Ruslar millimizin üzvünü harada bəyənib? – “Mən onlara bağlı adamam”

26 Mart 2022 16:40 Müsahibə 695
Ruslar millimizin üzvünü harada bəyənib? – “Mən onlara bağlı adamam”

Futzal üzrə Azərbaycan millisində və “Araz Naxçıvan”dakı çıxışı ilə azarkeşlərin rəğbətini qazanan Rövşən Hüseynli karyerasını Rusiyada davam etdirəcək.

31 yaşlı qapıçı sosial şəbəkə hesabında paylaşım edərək ilk dəfə heyətində legioner həyatı yaşayacağı Nijniy Novqorod “Torpedo”su ilə anlaşdığını yazıb.

Təfərrüata varmaq, qəfil keçidlə bağlı qaranlıq məqamlara aydınlıq gətirmək üçün səbəbkarla əlaqə saxladıq. Rövşən Sportinfo.az-a müsahibəsində bəzi maraqlı faktların üstünü açdı.

-Səni təbrik edir, Rusiya karyeranda uğurlar arzulayırıq.

- Təşəkkür edirəm! Var olun! Bacardığım qədər vətənimin adını və bayrağımızı uca tutmağa çalışacağam.

- Artıq səni rəsmən “Torpedo”nun üzvü hesab edə bilərik?

- Danışığımız olub, razılıq əldə edilib, ilkin müqaviləyə qol çəkilib. Qalır rəsmi sənədə qol çəkmək, bunu da Nijniy Novqoroda gedən kimi edəcəyəm.

- Nə vaxt gedəcəksən?

- Biletim bazar gününə alınıb. İnşallah, martın 27-də yola düşürəm. Çox güman, ayın 28-i komandanın məşqində iştirak edəcəyəm.

- “Araz Naxçıvan” sənin kimi vacib fiquru nə əcəb asanlıqla buraxdı?

- Heç bir problem olmadı. Bu qərarı verməyimdə və “Torpedo” ilə anlaşmağımda rəhbərlik mənə hərtərəfli dəstək verdi. Buna görə onlara təşəkkür edirəm.

- Ölkə xaricinə yollanmağının kökündə nə dayanır? Azərbaycan futzalında bezib-doymaq, yoxsa legioner həyatı yaşamaq həvəsi?

- Hər bir idmançının qarşısında duran əsas məqsəd “artırmaqdır”. Bunun üçün əsas məqamlardan biri legioner həyatı yaşamaqdır. Sırf bu baxımdan ölkə xaricində oynamağı qərara aldım.

- Təklif nə dərəcədə gözlənilməz oldu sənin üçün?

- Açığı, təklifdən çox qərar vermək çətin oldu. Burada doğulmuşam, burada oynamışam, tanınmışam və bir anda başqa ölkəyə üz tutmaq, əlbəttə, çətindir. Amma rahatlıqdan çox karyera vacibdir. Gizlətmirəm, Rusiya kimi güclü çempionatda özümü sınamaq istəyim də var idi.

- Oynayacağın ölkənin dili və mentaliteti biz azərbaycanlılara tanış olsa da, mütləq ki, çətinliklər də olacaq. Ən çox nədən ehtiyat edirsən?

- Vətəni heç bir ölkəyə, heç bir gözəlliyə dəyişmək mümkün deyil. Hara gedirsən get, Azərbaycan Azərbaycan olaraq qalır. İdmanla bağlı çətinliklərdən qorxmuram. Şükür Allaha, illərdir futzaldayam, beynəlxalq yarışlarda təcrübəm var. Rusiyaya 2 aylıq gedirəm, yəni mövsümün sonuna qədər. Ona görə də ailəmi və övladımı özümlə aparmıram. Mən isə onlara bağlı adamam. Yeganə çətinlik bu ola bilər. Peşəkar idmançı olduğumu nəzərə alsaq, bu kimi çətinliklərə dözməliyəm.

- Müqavilənin müddəti 2 aylıqdır?

- İndiki sözləşmə mövsümün sonuna qədər nəzərdə tutulub. Açığı, bu cür olmasını özüm də istəyirdim. Çünki yeni ölkəyə gedirəm, yeni mühit, fərqli məşq üslubları və sair. Bir növ özümü sınamaq istəyirəm. Hər şey qaydasında olsa, yayda müqavilənin müddətini artırmaq problem olmayacaq yəqin.

- Ruslar səni harda görüb bəyənib? Yoxsa ortada səni onlara tanıdan xüsusi şəxs olub?

- Əslində “Torpedo” ilə 2020-ci ildə qeyri-rəsmi danışığımız olmuşdu. Xorvatiyada dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya millisini udduğumuz oyun xatırlayırsız hər halda. Rusiya yığmasının qapıçılarla işləyən məşqçisi həm də “Torpedo”nun məşqçisidir. O vaxt həmin məşqçisi məni bəyənmişdi deyə, 2020-ci ildə müəyyən danışığımız olmuşdu. Lakin koronavirus pandemiyasına və müəyyən qadağalara görə keçidim baş tutmamışdı. Təxminən bir həftə əvvəl yenidən əlaqə saxlayıb, xidmətimdə maraqlı olduğunu deyincə, klublar arasında danışıq başladı. Məsləhətləşib, götür-qoy edib müsbət cavab verdim.

- “Çərçivə”dəki rəqiblərin kimlərdir?

- “Torpedo”nun iki komandası var. Biri yüksək dəstədə mübarizə aparır, digəri aşağı liqada oynayır. İki komanda olduğu üçün düşərgədə üç qapıçı var. Onlardan biri həm əsas heyət üzvüdür, həm də kapitandır. Digər iki qapıçı da əsas komandaya namizəd hesab olunur.

- Kapitanı sıxışdırmağa gedirsən?

- (gülür) Buna dostluq mübarizəsi, rəqabəti deyək. Təki sonda çempionluğu bayram edək.

- Maddi şərtlər necədir?

- Əlbəttə, pul hər birimiz üçün önəmlidir. Amma indiki vəziyyətdə Rusiya Super Liqasında oynamağı, oradakı həyəcanı hiss etməyi, üstəlik 2 aylıq müqaviləni nəzərə alsaq, müəyyən məbləğdə razılığa gəlmişik. Rəqəm açıqlamağım düzgün olmaz, ümumi götürsək yaxşıdır.

- Azərbaycanda qazandığından çox alacaqsan hər halda...

- Legioner olduğmu nəzərə alsaq, bəli, nisbətən çox olacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti