Qazaxıstan klubunda problem yarandı, Cavadov “Turan”dan ayrı düşdü

9 Mart 2022 20:00 Müsahibə 1 895
Qazaxıstan klubunda problem yarandı, Cavadov “Turan”dan ayrı düşdü

Futbolçu karyerasını başa vurandan sonra məşqçilikdə ilk addımlarını atan Vaqif Cavadov böyük futbolda siftəni Qazaxıstanda etdi.

Sabiq “7 nömrə” yaxından tanıdığı Vladimir Qazzayevi birgə çalışmaq təklifinə “hə” dedi ki, onların “Turan”dakı fəaliyyətinin nə qədər uğurlu olacağını zaman göstərəcək.

İndiki məqamda B kateqoriyası üçün imtahan verib cavabını gözləyən mütəxəssislə fərqli mövzular ətrafında söhbətləşmək zamanı idi ki, komandasından ayrı düşüb Antalyada qalan Cavadovla həmsöhbət olduq.

- Məşqçilikdə ilk addımların səsi necə çıxır?

- Yaxşıdır, şükürlər olsun. Öyrəşirik yavaş-yavaş. Məşqçilik başqa təcrübəli, başqa ab-havadır.

- Hər bir işinə özünəməxsus çətinliyi var. Məşqçiliyin çətinliyi nədən ibarətdir?

- Çətinlik odur ki, baş məşqçi ilə birlikdə futbolçularla qısa müddətdə ünsiyyət qurmalı, dil tapmalı, düşüncələri onlara çatdırmalıyıq. Bu, ilkin mərhələdəki çətinlikdir. Çempionat başlayandan sonra da enişli-yoxuşlu yollar olacaq. Baş məşqçiyə kömək etməli, işini yüngülləşdirməli, bir sözlə, komandaya fayda verməliyik. Yəni futbolun ümumi qanunlardı. Amma deyim ki, hansısa qlobal çətinlik var – xeyr, belə şey yoxdur.

- Çimkəndə qayıtmısınız?

- Bəli, komanda artıq Çimkənddədir, mən isə Antalyadayam.

- Niyə?

- Yeni legionerlərimiz var, hansı ki, komandaya gec qoşulub, vizası gec həll olunub – onlara məşq keçirik. Sağlıq olsun, uzağı 3-4 günə Çimkəndə uçmalıyıq.

- Qazaxıstanda hansı şəraitə sahib olacaqsan? Avtomobil, mənzil...

- Hələ ki, bazada qalacağam. Açığı, o barədə indi düşünmürəm. Çünki bu dəqiqə əsas məqsədimiz komandanı formalaşdırmaq, çempionata qədər hazır vəziyyətə çatdırmaqdır. Maşın, ev – bunlar sonrakı məsələlərdir. Baza şəhərdən bir az aralıda olsa da, çox yaxşı şəraitə sahibdir.

- Ailəni, övladlarını yanına aparmaq fikrin yoxdur?

- Bu dəqiqə üçün yox. Uşaqların bağçası, məktəbi, evdə anamla qardaşım var. Ona görə də onları tək qoymaq çətindir. İndi bütün diqqətimi işə ayırmışam, sonra ümumi vəziyyətə baxarıq.

- Qazzayev özü səninlə birbaşa əlaqə saxladı ki, dur gəl?

- Vladimir Valeriyeviçlə dostluğumuz uzun müddəti əhatə edir. Əvvəl çalışdığı komandalarda da məni yanında görmək istəyirdi. Sadəcə, həmin vaxt məşqçilik kateqoriyam yox idi. Ona görə də alınmırdı. Elə alındı ki, bu dəfə təklif etdi və artıq kateqoriyam olduğundan razılıq verdim. Bu cür savadlı məşqçinin yanında işləmək mənim üçün böyük təcrübə olacaq.

- “B”ni almısan?

- B kateqoriyası üçün imtahan vermişik, amma nəticələr hələ açıqlanmayıb. İnşallah ki, cavab ürəkaçan olar.

- Emil Balayevin “Turan”a transferində azərbaycanlı kimi sənin rolun nədən ibarət oldu?

- Transferin baş tutmasında baş məşqçimizlə Emilin bir-birini yaxından tanıması əsas rol oynadı. Bildiyiniz kimi, vaxtilə “Tobol”da birlikdə çalışıblar. Qazzayev Balayevin xarakterini və oyununu bəyənirdi. Məndən də fikirlərimi soruşdu və Emili yaxından tanıyan biri fikirlərimi bildirdim. Amma əsas məsələ baş məşqçi ilə futbolçunun münasibəti oldu.

- Yaxın gələcəkdə “Turan”da növbəti azərbaycanlını görmək mümkün olacaq?

- Açıq danışsaq, bu gün ölkənin üzdə olan, millidə oynayan futbolçuları əsasən “Qarabağ”la “Neftçi”də, ya da ölkə xaricində top qovur. Çətin onlar bu gün komandalarını tərk etmək istəsin. Qazzayev Azərbaycan futbolunu yaxından izləyir və futbolçuların çoxunu tanıyır. Hər şey futbolçuların özündən və oyunundan asılıdır. Futbolçuya təklif göndərəndə onun ölkə xaricində, Qazaxıstanda oynamaq istəyinin olması da həlledici amildir.

- Rəhbərlik qarşınıza hansı hədəfi qoyub?

- Bildiyiniz kimi, komanda yenidən formalaşıb. Bu gün üçün əsas hədəf layiqli çıxış edib, mümkün qədər üst pillələrdə yer almaqdır. Ən əsası, necə futbol oynadığımızı və nə üçün mübarizə apardığımızı göstərməliyik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti