"Bir azdan özüm də durub gedəcəm” - Tapıldı və Ukraynadan ƏN SON XƏBƏRLƏRİ VERDİ

3 Mart 2022 20:40 Müsahibə 2 719
"Bir azdan özüm də durub gedəcəm” - Tapıldı və Ukraynadan ƏN SON XƏBƏRLƏRİ VERDİ

Vaxtilə ölkəmizdə çox sayda ukraynalı məşqçi işləyib, futbolçu top qovub.

Və belə bir vəziyyətdə - Ukrayna ilə Rusiya arasında davam edən müharibədə onların halına acımamaq olmur.

Dinc əhalini bombalayan Rusiya ordusundan fərqli, Ukrayna məsələnin sülhlə yoluna qoyulmasına razıdır.

Bir vaxtlar “İnter”lə “Qəbələ”nin formasını geyinmiş, Azərbaycan milisinin şərəfini qorumuş Vladimir Levin də müharibənin tez başa çatmasını istəyir. Lakin bunun mümkünsüz olduğunu da yaxşı anlayır.

Levin Sportinfo.az-a müsahibəsində müharibə gedən ölkədən son xəbərləri diqqətə çatdırıb.

- Kefini soruşmayacağam, vəziyyət hamıya məlumdur. Neynirsiniz?
- Mən olduğum yerdə nisbətən sakitlikdir. Amma ölkədəki ümumi vəziyyət heç də yaxşı deyil. Ukrayna bombalanır, insanlar məhv olub gedir.

- Odessadasan?
- Yox, hazırda Nikolayevski əyalətindəyəm. İçimiz yanır, parçalanır. Müharibənin ikinci günü bura raket atmışdılar, sonra sakitləşdilər. Şimalda vəziyyət acınacaqlıdır. Bu dəqiqə Kiyev, Xarkov, Tuqa dağılır. Krımdan soxulurlar, Xersonu viranə qoyublar. Heç nə, qardaş, üstümüzə gəlirlər, biz də bacardığımız qədər müdafiə olunuruq, vətənin əldən çıxmasına imkan vermirik.

- Yaxınlar, doğmalar, dostlar – sağ-salamatdır?
- Şükülər olsun, hamısı yaşayır. Allahın köməkliyi ilə belə də davam edər. Amma inanmağım gəlmir.

- Bayıra çıxıb rahat hərəkət edə bilirsiniz?
- Günortalar elə bir qadağa yoxdur. Kommendant saatı gecə 12-dən tətbiq olunur.

- Marketlər, iaşə obyektləri fəaliyyət göstərir?
- İaşə obyektləri deyəndə ki, bu dəqiqə insanlar yalnız market və apteklərə üz tutur. O da ki, ehtiyac olduğu təqdirdə.

- Sosial şəbəkədə gördüm, əhaliyə özünü müdafiə üçün odlu silahlar paylanır. Sizdə də belədir?
- Hər yerdə belədir. Bir azdan özüm də durub gedəcəyəm. Artıq oturmağa səbrim çatmır. Kimin gücü nəyə və necə çatırsa, o cür də kömək edir. Başqa yolumuz yoxdur. Tərpənməsək, tankların qabağına çıxmasaq, Ukraynanı yox edəcəklər.

- Ordu sıralarına çağırış səfərbərlik yolu ilədir, yoxsa könüllü qatılırsan?
- Elə bir vəziyyətdir ki, aləm bir-birinə qarışıb. Səfərbərlik-zad yoxdur, kim döyüşmək istəyir, əlinə avtomat alıb qaçır rusun qabağına. Rusdilli, ukraynadilli, moldovadilli, azərbaycandilli – hamı bir məqsəd uğrunda birləşib. Ukraynada yaşayanlar üçün millət fərqi yoxdur, müharibə başlayan gündən hamı ukraynalıdır.

- Azərbaycandakı dost-tanışlar zəng edib maraqlanır?
- Hə-hə, yazırlar, zəng edirlər. Onlar da azı bizim qədər narahatdır. Deyirəm, dua edin, indiki vəziyyətdə bundan yaxşısını bacarmayacaqsınız onsuz da.

- Hadisələrin gedişatı hara aparır? Mətbuatda nə yazılır, dövlət qurumları nə deyir?
- Mən kiminsə yazdığına, dediyinə yox, gördüklərimə inanıram. Görüb-bildiyim də odur ki, Kiyevi, Xarkovu, Xersonu bombalayırlar. Xarkovda kvartalları dağıdıblar, şəhərin əhalisinin yarısı yoxdur. Üzbəüz müharibədir, nə olacaqsa olacaq. Düzələnə oxşamır. Sadəcə, mətbuatda çox şeyi açıq yazmırlar.

- Bundan sonra sülh, yoxsa müharibə?
- Qardaşım, mən sülhün tərəfdarıyam. Qan axmasın, uşaqlar, körpələr məhv olmasın. Amma yaşananlar sülhdən xəbər vermir. Durum çox acınacaqlıdır. İndi səninlə danışıram, sabah telefonuma kimin cavab verəcəyinə zəmanət yoxdur. Heç kim heç nə bilmir. Sadəcə, nəfəs alıb, yaşayırıq.

- Bəs, uşaqları, qadınları necə gizlədirsiniz, harada qoruyursunuz?
- Kimin ağlına nə gəlirsə, orada. Kimin yeri varsa, orada. Bütün ölkə yerin altına girə bilməz ki. Nə bilim, bir təhər yaşayırıq da.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA