“Bəzi səbəblərə görə Allah məni bura gətirib çıxardı” - Riad Polşadan "Sportinfo”ya danışdı

12 Fevral 2022 16:00 Müsahibə 2 100
“Bəzi səbəblərə görə Allah məni bura gətirib çıxardı” - Riad Polşadan

Daha bir futbolçumuz karyerasını Polşada davam etdirəcək.

Azərbaycanlı yarımmüdafiəçi Riad Abbaszadə bundan sonra adıçəkilən ölkənin 4-cü liqasında mübarizə aparan “Oskar Pşisuxa”nın uğurları üçün tər tökəcək.

Raulun indiyə qədər “Şüvəlan”, “Keşlə”, “Qarabağ” kimi komandaların əvəzedici və aşağı yaş qruplarından ibarət komandalarında mübarizə apardığını nəzərə alsaq, Polşaya gedib legioner həyatı yaşamağa qərar verməsi alqışalayiq haldır.

21 yaşlı futbolçunun Avropaya səfər marşrutunu, orada gördüklərini, gələcək planlarını öyrənmək və bir sıra qaranlıq məqamlara aydınlıq gətirmək üçün onunla əlaqə saxladıq.

- Pşisuxada vəziyyət necədir?

- Yaxşıdır, şükürlər olsun. Məşq edir, çempionata hazırlaşırıq. İnşallah, martın 12-də ikinci yarı start götürəcək.

- Əvvəldə bir şeyi dəqiqləşdirim. “Şüvəlan”ın yetirməsisən, yoxsa “Keşlə”nin?

- Heç birinin. Düzdür, bu komandalarda oynamışam. Amma futbolda ilk addımlarımı “Bakı”da atmışam. Məşqçim də Asif Abbasov olub. Asif müəllim mənə məşqçidən də artıq adamdır. İstər futbolda, istərsə də ondan kənarda. Bu insanın üzərimdə haqqı böyükdür.

- Polşaya gedişin, “Oskar”la müqavilə bağlamağın necə baş verdi?

- Noyabrın 9-da gəlmişəm. Sonuncu klub “Qarabağ” idi, yayda klubla müqaviləmin müddəti başa çatdı. Həmin vaxt qarşıma Avropada legioner həyatı yaşamaq məqsədi qoymuşdum. Universititeti vasitə seçib viza alıb, gəldim. Mən universititet üçün Varşavaya gələndə burda fasilə dönəmiydi. “Go and Play” adlı menecer şirkəti ilə müqavilə bağlayandan sonra “Oskar”la anlaşdım. Bu şirkət azərbaycanlı gənclərlə əməkdaşlıq edir və onların Avropaya gəlməsinə çalışır.

- Universititet məsələsi viza almaq üçün vasitə idi, yoxsa orada ali məktəbdə təhsil alırsan?

- İş vizası ilə gəlməyi qərara aldım ki, Polşada rahat 2-3 il yaşaya bilim. Ona görə də sənədlərimi universititetə verib, tələbə adını qazandım. Attestatla gəlmişdim bura.

- İmtahan verdin?

- Yalnız ingilis dilindən səviyyə imtahanı götürdülər. Sınaqdan keçə bilməsəydim, hazırlığa qatılıb 1 il kurslara qatılacaqdım. İmtahandan uğurla keçdiyimə görə problem olmadı.

- Sirr deyilsə, hansı universitetin hansı fakültəsidir?

- İqtisadiyyat və İnsan Elmləri universitetinin Menecment və İdarəetmə fakültəsidir. Bir növ bizdəki İqtisadiyyat Universiteti kimidir.

- Qiyabi təhsil alırsan?

- Xeyr, əyanidir. Bəxtim gətirib ki, dərslər onlayn şəkildə keçirilir burada.

- Klubda, komandada vəziyyət necədir?

- Yaxşıdır, hətta əladır da deyə bilərəm. Komanda məşqləri və oyunları ayrı-ayrı təbii ot meydanlarında keçirir. Trenajor zalı, basseynlər, sauna – hər şey yüksək səviyyədədir. “Oskar Pşisuxa” hazırda 40 xalla turnir cədvəlində 18 komanda arasında 2-ci sırada qərarlaşıb. 1-ci sıradakı rəqiblə aramızda 6 xal fərq var. Çempion olsaq, inşallah, növbəti mövsümü 3-cü liqada başlayacağıq.

- Peşəkar liqa hesab olunur, hə?

- Bəli-bəli. Hər cür şəraitə malik peşəkar liqadır. Komanda sayı çoxdur, üstünlüklər var.

- Belə başa düşdüm ki, Polşanın 4-cü liqasının səviyyəsi və şəraiti bizim Birinci Diviziondakından üstündür.

- Bu barədə nəsə desəm, yanlış anlaşılar, topa-tüfəngə tutarlar məni (gülür). Qısa deyim, böyük təəssüf hissi ilə qeyd edim ki, elədir. Özüm illərdir Azərbaycan futbolunda oynamışam, müxtəlif komandalarda oynamışam. İki dəfə ölkə çempionu, iki dəfə, Naxçıvan turnirində qalib adını qazanmışam, “Qarabağ”da ötən mövsüm son 1 ayı əsas komanda ilə məşq etmişdim. Bəzi səbəblərə görə Allah bura gətirib çıxardı. Deməli, xeyirlisi bu imiş. Bundan sonra fikrim ancaq irəli getməkdir.

- Nə qədər maaş alırsan?

- Normal məvacib verirlər, Birinci Diviziondakından qat-qat üstündür. Amma rəqəm söyləmək istəmirəm.

- Aylıq 1000 avro var?

- Buna yaxındır. Amma bir şey var ki, klub mənə ev verib, üstəlik, qidalanma ilə təmin edir. Ona görə də yüksək maaş tələbim olmadı. Həm də, çempionat başlayanda bonuslar olacaq, çempion adını qazansaq, yaxşı mükafat verəcəklər. Əsas odur ki, futbolçuya dəyər verirlər. Burada futbolçunun arxasınca düşürlər, maraqlanırlar, soruşurlar, motivasiya verirlər. Azərbaycanda belə şey yoxdur.

- Klub rəhbərliyi ilə məşqçilər heyəti oyunundan razıdır? Azərbaycanlı olmağınla seçilirsən?

- Mənə münasibət əladır. Sağ olsunlar, maraqlanırlar, soruşurlar. Fasilə dönəmində 4 oyuna çıxmışam və hamısında start heyətində yer almışam. Qrafikin sıxlığına görə 2 matçda əvəz olunmuşam. İki gün əvvəl yoldaşlıq görüşü keçirmişdik. Dünən prezident yaxınlaşıb dedi ki, cəldliyin, topla rəftarın mükəmməldir, bizə kömək edəcəyinə inanıram. Məşqçi və komanda yoldaşlarım da hörmət qoyurlar.

- Hansı mövqedə çıxış edirsən?

- “10 nömrə” funksiyasını yerinə yetirirəm. Oyun qurucusu, bəzən ikinci hücumçu kimi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA