Premyer Liqa klubları son illlər tam olaraq yerli futbolçu qıtlığı yaşamadığı üçün "Qəbələ" Futbol Akademiyasına minnətdar olmalıdır. Aşağı-yuxarı 8 klubda da bölgə klubunun bir çox istedadları çıxış edib və ya indi də edir.
Amma hər istedad da parlamır axı. O qədər böyük gələcək vəd edən, amma sonradan yaşadığı hansısa səbəblərdən uğursuzluq yaşayanları, kölgədə qalanları olur.
Belələrindən biri də Süleyman Süleymanovdur. Birvaxtlar istedadı ilə Roman Qriqorçukun da diqqətini çəkən və cəmi 17 yaşında əsas komandaya dəvət alan qokiper bu gün "Şamaxı-2"nin uğurları üçün tər axıdır.
23 yaşlı "çərçivə qoruyucusu" Sportinfo.az-a müsahibəsində hələ də parlamayan karyerasından söz açıb və gələcək planlarından danışıb.
- Süleyman, necəsən, işlərin necə gedir?
- Şükür bu günümüzə. Hazırda "Keşlə"nin üzvüyəm. İki ildi bu komandanın futbolçusuyam. Şükür, hər şey qaydasında gedir.
- Amma əvəzedici komandada belə əsas qapıçı sayılmırsan...
- Hazırda əsas qapıçımız U-21 millisinin əsas qolkiperi Əkbər Vəliyevdir. Onunla mübarizə aparmaq çətindir. Amma belə rəqabətin olmasına sevinirəm. Aramızda yaxşı münasibətlər var. Kənarda qardaşıq, amma məşqlərdə ciddi rəqabətimiz var. Bilinir ki, o, milli komandanın qapıçısıdır.
- Birvaxtlar "Qəbələ" Akademiyasında ən istedadlı uşaqlardan sayılırdın. Amma indi "Şamaxı-2"dəsən. Yəqin ki, gedişatdan özün də narazısan.
- Karyeram yaxşı start götürmüşdü. "Qəbələ" Futbol Akademiyasındakı 8 illik zəhmətin sonunda əsas komandaya yüksələ bilmişdim. Komandanın o vaxtkı çalışdırıcısı Roman Qriqorçuk məni bəyənib, əsas komandaya dəvət etmişdi. Cəmi 17 yaşım vardı. Hər şey yaxşı gedirdi. İki il "A" komandada oldum. Avrokubok matçlarında belə ilk 23-lükdə yer alırdım.
- Bəs sonra nə baş verdi?
- Bir müddət sonra oynamalı olduğumu düşündüm. Buna görə də "Sumqayıt"dan aldığım təklifi dəyərləndirib, 3 ilik müqavilə bağladım.
- Amma orda da özünü göstərə bilmədin. Bu dəfə nə mane oldu?
- Düzdü, Sumqayıt təmsilçisində işlərim yaxşı getmədi. Bir müddət zədədən əziyyət çəkdim. Həmin dönəm baş məşqçi Samir Abasov idi. Mənə şans verməyi düşünürdü. Hətta ilk 18-likdə yer vermişdi. Sadəcə istefa verməsi planları pozdu. Sonra Ayxan müəllim gəldi. Onun da zamanında aldığım zədə mənə ciddi mane oldu. Sonra ümumiyyətlə 6 ay klubsuz qaldım. Bu dönəmdə "Şamaxı"dan (əvvəlki "Keşlə") dəvət gəldi. Mən də razılıq verdim.
- Bir sözlə, "Sumqayıt"da parlamağına zədə mane oldu?
- Bəli, zədə mənə çox mane oldu. Kənarda qaldım və hamı unutdu. Oynamadığım üçün heç kimin yadına düşmədim.
- Deyəsən, futbol camiəsindən narazısan
- Futbol həyatı belədir. Gərək hər zaman formada olasan. Düşəndə hamı unudur və yenidən qalxmaq çətin olur.
- Belə görünür ki, "Qəbələ"dən sonra işlərin heç cur uğurlu getməyib. Bu baxımdan arxaya baxanda yetişdiyin komandadan ayrılıq qərarı verməyinə peşman olursanmı?
- Əlbəttə, bəzən düşünürsən ki, kaş belə eləməzdim. Amma hər şey kaş deməklə bitir. Artıq gecdir. İndi isə yalnız qabağa baxmaq lazımdır. Bundan sonra karyeramda daha yaxşı şeylər baş verəcəyinə ümid edirəm.
- Mövsüm başa çatır. Gələcəklə bağlı nə düşünürsən?
- Hazırda çempionat davam edir. Komanda ikinci pillədə qərarlaşıb. Baş məşqçimiz Rüstəm müəllim yaxşı kollektiv formalaşdırıb. Məqsədimiz çempion olmaqdır. İnşallah, məqsədimizə çatarıq. Mövsümün sonuna kimi müqaviləm var. Çempionat davam edir. Komandamızı ikinci pillədə qərar tutub. Hamımız gedən mübarizəyə köklənmişik. "Qəbələ"də aşağı yaş qrupu ilə 5 çempionluq yaşamışam. U-19 komandası ilə UEFA Çempionlar Liqasında mübarizə aparmışam. Çox istərdim ki, "Şamaxı"da da çempionluq sevinci yaşayım. Yayda nə olacağını bilmirəm. Sadəcə çox yaxşı şeylər olacağına ümid edirəm.
- 23 yaşın var. Hələ də parlmaq üçün gec deyil. Bəs istedadlı Süleymanın yaxşı karyera qurmasına bundan sonra nə lazımdır?
- Son iki ildə ancaq məşqlər edirəm. Hazırda da məşqçim Vidadi müəllim üzərimdə çox əziyyət çəkir. Hər şeyi yaxşı olacağına məni inandırır. Oyunlarda çıxış etsəm yaxşı olar. Futbolda şans çox önəmli məsələdir. İnanıram ki, o şans mənə düşəcək və mən də onu dəyərləndirəcəm. Bu həvəslə yaşayıram. Sevdiyim tək sahə futboldur. Əlimdən başqa iş də gəlmir.
- Bütün aşağı yaş qrup milli komandalara dəvət almısan. Həmin şans əlinə düşsə, əsas millidə də səni görə bilərikmi?
- Bəli, bütün aşağı yaş qruplarında oynamışam. İnşallah, əsas milli komandada oynamaq da qismətim olar. Allahın izni ilə bunun bir gün baş verəcəyinə çox inanıram.
Xanoğlan İmanov
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.

