XOŞ HADİSƏ: "İnanırıq ki, İmişliyə böyük futbol qayıdacaq" - MÜSAHİBƏ

23 Aprel 2022 20:40 Müsahibə 2 422
XOŞ HADİSƏ: "İnanırıq ki, İmişliyə böyük futbol qayıdacaq" - MÜSAHİBƏ

Ölkənin futbol həyatında özünəməxsus yeri olan rayonlardan biri də İmişlidir.

Bu aran rayonu hələ SSRİ dönəmində respublikanın idman sferasına qatqı verib.

«Meliarator» klubu daxili yarışlarda iştirak edib. Daha sonra bu ənənəni «Lokomotiv» davam etdirib.

«Dəmiryolçular» iki mövsüm birinci dəstədə mübarizə aparıb və güclülər dəstəsinə vəsiqə qazanıb. 2002-2003-cü illərdə burada yarışan komanda maliyyə problemləri səbəbindən çıxışını erkən başa vurub.

1 il sonra onun yerini «MKT-Araz» tutub. Cəmi 4 il yaşayan «pambıqçılar» iki dəfə avrokuboklara yüksəlib, İntertoto və UEFA Kubokunda qüvvəsini sınayıb.

Təəssüf ki, maddi sıxıntılar bu klubun da başının üstünü tez alıb, nəticədə yenidən bərpa olunmuş infrastruktur diqqətdən kənarda qalıb. Premyer Liqanı I Diviziona dəyişən «MKT-Araz» artıq neçə ildir ki, fəaliyyətini tamamilə dayandırıb.

Hazırda İmişli Region Liqasında təmsil olunur. Bugünlərdə yaradılan "Zəfər yolu" Futbol Klubu isə qayğı istəyir.

Milli Məclisin deputatı Razi Nurullayev "Zəfər yolu"na baş çəkib və bundan sonra İmişlidə böyük futbolun olması üçün əlindən gələni edəcəyinə söz verib.

Adıçəkilən klubun baş məşqçisi, vaxtilə millinin də formasını geyinmiş Ruhid Usubovla əlaqə saxlayıb, həm görüşün təfərruatı, həm də gələcək planlar barədə söhbətləşdik.

- Milli Məclisin deputatı Razi Nurullayevin sizinlə görüşü necə reallaşdı? Təklif qarşı tərəfdən oldu, yoxsa siz dəvət göndərmişdiniz?

- Razi bəy deputatlığa namizədliyini verdiyi müddətdən hər zaman idmançılar olaraq onu dəstəkləmişik. İndi də sevinirik ki, seçimimizi düz etmişik. "Zəfər yolu" idman klubunu yaratdığımız vaxtdan bizimlə maraqlanır daim diqqətdə saxlayırdı. Son zamanlarda İmişli futbolunda durğunluğun olması bizim kimi Razi bəyin də narahatlığına səbəb olmuşdur. Bu səbəbdən İmişlidə futbolun həm uşaqlar, həm də böyüklər arasında inkişafı üçün bizə dəstək verəcəyini bildirərək bizimlə görüş keçirdi.

- Bu görüş qarşıdakı illər böyük futbolun İmişliyə qayıtmasına ümid verirmi?

- İmişli futbol ənənəsi olan rayonlardandır. Məqsədimiz həm burada, həm də digər yaxın rayonlarda futbolu gənclərimizə sevdirmək və əsas milli komandalarımıza futbolçu yetişdirib verməkdir. Bəzi regionlar var ki, futbola olan maraq hər zaman orda yüksək olub. İmişli də belə rayonlar arasındadır. İnanırıq ki, Razi bəyin bizə olan dəstəyindən sonra İmişli böyük futbola yeni nəfəslə yeni hədəflərlə qayıdacaq

- Görüşdə əsas nədən danışdınız, hansı problemləri qabartdınız?

- "Zəfər yolu" İdman klubunun rəhbərliyi və məşqçiləri ilə birlikdə masa arxasında Razi bəylə söhbətimiz oldu. Planlarımız haqqında ətraflı məlumatlar verdik. Məqsədimiz tək İmişlidə deyil, həm də mərkəzi Aran zonasında (Sabirabad, Saatlı, Beyləqan, Füzuli və digər yaxın rayonlarda) istedadlı futbolçuları komandamıza cəlb etmək və onları peşəkar futbolçu olaraq yetişdirməkdir. Bunun üçün uşaq futboluna daha çox diqqət ayrılmalıdır. Bununla yanaşı bizim birinci dəstədə komandamız olmalıdır ki, gənc futbolçular əsas komandaya düşmək üçün daha həvəslə çalışsınlar.

- Təklif və planlarınıza necə reaksiya verildi?

- Razi bəy planlarımızı bəyənərək lazımı qurumlarla əlaqələndirəcəyini və şəxsən özü bu məsələni diqqətdə saxlayacağıni bildirdi.

- Uşaqlar üçün yəqin ki, belə görüş xoş təəssurat yaratmış oldu. Bunun həm də onlara əlavə motivasiya olduğunu düşünmək olarmı?

- Əlbəttə, hər zaman televiziyada gördükləri tanınmış bir insanın onlarla maraqlanması səmimi və motivasiya xarakterli söhbətlər etməsi çox müsbət təsir bağışladı. Razi bəyin futbola olan marağı, uşaqları futbol barəsində sorğu sual etməsi, qapıçımıza 11 metrlik cərimə zərbəsi vurması və xatirə şəkili çəkdirməyi inanıram ki, uşaqların yaddaşında uzun müddət xoş xatirə olaraq qalacaqdır.

- Bundan sonra belə görüşlərin keçirilməsi ənənə halını ala bilərmi?

- Məqsədimiz İmişlidə və yaxın rayonlarda futbolun kütləviliyinə nail olmaq, uşaq futboluna daha çox diqqət ayıraraq gəncləri sağlam və vətənpərvər ruhda böyütməkdir. Razi bəy komandamıza dəstək olacağını və istənilən zaman görüşüb planlarımız barədə müzakirə edə biləcəyimizi bildirdi.

Xanoğlan İmanov
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!