"Vallah, klubdan bizə düşməli olan pulu alıb futbolçuya vermişik"

16 Fevral 2022 20:00 Müsahibə 2 390
"Vallah, klubdan bizə düşməli olan pulu alıb futbolçuya vermişik"

Son 1 ildə azərbaycanlı futbolçuların Avropaya axını müşahidə olunmaqdadır.

Yerli klublarda möhkəmlənə bilməyənlərlə şansını ölkə xaricində sınamaq istəyənlərə həmyerlilərimizin yaratdığı “Go and Play” şirkəti vasitəçilik edir.

İndiyə qədər bir neçə oyunçunun xaricə yollanmasında köməklik göstərən şirkətin İlkin Əliyev, Kamran Şahverdiyev və Renad Yüzbəyocdan ibarət “üçlüy”ü tutulan yolu uğurla davam etdirmək istəyir.

İlkin Əliyev Sportinfo.az-a müsahibəsində gördükləri və görmək istədikləri işlərdən, üzləşdiyi çətinliklərdən, həmçinin bizə qaranlıq qalan mövzulardan danışıb.

- “Adını eşidib, üzünü görmədiyimiz azərbaycanlı agentlə söhbət yerinə düşər” düşüncəsi ilə zəng vurdum sizə. İşləriniz necə gedir?

- Diqqət ayırdığınız üçün təşəkkür edirəm sizə. Baxıram, Azərbaycanda futbolçulara dəyər vermirlər, çalışıram xaricdə oynamalarına şərait yaradım. Orda dəyər verirlər.

- Nə vaxtdan bu işlə məşğulsunuz?

- Açığı, sənətim hüquq sahəsi ilə bağlıdır. Universititetin Beynəlxalq hüquq fakültəsini bitirmişəm, Apellyasiya Məhkəməsində hakim köməkçisi işləmişəm. Amma futbol uşaqlıqdan qanımda olub. Təhsilə görə özüm futbolçu ola bilməsəm də, vaxtilə “Bakı fəhləsi”, “Dinamo-Bakılı”, “ANS Pivani” kimi komandalarda oynamış dayıoğlum Taleh Məmmədova görə həmişə stadionlarda olurdum. O vaxt atam “İsmət Qayıbov”a aparırdı, oturub baxırdıq. Yəni uşaqlıqdan Azərbaycan futbolu ilə maraqlanmışam, az-çox içində olmuşam.

- Agent işinə nə vaxt başladınız?

- İlk işim Tural Bayramlını “Sumqayıt”dan “Dauqavpils”ə aparmaq oldu. Ondan sonra şükürlər olsun, davamı gəldi. Azərbaycanlı futbolçuların heç biri zəif deyil. Sadəcə, bizim pasportla bağlı problemimiz var. Ortabab azərbaycanlı futbolçular Polşanın 1-ci və 2-li liqalarında rahat şəkildə oynayarlar. Ora da bildiyiniz kimi vitrindir. Baxırlar, izləyirlər, transfer edirlər. Yunanıstanın 1-ci dvizionunun səviyyəsi bizim futbolçuların səviyyəsindən aşağıdır. Bunu çəkinmədən deyə bilərəm. Çempionatlar reytinqi baxımından onlardan geri qala bilərik, amma inanın ki, bizim futbolçularımız onların oyunçularından güclüdür.

- Pasport məsələsində çətinlik yaradan nədir ki?

- Gürcüstanlı futbolçulara niyə maraq var? Niyə rahat şəkildə Avropa klublarına üz tuturlar? Çünki onlarda Avropa pasportudur, Avropanın qəbul etdiyi sənəddir. Bizdə isə Avropa İttifaqı pasportu olmadığına görə, həm oyunçularımız əziyyət çəkir, həm onları istəyən klublar, həm də özümüz.

- Azərbaycan futbolunda baş çıxarmaq asan məsələ deyil. Hüquq sahəsindən futbola keçid edib iş görmək çətin olmadı?

- Mən futbolçularla agent-futbolçu münasibətindən çox, qardaş münasibəti qururam. İndiyə qədər heç birini maddi qazanc gözündə görməmişəm, pul tələb etməmişəm. O ki qaldı sualınıza, birdən-birə “Qarabağ”, “Neftçi” kimi komandalarla işbirliyində maraqlı olsaydım, bəlkə də istədiyim kimi alınmazdı və ya heç alınmazdı. Amma mən Birinci Divizion klublarından, əvəzedici komandalardan başladım. Çünki marağım azərbaycanlı futbolçular Avropaya aparmaq idi. Məqsədimiz pillə-pillə irəliləmək, futbolumuzun inkişafına hansısa mənada təkan verməkdir.

- İndiyə qədər neçə futbolçunun sərhədləri aşmasına vasitəçilik etmisiz?

- Tural Bayramlı, Turan Manafov, Riad Abbaszadə, Elvin Dəmirov, Cavid Bayramov, Şahin Zəkiyev, Asim Əlizadə... Famil Camalova da Kiprdən təklif var idi, alınmadı. İşlədiyimiz futbolçular arasında gürcüstanlı və afrikalılar da var. Əslində, say daha çox ola bilər və ya bilərdi. Sadəcə, oyunçunu Azərbaycandan aparanda çox çətinliklərlə üzləşirik.

- Nə kimi çətinliklər?

- Klublar problem yaradır. Tutan Manafovu götürək. “Olimpiakos Volos” dekabrın 28-də təklif göndərmişdi, Turan ora yanvarın 22-də gedib çıxdı. Bu da oyunçunun hazırlığına istər-istəməz mənfi təsir edir.

- Azərbaycan klubunun yetişdirdiyi və ya müqaviləsi qüvvədə olan futbolçuya görə maddi qarşılıq istəməsi normaldır. Avropa klubu azərbaycanlını istəyirsə, əlini cibinə salımalıdır da. Düz demirəm?

- Sizinlə tam razıyam. Amma bir şey var ki, bu gün futbolumuzun Avropadakı reklamı istənilən səviyyədə deyil. Onlar Azərbaycanda bacarıqlı futbolçuların olmasına şübhə ilə yanaşırlar. Bunun üçün bəzi riskləri göz önünə almalıyıq ki, reklamımız getsin, futbolçularımız bacarığını göstərə bilsin. Deyək ki, “Olimpiakos” Turanı istədi, “Səbail” pul tələb etdi, onlar həmin məbləği ödəmədi və söhbət bağlandı. Sabah digər futbolçu ilə də belə oldu. Bu gedişlə yerimizdə sayacağıq axı. Hansısa yolla avropalılara futbolçularımızın səviyyəsini göstərməliyik. Məsələn, futbolçunu müqavilə şərtinə növbəti satışdan hansısa qazanc əldə etmək şərti ilə buraxmaq olar. Və ya başqa yolla.

- Hansı yolla?

Mahir Emreli “Bakı”da yetişdi, “Qarabağ”da parladı və ötən yay Azərbaycan klublarına heç bir ödəniş olmadan “Legiya”ya keçdi. Polşada parladı, özünü və Azərbaycan futbolunu reklam etmiş oldu. Görün, nə qədər faydası oldu. Adi bir misal çəkim, Mahir “Legiya”da oynayanda Elvinlə Şahin də Polşadaydı. Kimsə onların azərbaycanlı olduğunu biləndə, dərhal Mahir barədə sual verirdi, maraqlanırdı. Bütün ölkələrdə bu cür ab-hava yaratmalıyıq ki, legioner oyunçularımızın sayı çoxalsın.

-Avropaya apardığınız futbolçulara görə qazancınız necə olur? Gəlir əldə etmək olur, yoxsa siz də hələlik reklam xatirinə işləyirsiniz?

- Sizi inandırım, bu dəqiqə məqsədimiz qazanc deyil. Bacardıqca daha çox futbolçunu Avropaya aparmaq istəyirik ki, bazarda yer edə bilər, tanınaq, tanıdaq. Klublardan müqaviləyə görə 10 faiz komissiya məbləği alırıq. O da yüksək məbləğ deyil. Vallah, elə olub ki, klubdan bizə düşməli olan pulu alıb futbolçuya vermişik. Dediyim kimi, bizdə agent-futbolçu yox, dost-qardaş münasibətidir.

- Pulsuz işləyirsiz?

- Geniş planda götürsək, bəli. İnşallah, vaxt gələr, pul da qazanarıq.

- Əsasən az tanınmışlarla, gənclərlə işləyirsiniz? Xüsusi səbəbi var?

- Hansısa oyunçu “partladırsa”, onun “elçilər”i çox olur. Hamı arxasınca düşür, müqavilə bağlamaq istəyir. Mən elə şeyi xoşlamıram. Birinci Divizionun oyunlarına baxıram, orda futbolçuların nəyə qadir olduğunu görürəm və kimin nəyə qadir olduğunu özüm üçün müəyyənləşdirirəm. Ondan sonra talantlı futbolçu üçün işə başlayıram. Marağım odur ki, parlamayan futbolçunu Avropaya aparaq, orada parlasın, tanınsın. Bu, adama daha çox ləzzət edir.

- Qarşıda duran planlar nədən ibarətdir?

- Bu gün, həmçinin yay üçün çalışırıq. Namizədlərimiz çoxdur, onlar üçün danışıq apardığımız klublar var. Allahın izni ilə zamanla özünüz görəcəksiniz.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA