“Makedoniya millisi Avropanın “Qarabağ”ıdır” – Elxan Məmmədovun menyusuna

27 Mart 2022 13:00 Müsahibə 1 397
“Makedoniya millisi Avropanın “Qarabağ”ıdır” – Elxan Məmmədovun menyusuna

Şimali Makedoniyanın İtaliyanı məğlub edib dünya çempionatının final mərhələsinin “qapısını aralaması” dünyaya səs saldı.

Millinin heyətində Avropanın müxtəlif ölkələrində top qovan futbolçuların demək olar hamısı Makedoniyada yetişənlərdir.

Bu isə sözügedən ölkədə futbol mexanizminin düzgün işləməsinə və düzgün futbol siyasətinə işarədir.

Makedoniya futbolu haqda daha çox məlumata sahib olmaq, inkişaf planı haqda müəyyən bilgilər almaq üçün vaxtilə ölkəmizdə çalışmış Borçe Xristovla əlaqə saxladıq.

Ayrı-ayrı vaxtlarda üst-üstə 10 il “Bakı” və “Qarabağ”da, eləcə də U-21-də çalışmış makedoniyalı mütəxəssis Sportinfo.az-a maraqlı açıqlamalar verdi.

- Əhvalınızı soruşmayım. Millinin İtaliya zəfərindən sonra məlumdur onsuz da.

- Eynən, dostum. Tək mən yox, indi Makedoniyada hər kəs sevinc içindədir. İtaliya kimi nəhəngi məğlub edirsənsə, hislər izaholunmazdır.

- Belə bir nəticənin qeydə alınacağını ağlınızdan keçirirdiniz?

- Mənim bildiyim odur ki, müasir futbolda hər şey mümkündür. Təbii, bizim üçün çətin olacağını düşünürdüm. Bilirdim ki, rəqib dünyanın öncül komandalarındandır. Ancaq baş məşqçi ilə futbolçuların mətbuata verdiyi açıqlamaları oxuyub özgüvəni görəndə, başa düşmüşdüm ki, İtaliyaya sürpriz hazırlayıblar. Özünüz də gördüyünüz ki, Şimali Makedoniya ağıllı oynadı. Xüsusən də müdafiədə. İtaliya əlinə düşən imkanları dəyərləndirə bilmədi, əvəzində biz vurduq. Necə deyərlər, vurmayana vurarlar (gülür).

- Bunu möcüzə adlandırmaq olar, yoxsa millinin haqq etdiyi qalibiyyət idi?

- Möcüzə bilirsiniz nəyə deyirlər? O şeyə ki, heç kimin ağlına gəlməyən hadisə baş verir. Amma söhbət Şimali Makedoniyadan gedirsə, bu komanda 1 il əvvəl DÇ-2022-nin seçmə mərhələsində alman azarkeşlərin gözü önündə Almaniya yığmasını məğlub etmişdi (2:1). Qrupun digər matçlarında Ermənistanı səfərdə darmadağın etmişdi (5:0), Skopyedə İslandiyanı udmuşdu (3:1). Rumıniya ilə heç-heçə (0:0), Yoldaşlıq görüşündə Sloveniya ilə bərabərlik (1:1). Yəni bu nəticələrə imza atan komandanın İtaliyanı yolundan edəcəyi hardasa gözlənilən idi. Gənclərlə təcrübəlilərin vəhdətindən qurulmuş çox gözəl komandamız var. Milli 1 ilin içində Almaniya ilə İtaliyanı səfərdə udursa, şəxsən bunu möcüzə saymıram.

- Möcüzə bir dəfə olur...

- Ay sağ ol. Mən də bunu demək istəyirəm.

- Parlaq zəfərlərin, millinin inamlı çıxışının arxasında nə dayanır?

- Anlamaq asan olsun deyə, bunun izahını bənzətmə ilə verəcəyəm. Şimali Makedoniya millisi yığma turnirlərində Avropanın “Qarabağ”ıdır. Mən bunu burada hamıya deyirəm, müqayisə aparıram. Bildiniz nəyə görə elə düşünürəm?

- Təbii ki...

- 2008-ci ildə Qurban Qurbanov “Qarabağ”a yeni gələndə ilk mövsümdəcə avrokubokların pley-offuna qədər irəlilədi. Lakin çempionatda uğur qazana bilmirdi. Ona görə də əksəriyyət bunu təsadüf və möcüzə kimi qəbul edirdi. Hətta yadımdadır ki, avrokuboklarda uğurlu çıxış etdiyi dönəmdə çempionatda mükafatçı yer tuta bilməyib avrokuboklara vəsiqə qazana bilməmişdi. O vaxt hamı Qurbanovun üstünə düşmüşdü.

- “Neftçi”nin çempion olduğu 2011/12 mövsümündə...

- Ay sağ ol. Yadınızdadırsa, mütəxəssislər, jurnalistlər, azarkeşlər “Qarabağ” erasının bitdiyini, bundan sonra daha pis olacağını deyirdi. Sonra nə oldu? “Qarabağ” çempionluqları sıraladı, 2014-cü ildən indiyə qədər avrokubokların qrup mərhələsində oynayır. Şimali Makedoniya “Qarabağ”la eyni vaxtda yola çıxdı. Təxminən 10 il əvvəl inkişaf strategiyası hazırlandı və onun icrasına başlandı. Makedoniyanın hər yerində akademiyalar inşa olundu, uşaqlara orada qalmaq, qidalanmaq, təhsil almaq imkanı yaradıldı. Yerli məşqçilərlə işə başlandı, vaxt verildi və bu da nəticəsi. “Qarabağ”da necə oldu? Qurbanı doğru seçim etdilər, sistem qurdular, ona vaxt verdilər və dəstək oldular. Vəssalam, uğur özü gəlib “Qarabağ”ı və Şimali Makedoniya millisini tapdı.

-Azərbaycanda təxminən 10 illik iş təcrübəniz var. Ölkəmizin futbolunu tanıyır, burada baş verənləri bilirsiniz.

- Əlbəttə, Azərbaycan mənim ikinci vətənimdir. Tək futbolunu yox, dilini də bilirəm, daha doğrusu, başa düşürəm, futbolun mentalitetinə bələdəm. İlk növbədə futbol mentalitetini düzəltmək lazımdır.

- Bir az açıq danışsaq...

- Yəni ki, uşağa işə yanaşmanı öyrətməlisən. Məşqdə davranış qaydası, udanda nə etməli, uduzanda nə etməli, qidalanma, istirahət – təməli bunları izah etməklə qoymaq lazımdır. Uşaqda futbol mentaliteti yoxdursa, futbolçu olması çətin işdir.

- Bunu etmək üçün futbol mentalitetinə bələd olan məşqçi və mütəxəssislər lazımdır.

- Baxın, bu gün Şimali Makedoniya millisində 3 nəsil var. Bir qisim 1992 doğumlulardır, 4-5 futbolçu 1994-1995-ci illərdə anadan olanlar və müəyyən sayda 1999-2000 təvəllüdlülər. Bu uşaqlar nəsil-nəsil yetişib. Vaxtilə “Qarabağ”ın U-19 komandasında “Çelsi” və “Roma”ya qarşı oynamış 1999 doğumlu Boyan Miovski indi əsas millinin üzvüdür. Traykovskiyə qələbə topunun ötürməsini verdi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!