“Səbəbkarın kimliyini üzə çıxarmaq mənim işim deyil”

28 Aprel 2022 20:40 Müsahibə 1 083
“Səbəbkarın kimliyini üzə çıxarmaq mənim işim deyil”

Ötən mövsüm ölkə kubokunu qazanmış “Şamaxı”nın builki işləri qaydasında getmədi.

Yayda avrokuboklarla erkən vidalaşan “qırmızılar” mövsümə də uğursuz başladı.

Öncə ölkə kubokunda mübarizəni dayandırdılar, qış fasiləsindən sonra yenilgilər sıralandı.

“Qarabağ” 0:8 hesablı acı yenilgidən sonra baş məşqçi Sənan Qurbanov postu ilə vidalaşdı. İndi onu müvəqqəti Rüstəm Əliyev əvəzləyir. Lakin yeni məşqçinin debütü də uğurlu alınmadı ki, komanda “Sabah”a uduzdu – 1:5.

“Şamaxı”nın hazırkı durumu, daxildə yaşananlar, mövcud problemlərlə bağlı kollektivin stajlı üzvlərindən olan Kamal Bayramovla danışmağı qərara aldıq.

- Komandada ümumi ab-hava necədir?

- Düzü, “Sabah”la oyundan sonra komandaya 2 günlük fasilə verilmişdi deyə, hələ yığışmamışıq. Bu gün yığışacağıq (söhbət aprelin 27-də olub - H.). Amma ümumi vəziyyətdən danışırsınızsa, 3 oyunda qapısından 15 top buraxmış komandada ab-hava yaxşı ola bilməz. Ardıcıl məğlubiyyətlər hər birimizi üzür. Toparlanıb, çıxış yolu tapmalıyıq, başqa yolumuz yoxdur.

- “Şamaxı”nın heyəti zəifdir?

- Heyət baxımından həqiqətən kasadıq. Hansısa oyunda 1 futbolçunun olmaması oyunumuza açıq-aşkar təsir edir. Komandada istedadlı və xoş gələcək vəd edə gənclər var. Gördüyünüz kimi, məşqçilər onlara çox güvənir. Amma bu gün lazım olan təcrübələri yoxdur. Adama ən çox təsir edən bilirsiniz nədir?

- Nə?

- Yaxşı, rəqibdən üstün oynadığımız matçlarda məğlub olmağımız. Elə vaxt olub ki, rəqibdən aşkar üstün görünmüşük, amma meydanı məğlub tərk etmişik. Bu cür hal futbolçulara psixoloji cəhətdən çox pis təsir edir. Ardıcıl 2-3 oyunda uduzandan sonra vəziyyəti yaxşıya doğru dəyişmək çətinləşir. Hansısa dönəmdə komandada inamsızlıq yaranmışdı. O inamsızlığı məşqçi və futbolçu heyəti olaraq vaxtında aradan qaldıra bilmədik. Şəxsən bu halla üzləşmək futbolçu kimi mənə xoş deyil. Son illər oynadığım komandalar avrokuboklar uğrunda mübarizə aparıb, mükafatçı yerlərə iddia etmişik. Amma indi baxıram ki, 1 ilim boşuna getdi. Bir çox futbolçular mənim kimi düşünür.

- “Şamaxı”nın kasad heyətindən gileylənirsən? Bəs, “Qəbələ” nə etsin?

- “Qəbələ”nin heyətinin “Şamaxı”nınkından kasad olduğunu düşünmürəm. Hətta bizdən aşağı pillələrdə qərarlaşan “Sumqayıt”la “Səbail”in heyəti də bizimkindən genişdir. Söhbət ümumi heyətdən getmir. Demək istədiyim hazırda baş məşqçinin sərəncamında neçə futbolçunun olmasıdır. Mövsümboyu zədəli futbolçuların çoxluğundan əziyyət çəkdik. Felipe Santos komandanın “açar” futbolçusudur. Görün, neçə vaxtdır komandaya kömək edə bilmir. Ondan öncə Aldair Neto da zədələnmişdi, Natan Oduva bəzi matçlarda kömək edə bilmədi. Rəhman Hacıyev “Sabah”a qarşı oynaya bilmədi. Vəziyyət elədir ki, 1-2 futbolçunun yoxluğu oyunumuza təsir edir.

- Uğursuzluğun səbəbkarı Sənan Qurbanov idi?

- Komandanı yığan, seleksiya işlərini aparan, oyunlara hazırlayan onlardır. Məşqçilər uğursuzluğun səbəbini daha yaxşı bilər. Mən futbolçuyam, işim futbol oynamaqdır, verilən tapşırıqları yerinə yetirməkdir. Səbəbkarın kimliyini üzə çıxarmaq işim deyil.

- Cari mövsümdə çempionatda cəmi 4, ölkə kubokunda 2 oyunun iştirakçısı olmusan. Stanislav Namaşkonun ehtiyatında qalmaq pis təsir etmir?

- Əsas heyətdə kimin yer alması ilə bağlı qərarı məşqçilər verir. Öz adımdan onu deyə bilərəm ki, bu il idmançı forması və psixoloji durum baxımından özümü çox yaxşı və hazır hiss edirəm. Ötən mövsüm zədədən yeni qayıtmışdım, fiziki baxımdan müəyyən əskikliklər var idi. Bu il hər şey qaydasındadır. Hər zaman oynamaq, əsas heyətdə yer almaq üçün mübarizə aparmışam. Və bunu heç vaxt sözlə yox, hərəkətimlə sübut etməyə çalışmışam. Son söz məşqçilərindir, onların qərarının qarşılığında söz demək olmur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!