Abbasov ən böyük problemi göstərdi, “üzərində dayanmamışıq" dedi

31 Mart 2022 21:20 Müsahibə 1 682
Abbasov ən böyük problemi göstərdi, “üzərində dayanmamışıq" dedi

"Sumqayıt" və "Zirə"nin sabiq baş məşqçisi Ayxan Abbasov Sportinfo.az-a müsahibə verib.

Gənc mütəxəssis Azərbaycan millisinin son nəticələri və qarşıdan gələn Millətlər Liqasındakı perespektivlərdən danışıb.

- Milli komanda yenə qələbə qazana bilmədi. De Byazinin yetirmələri Malta və Latviya kimi rəqiblər önündə də aciz qaldı. Malta toplanışını necə dəyərləndirirsiniz?

- Əlbəttə, bu iki oyundan gözləntilərimiz çox idi. Bütün futbolçuların formada olduğu dönəm baş tutan toplanış idi. Rəqiblər də gücümüzə uyğun rəqiblər idi. Həm reytinq baxımından bizdən aşağı sıralardadılar, həm də gücümüzə uyğundular. Malta ilə oyunda çox zəif çıxış elədik. Matçdan sonra bunu bir çox səbəblərlə əlaqələndirdilər. Son illər bu yığma ilə çox qarşılaşmışıq. Görürük ki, Malta millisi necə də inkişaf edir. Yəni bir sistemin üzərində çalışırlar və günü-gündən inkişaf hiss olunur. Futbolçular məşqçinin nə istədiyini bilir. Bu, bizimlə oyunda da hiss olundu. Bizdən yaxşı oynadılar. Toplanışı uğursuz qələmə vermək olar. Çünki rəqiblərin gücü qələbə qazanmağa imkan verirdi.

- Hətta Malta kimi cırtda ölkələrin yığması da inkişaf edir. Bəs bizim milli niyə yerində saymaq da yox, arxaya gedir? Problem nədir?

- Bizim ən böyük problemimiz odur ki, son illər hər hansı bir sistem üzərində dayanmamışıq. Hansısa bir məğlubiyyət olan kimi ya sistem dəyişir, ya da heyətdə çoxlu dəyişiklik olur. Bu kimi şeylərə diqqət edəndə görürük ki, futbolçular və məşqçi arasındakı komnukasiya yetəri səviyyədə deyil. Millətlər Liqasından öncə önəmli toplanış idi. Artıq rəsmi oyunlara az qalır. Millimiz qısa müddətdə 4 oyun keçirməli olacaq. Heyətlə bağlı qərar verilməlidir. Amma yenə göründü ki, baş məşqçi iki sistem arasında qalıb. Bu qərarsızlıq və məğlubiyyətlər futbolçulara pis təsir edir. Digər yandan təzyiqlər artır. Futbolçuların belə psixoloji durumdan çıxmaları da çətinləşir.

- Və qarşıdan Millətlər Liqası gəlir. Son nəticələrə görə ümidsizliyə qapılmağa haqqlı əsas varmı?

- Bəli, bu turnir mövsümün sonu olacaq. Həmin zaman bəzi futbolçular zədəli və ya yorğun ola bilər. Məncə, Millətlər Liqasında daha çətin olacaq. Amma yenə də ümidimizi itirməyək. Rəqiblərimiz də imkan verir ki, yaxşı oyun sərgiləyək. Son dönəmlər gənc futbolçular çox dəvət alırdı. Amma indi gördük ki, buna da dəyişiklik olundu. Bu şeylərdə qərar verməliyik ki, gələcəyin komandasını qururuq, yoxsa necə. Millətlər Liqasına gələcəyin komandasını qurmaq kimi də baxmaq olar. Amma ümumən futbolçularımızın potensialı var, yaxşı çıxış eləmək olar.

- Həqiqətən bu toplanışa kimi daha çox nisbətən gənclərə şans verilirdi. Amma bu dəfə Nazarov və İsrafilov kimi adlar da uzun müddətdən sonra dəvət aldı. Bu qərara münasibətiniz necədir? Məğlubiyyətlər bunun uğursuz gediş olduğunu təsdiqləmiş oldumu?

- Bu gün adlar haqqında danışmağı doğru hesab etmirəm. Ümumi deyə bilərəm ki, məsələn, İsmayıl İbrahimli "Qarabağ"da az oyun keçirməyib. Onun yaşı imkan verir ki, daha uzun müddət millidə oynaya bilər. Amma biz nədənsə yenidən təcrübəlilərin daha çox kömək edə biləcəyin düşünürük. Burda baş məşqçinin yanaşması əsas rol oynayır. Amma bu gün gəncləri qazanmalıyıq. Ola bilər klublarında az oynasınlar. Ancaq əvvəlki toplanışlarda belə adlar görürdük. Ola bilər ki, klubda böyük rəqabət var, amma milli komandada gəlib çox kömək edə bilər. Uzun müddət dəvət almayan futbolçuları da çağırmaq olar. Gərək o futbolçu öz adından o qədər söz etdirmiş olsun ki, həqiqətən hər kəs onun milliyə qayıtmalı olduğunu düşünsün. Bunun dünya praktikasında da görmüşük. Yaşlı olsa da klubda əla çıxış edir və yenidən milli komandaya qayıtması üçün ondan xahiş edirlər. Belə şeylər olur. Anacaq rəqabətə, onun yerində kimin çıxış etməsinə diqqə etmək lazımdır.

- Son toplanışda daha çox müzakirə olunan məsələlərdən biri də sabiq komandanız "Sumqayıt"dan cəmi bir futbolçuya dəvət göndərilməsi oldu. Sizin dönəminizdə isə bəzən say 7-8-ə kimi qalxırdı. Sizin üçün də bu durum təəccüblü oldumu?

- Yaxşı mövzudur. Həqiqətən də son zamanlar "Sumqayıt"dan milli komandaya çox futbolçu dəvət alırdı. Və bu, həddən çox müzakirə olunurdu. Mən bir çox müsahibələrimdə demişəm ki, "Sumqayıt"ın futbolçuları həmin vaxt milli komandaya çağrılmağa layiq idilər. Çünki komandanın turnir cədvəlindəki mövqeyi milli komandanın məşqçilərinin də diqqətini cəlb edirdi. Həmin futbolçular avrokuboklarda, kubokun finalında, Premyer Liqada ilk üçlük uğurunda oynayan futbolçulardı. Bu, onların milliyə yolunu açmış olardı. İstər-istəməz millinin çalışdırıcısında həmin futbolçulara maraq oyanırdı. Bu da normaldı. Millinin toplanışında kiminsə heyətə düşməsi və ya ehtiyatda oturması artıq futbolçuların şəxsi bacarığına bağlıydı. Bugünkü gündə baş məşqçi milliyə "Sumqayıt"da çox futbolçu dəvət edə bilməz. Hər kəs görür ki, komanda formada deyil və son pillələrdə gedir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi