“Neftçi”nin yetirməsi, Azərbaycan millisinin sabiq üzvü Amit Quluzadə karyerasını Avropada davam etdirəcək.
29 yaşlı yarımmüdafiəçi 12 illik peşəkar karyerası ərzində 7-ci dəfə ölkə xaricində oynayacaq.
Buna qədər Türkiyə, Portuqaliya, Yunanıstan, Kosovo, Bosniya və Hersoqovina, Moldova kimi ölkələrdə top dalınca qaçmış həmyerlimiz bundan sonra Avstriyada oynayacaq.
Amit bu ölkənin təmsilçisi “ATSV Stadl-Paura” ilə yaya qədər anlaşıb. Səbəbkar Sportinfo.az-a müsahibəsində keçidin görünən və görünməyən tərəflərindən danışıb.
- Bakıdasan deyəsən...
- Bəli, hələ ki, burdayam.
-Yeni klubunla müqavilə bağlamısan, amma Azərbaycandasan?
- Elədir. Müqaviləni sənədləri göndərib həll etməklə internet üzərindən bağladıq. Təxminən 2 həftə əvvəl məsələni yoluna qoyduq. Artıq rəsmən “ATSV Stadl-Paura”nın üzvüyəm. Viza almaq vaxt aparır deyə, Avstriyaya yollanmağım yubanır.
- Martın 12-də çempionatın ikinsi yarısı start götürəcək. Sənsə hazırlıqda iştirak etməmisən. Çətin olmayacaq ki?
- Viza məsələsini vaxtında yoluna qoya bilsəydim, Xorvatiya toplanışında və yoldaşlıq görüşlərində iştirak edərdim. Amma bu barədə ciddi narahatlıq yoxdur. Çünki fasilə dövründə MOİK-in düşərgəsində keçmiş məşqçim Asim İbrahimovun yanında məşq edirdim. Sağ olsun, hər cür şərait yaradırdı mənə. Bu gün nə artıq çəkim var, nə də başqa problemim. Ola bilsin, oyun təcrübəsinin azlığı hansısa mənada özünü göstərər. Bu da oyundan-oyuna düzələcək. 2-3 oyuna çıxsam, problem qalmayacaq.
- Viza nə vaxt hazır olacaq? Nə vaxt gedəcəksən?
- Allahın izni ilə fevralın 24-də vizani alacağam. Viza məsələsi həddən artıq çətinləşib. Əvvəl bu qədər süründürməçilik və bahalıq yox idi. İndi 11 fərqli sənəd tələb edirlər. İnşallah, fevralın 26-da yola düşməliyəm. Biletimi də alıblar, hazırdır.
- 1 il futbolsuz qalandan sonra Avstriyada özünə klubu necə tapdın? Mütləq ki, bu mənada kimsə sənə kömək edib.
- Avropada tanışlarım çoxdur. Əvvəl oynadığım klublarda çox sayda məşqçi və futbolçularla dostlaşmışam deyə, indiyə qədər münasibətimiz qalır. Bosniyada oynayanda avstriyalı məşqçi ilə işləmişdim, həmin şəxs indiki komandamda köməkçi-məşqçidir. Bir ay əvvəl zəng elədi ki, bəs, klubumuza yeni sponsor gəlib, güclü heyət yığırlar, baş məşqçiyə də sənin haqqında məlumat vermişəm. Komanda qış fasiləsinə sonuncu pillədə yollanmışdı. Fasilədə heyəti büsbütün dəyişib, 27 yeni futbolçu ilə müqavilə bağlayıblar. Yeni gələn sponsor ciddi işlər görmək istəyir.
- Baş məşqçi dərhal “okey” deyib?
- Yox-yox. Əvvəlcə videolara baxıb, bacarığımı görüb, sonda rəhbərliyə mənimlə danışmağı tapşırıb. Və həmin vaxt başıma iş gəldi.
- Nə işi?
- Ötən ayın sonunda Asiya ölkəsi klublarından biri ilə müqavilə şərtlərini danışıb, razılaşmışdıq. Demək olar bütün işləri həll etmişdik, ortaq məxrəcə gəlmişdik. Bircə qalırdı ora getmək. Bu an Avstriyadan zəng gəldi, qaldım çıxılmaz vəziyyətdə. Asiya klubu ilə əlaqə saxlayıb xahiş etdim ki, bəs, Avropada oynamaq hər bir futbolçunun arzusudur, mənə orada rahat olacaq-filan. Sağ olsunlar, anlayışla qarşıladılar.
- Klub hansı ölkəni təmsil edirdi?
- Bu barədə danışmasaq yaxşıdır. Çünki keçid baş tutmayıb.
- Ölkənin adını demək də problemdir?
- Xahiş edirəm, bu barədə danışmayaq (Bəndənizlə söhbətdə ölkənin, hətta klubun adını da söyləyir. Sadəcə, bəzi səbəblərə görə müsahibədə ad çəkmək istəmir – H.).
- Qazanmağa gedirsən, yoxsa çörəkpuluna?
- Təklif olunan məbləğ heç də pis deyil. Konkret rəqəm adı çəkməyəcəyəm. Deyərdim ki, Azərbaycan Premyer Liqasında ortababdan yuxarı maaşdır. Üstəlik, qələbələrə görə bonuslar da nəzərdə tutulub.
HƏBİB

