Tanınmış məşqçi Ukraynadan "Sportinfo"ya dəhşətli şeylər danışdı

27 Fevral 2022 10:40 Müsahibə 2 083
Tanınmış məşqçi Ukraynadan "Sportinfo"ya dəhşətli şeylər danışdı

Son 4 gündə Ukraynada yaşananlar hər birimizi dəhşətə gətirməkdədir.

Qonşu Rusiyanın hücumuna məruz qalan bizə doğma olan ölkədə xeyli sayda azərbaycanlı, vaxtilə ölkəmizdə çalışmış məşqçi və top dalınca qaçmış futbolçu yaşayır.

Hər iki ölkədə dinc əhali sülhün tərəfdarı olsa da, Rusiya ordusu çirkin əməlindən əl çəkmir.

Hazırda Ukraynada yaşananlar, oradakı mövcud vəziyyət, insanların hansı hislər keçirməsi – bunların hər biri biz azərbaycanlıların diqqət mərkəzindədir.

Odur ki, vaxtilə “Qəbələ”ni çalışdırmış, işi və insani keyfiyyətləri ilə rəğbət qazanmış Roman Qriqorçukla əlaqə saxlayıb, suallarımızı cavablandırmasını xahiş etdik.

- Roman İosifoviç, Azərbaycan xalqı olaraq Ukraynada baş verənlərə görə hədsiz üzülür və kədərlənirik. İlyarım əvvəl biz də eyni həyat riskini adladıq. Sizi yaxşı başa düşürük. Hansısa yolla, hansısa vasitə ilə sizə necə kömək edə biləcəyimi düşünürəm, əlim heç nəyə çatmır.
- Çox sağ olun. Həqiqətən sağ olun. Maraqlanmağınız, axtarmağınız, diqqətdə saxlamağınız, işıqlandırmağınız – bunlar nəyə desəz dəyər. Kənardan diqqət və dəstək görmək bu an üçün çox vacibdir.

- Neynirsiniz?
- 3 gündür müharibə şəraitində yaşayırıq. Normal həyatdan təcrid olunmuşuq demək olar. Görək nə olur.

- Odessadasınız?
- Bəli-bəli.

- Odessada vəziyyət necədir?
- Bu dəqiqə ən çətin durumda olan Kiyevdir. Oradakı dəhşətlərdən yəqin ki, xəbərdarsınız.

- Xorkovu, Xersonu da vururlar.
- Vurmadıqları yer yoxdur, hər yerə atırlar. Müharibə bütün ölkədə gedir. Xalq da müharibə deyib ayağa qalxıb. Hamı düşmənin qabağına çıxmağa, canından keçməyə hazırdır. Rusun ordusunun qarşısına əliyalın çıxan insanlar var. Mən öz ölkəmlə, öz xalqımla fəxr edirəm! Nə yaxşı ki, ukraynalıyam. Əminəm ki, qələbə bizim olacaq. Başqa yol yoxdur!

- Odessada digər bölgələrə baxanda sakitlikdir?
- Bu dəqiqə Ukraynada sakitlik anlayışı yoxdur. Sakitlik sözünü heç kim dilinə gətirə bilməz. Bəzi yerlərə çox atırlar, bəzi yerlərə az. Şimala, cənuba, şərqə, qərbə - hər yeri bombalayırlar, atəşə tuturlar.

- Küçəyə çıxmaq icazəniz var?
- Ukrayna xalqı vətənini sevən, vətən üçün canından keçməyə hazır olandır. Hətta evdən çıxmaq qadağası qoyulsa belə, insanlar evdə oturub gözləməyək ki, rus üstümə gəlsin. Bu dəqiqə hamı müharibəyə, rusun ordusuna müqavimət göstərməyə köklənib. Artıq peşəkar hərbiçilər yox, sıravi vətəndaşlar da müharibədə döyüşür. Bu gedişlə Ukrayna qələbəni bayram edəcək. Buna qəti şübhəm yoxdur.

-Məgər siz sülh istəmirsiniz?
- Sülhü tək mən yox, bütün dünya istəyir. Amma gedişat sülhə oxşamır. Ya da sülhə razılaşmaq üçün qarşı tərəfə gücümüzü göstərməliyik. Müharibəyə müharibə ilə cavab verməsək bizə çətin olacaq. Düşmən başa düşməlidir ki, bu cür gedişatla insanlar həlak olacaq. Bu isə heç kimə lazım deyil.

- Yaxınlardan, doğmalardan itki olmayıb?
- Bu günə qədər şükürlər olsun ki, xeyr. Düzdür, müharibənin ilk saatlarında ailə üzvlərimi başqa yerə göndərirdim ki, özüm evdə qalım. Amma getmədilər. Sona qədər yanımda olacaqlarını dedilər. Hazırda hamımız evdəyik.

- Qidalanma ilə bağlı durum necədir? Marketlər, istehsalat müəssisələri çalışır?
- Bəli, bu gün marketlər işləyir. Görək sabah, birisigün necə olacaq.

- Məsələnin danışıq yolu ilə həll olunacağına dair hər hansı mesaj, siqnal varmı?
- 3 gündə yaşananlara əsasən məsələnin danışıq yolu ilə həllini düşünmək çox çətindir. Artıq hər iki tərəf bütün riskləri göz önünə alaraq açıq müharibə edir. Düzdür, bir neçə gün əvvəl danışıq məsələsi var idi. Amma indi bildiyiniz mühabirədir burada. Gələcəkdə nə olacağını heç kim deyə bilməz.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA