keçən turnirimiz oldu. Təmsil olunduğum "Sabah" komandası bütün görüşlərdə qalib gələrək turniri birinci yerdə başa vurdu.

- Qalibi olduğunuz turnir baş məşqçisi olduğunuz komandaya nə kimi fayda vermiş oldu?

- Ümumiyyətlə, ölkə xaricində turnirlərə qatılmaq gözəl addımdır. Bu yaşda uşaqların inkişafına iki qat təkan vermiş olur. Müsbət təsirləri çox olan belə turnirlərin tez-tez olmasını çox istərdim. Uşaqlara psixoloji, mental və dünyagörüşü baxımından çox böyük faydaları olur. "Sabah" və "Vətən" Futbol Akademiyaları da belə işlərə böyük önəm verir. Bütün yaş qruplarını ölkə xaricindəki turnirlərə göndərən rəhbərlik sağ olsun. Futbolun inkişafı üçün belə səfərlər gözəl ənənədir.

- Turnirdən əlavə komandanız "Dinamo" (Tbilisi) akademiyasının uşaqları ilə yoxlama görüşü də keçirib. Bəs bu necə reallaşdı?

- Tunir əsnasında akademiyamızın koordinatoru Təbriz Həsənov "Dinamo" (Tbilisi) akademiyasının koordinatoru ilə görüşdə oldu. Tərəflər arasında fikir mübadiləsi aparıldı və hər iki akademiya təmsilçiləri arasında yoxlama matçının keçirilməsi barədə razılıq oldu.

- "Dinamo" akademiyasında diqqətinizi çəkən və xüsusi qeyd edə biləcəyiniz hansısa məqam oldumu?

- Maraqlı məqam o idi ki, "Dinamo" akademiyasında bütün yaş qrupları ölkə çempionatından özündən bir yaş böyüklərin çempionatından çıxış edirlər. Bundan başqa orda U-10 komandalarının çempionatı 8+1 oyunçu sayı ilə keçirilir. Bizdə isə 6+1 sistemi tətbiq olunur. Amma bizim üçün də bir yaxşı təcrübə olacağını düşünüb meydan sahiblərinin öyrəşdiyi 8+1 sistemində oyuna çıxdıq.

- İlk dəfə fərqli formatda və fərqli rəqibə qarşı oynamaq çətin olmadı?

- Baxmayaraq ki, davamlı bu formatda oynayan rəqib üçün daha rahat idi. Amma bizim uşaqlar da yeniliyə rəğmən yaxşı çıxış sərgilədilər və sonda 5:1 qələbə qazandıq. Ümumiyyətlə, Tbilisi turniri bizə çox şey qazandırdı. Bunun bəhrəsini gələcəkdə görəcəyimizə çox inanıram. İnanıram ki, belə səfərlər axırıncı yox, axarıncı olacaq. Çünki rəhbərliyimiz bu məqama daim diqqət ayırır.

- Sizin diqqətinizi yeni format və komandaların 1 yaş böyüklərin liqasında oynamaq çəkdiyini dediniz. Bəs uşaqların diqqətini nə çəkdi?

- Uşaqlarımızı daha çox akademiyanın şəraiti yaxşı mənada təəccübləndirdi. Uşaqlar üçün olan yataqxana, yeməkxana, məşq zalları, istirahət otaqları öz şəraiti ilə göz oxşayırdı.

- Qarşı tərəfin yetirmələrinizdən "göz qoyduğu" kimlərsə oldumu?

- "Dinamo" rəsmilərinin bizdə fərqləndirdiyi oyunçular çox oldu. Nazim Əliyev, Ayxan Əliyev, Yusif Ağayev və Fərid Həsənlinin adlarını çəkə bilərəm. Nazim Əliyev hətta turnirdə ən yaxşı oyunçu adını qazandı.

- Qarşıdakı müddət belə turnirlərin olması gözlənilirmi?

- Gələcəkdə əlbəttə, belə turnirlər olacaq. Nəinki Gürcüstan, hətta digər ölkələrdə də belə turnirlərin olması nəzərdə tutulub. Mayda Batumidə növbəti turnir planlaşdırılır. Amma bizim getməyimiz alınmaya bilər.

- Niyə?

- Çünki bizdə həmin ərəfədə pley-off mərhələləri start götürəcək. Çətin ki, getməyimiz alınsın, amma mümkün variantları yoxlayacağıq. Akademiya olaraq belə turnirlərdə iştirak etməkdə maraqlıyıq.

- "Dinamo" rəsmilərinin bir çox yetirmələrinizi bəyəndiyini bildirdiniz. Sizcə, adı çəkilən tələbələriniz "Dinamo" akademiyasında rahatlıqla çıxış edə bilərmi?

- Əlbəttə, oynaya biləcək gücdədilər. Çox istedadlı uşaqlarımız var. Hətta "Dinamo" akademiyasından daha yüksək səviyyəli akademiyada oynamağa layiq uşaqlarımız var.

- Bu yöndə işlər gedir? Məsələn, qarşıdakı dönəm hansısa yetirmənizi daha tanınmış akademiyalarda görə bilərik?

- Mən də bir baş məşqçi kimi yetirmələrimizin gənc yaşlarında Avropa ölkələrinə uz tutmasında maraqlıyam. Belə nümunəmiz də var. Belə ki, ötən ilin yayı bir tələbəm "Altınordu" Futbol Akademiyasına qəbul oldu. Hazırda da ordada çıxış edir. Bir şeyi də vurğulayım ki, "Sabah" futbol Akademiyasının "Dinamo" (Zaqreb) akademiyası ilə də müqaviləsi var. Mütəmadi olaraq bəzi futbolçularımız Xorvatiya təmsilçisində təcrübə keçirlər. İnşallah, belə nümunələrin sayı daha da çox olar. Bu istiqamətdə işlərimiz davam etdirilir.

Xanoğlan İmanov
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”