Alim Qasımovla “Şamaxı” söhbəti: “Yox, alınmaz, başqa adamlara söz vermişəm”

7 Aprel 2022 14:20 Müsahibə 1 857
Alim Qasımovla “Şamaxı” söhbəti: “Yox, alınmaz, başqa adamlara söz vermişəm”

Şamaxı deyəndə ağıllara Azərbaycan muğamının canlı əfsanəsi Alim Qasımov gəlir.

Bundan sonra Şamaxı həm də futbolu ilə tanınacaq. Uzun illərdən sonra böyük futbolun sözügedən şəhərə qayıtması yerli insanları sevindirməyə bilməz.

Aprelin 9-da stadionun “Şamaxı” ilə “Neftçi” arasındakı açılış oyununda şamaxılı məşhurların iştirak edib-etməyəcəyini bilməsək də, onların arenada yerini tutmasına ehtiyac var.

Elə ölkəmizin xalq artisti ilə söhbəti şərtləndirən əsas səbəb də “Şamaxı” mövzusunda idi.

Əlaqə saxladığımız Alim Qasımov futbola xüsusi sevgisinin olmadığını böyük təəssüf hissi ilə bildirsə də, həmin gün stadionda olub-olmayacağı ilə bağlı sualmızı da cavablandırdı.

- Salam, Alim bəy. Necəsiniz?

- Həmd olsun Allahımıza, yaxşıyam.

- Allah tutduğunuz orucu qəbul etsin!

- Çox təşəkkür edirəm, sizinlə bahəm. Var olun!

- Noyabrda ölkə başçısı İlham Əliyev Şamaxı şəhər stadionunun açılış mərasimində iştirak etmişdi. Və çox keçmədən şəhərin eyniadlı komandasının Premyer Liqada iştirak edəcəyi məlum oldu. Böyük futbolun Şamaxıya qayıtmasından xəbəriniz var?

- Bu barədə nəsə eşitmişdim. Amma təfərrüatdan xəbərsizəm. Artıq oynamağa başlayıblar?

- İlk oyun aprelin 9-u “Neftçi”yə qarşı olacaq.

- Saat neçədə başlayır oyun?

- Günorta saat 2-də.

- Hə, lap yaxşı. Xeyirli olsun!

- Futbola marağınız var?

- Düzünü desəm, elə də yox.

- Uşaq yaşlarında oynamamısınız?

- Bacarmamışam, əlimdən gəlməyib. Bir az çəlimsiz olmuşam, bəlkə də ona görə. Əjdaha kimi uşaqlar var idi, onlar oynayırdı.

- “Neftçi”, “Qarabağ” kimi komandaların adlarını eşitməmiş olmazsınız.

- Əlbəttə, eşitmişəm. Ümumi vəziyyətdən xəbərim olub. O vaxt “Neftçi” oynayanda hamı həvəslə gözləyirdi. Futbolun həvəskarları var idi, görürdüm. Amma mən həvəskarı olmamışam. Bəzən televizorda icmalları göstərəndə baxmışam, indi də baxıram. Sırf maraq xatirinə.

- 22 kişinin 1 topun dalınca qaçması çoxlarına gülməli gəlir. Bəlkə sizin üçün də belədir?

- Yox-yox, niyə ki?! Futbol da bir işdir, biznesdir də.

- Həm iş, həm biznes, həm də sağlamlıq....

- Sağlamlıq deməzdim. Futbolçularda sağlamlıq hardandır? Bir neçə il oynayandan sonra təqaüdə çıxırlar. Belə sağlamlıq olar?

- Ən azıdan daim idman edirlər, qaçırlar, fiziki formanı qoruyurlar.

- Guya o qədər qaçmaq yaxşıdır ki? Oqranizmlərini gücə salırlar, karyeralarını erkən başa vururlar. Hərə bir yolla çörək qazanır, özünə bir sənət seçir. Allah işlərini avand etsin!

- Siz Şamaxı üçün unudulmaz birisiniz, hətta bölgənin simvollarındansınız deyə bilərik. Maraqlıdır, “Şamaxı”nın ilk oyunu üçün sizə dəvət göndərilib?

- Xeyr, heç kim zəng etməyib.

- Dəvət etsələr necə, gedərsiniz?

- Oyun ayın 9-dadır, hə?

- Bəli.

- Yox, alınmaz. Bilmirdim axı belə bir şey var. Həmin gün başqa adamlara görüş sözü vermişəm. Ona görə də alınmaz. Saat 4-də Bakıda bir yer var, orada olmalıyam. 5-10 gün əvvəl desəydilər, alınardı. Yenə də “Şamaxı”ya uğurlar arzulayıram.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı