Sportinfo.az xəbər verir ki, Gəncədə səfərdə olan AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov apasport.az-ın suallarını cavablandırıb.
- Şəhərin mərkəzində idman məkanlarının olması çox önəmlidir. Uşaqlarımız sağlam həyat tərzini seçməlidirlər. Yeni meydançanın açılışında iştirak edən Məmmədov əlavə edib ki, “Kəpəz” üçün təlim-məşq mərkəzi və akademiyanın inşası da başlanılıb: “Ötən ilin noyabrında bura səfər etmişdik. Şəhər stadionunda ictimaiyyətlə, məşqçilərlə, uşaqlarla, veteranlarla, müxtəlif idman cəmiyyətinin nümayəndələri ilə və azarkeşlərlə görüşdük. Fikirləri dinlədik və növbəti aylarla bağlı işimizi planlaşdırdıq. Həmin görüşün nəticəsi olaraq anladıq ki, Gəncədə mini-meydançaların inşası tələb olunur. Qısa zamanda mini-meydançalar inşa olundu. Artıq iki meydançanın açılışını etdik. Bu meydançanı AFFA adından İcra Hakimiyyətinə, uşaqlarımıza təqdim etdik. Bölgələrə gedəndə hər zaman nəticə qazanmağa, irs yaratmağa çalışırıq. Məncə, Gəncədəki meydançalar bu irsin sübutudur. Son səfərin üstündən 3 ay vaxt keçib. Artıq bu gün iki meydançanın açılışını etdik. Eyni zamanda bu ilin yanvarında şəhər stadionunda uşaqlar və “Kəpəz” komandası üçün təlim-məşq mərkəzi və akademiyanın inşası başlanılıb. Ümid edirəm ki, fors-major olmasa, 12 ay ərzində təhvil veriləcək.
- Fevralın 2-də baş tutan AFFA İcraiyyə Komitəsinin iclasında qərara alındı ki, növbəti mövsümdən Premyer Liqada 10 komanda iştirak etsin. Bu, bütün diqqətlərin “Kəpəz”in üzərinə yönəlməsinə səbəb oldu. Bu komandanın gələn mövsüm elitada iştirakı barədə nə deyə bilərsiniz?
- “Kəpəz” AFFA-nın dəstəyi ilə artıq neçə ildir ki, stabil olaraq birinci divizionda iştirak edir. Bəli, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, növbəti mövsüm Premyer Liqada 10 komanda yer alacaq. Bu da sevindirici haldır. Yenidən 10 komandalı çempionatın həyəcanını yaşayacağıq. Lisenziyaya uyğun olaraq 2 komanda Premyer Liqaya əlavə olunacaq. Hansı komandaların olacağını indi deyə bilmərəm. Amma ümid etmək olar. “Kəpəz” lisenziyalaşdırma ilə bağlı artıq müraciət edib. Yaxın həftələrdə digər klublar da müraciət edəcək.
- Rövnəq Abdullayevin SOCAR-dan kənarlaşdırılması 10 komandalı çempionat keçirmək planına təsir göstərəcəkmi?
- Rövnəq Abdullayev hazırda AFFA-nın prezidentidir və 10 komandalı çempionata dəstək verib. Əslində AFFA-nın strategiyası ötən il də cəmiyyətə təqdim olunmuşdu. Həmin strategiyaya uyğun olaraq, onsuz da, gələn mövsüm 10 komandalı Premyer Liqa planlaşdırırdıq. Son iclasda bunu rəsmi qaydada təsdiqlədik. Ancaq bu, əvvəldən planda var idi.
- AFFA İcraiyyə Komitəsinin iclasında Gəncə şəhər stadionu ilə bağlı da müzakirə olub. Sənədləşdirmə işləri nə yerdədir və hansı layihələr nəzərdə tutulub?
- Gəncə şəhər stadionu ilə bağlı AFFA tərəfindən qərar qəbul olunub. Həmin məkanda mərhələli şəkildə yeni stadion inşa etməyi planlaşdırırıq. Bununla bağlı rəsmi qaydada Gənclər və İdman Nazirliyinə müvafiq müraciət etdik. Çünki həmin infrastruktur Gənclər və İdman Nazirliyinin balansındadır. Hazırda danışıqlar davam edir və rəsmi icazələrini gözləyirik. İcarə daxil olan kimi, müvafiq hazırlıq işləri ilə bağlı ictimaiyyətə məlumat verəcəyik. Gənclər və İdman Nazirliyi də hüquqi prosedurlara uyğun hərəkət edir. Yəqin ki, bununla bağlı yaxın gələcəkdə bizə rəsmi cavab gələcək.

