“Neftçi”də legionerlərlə bağlı ŞOK – Samir Abasov AÇIQLADI

7 Yanvar 2022 16:40 Müsahibə 2 714
“Neftçi”də legionerlərlə bağlı ŞOK – Samir Abasov AÇIQLADI

“Neftçi”nin bu gün günorta baş tutan məşqindən əvvəl Samir Abasov jurnalistlərin suallarını cavablandırıb. Haşiyəyə çıxaraq qeyd edək ki, bakılılar məşqləri 5 legionersiz keçməyə məcburdur. Abasov müsahibədə səbəbləri söyləyib.

Sportinfo.az-ın əməkdaşının da iştirak etdiyi ayaqüstü sual-cavabda “ağ-qaralar”ın çalışdırıcısı maraqlı açıqlamalarla yadda qalıb.
Həmin müsahibəni təqdim edirik.

- İstirahətdən qayıdan futbolçuların fiziki durumu necədir?

- Futbolçulara istirahət dönəmi ilə bağlı proqram vermişdik. Üçüncü gündür birlikdəyik, deyərdim ki, xoş təəssüratlara sahibəm. Hansı durumda getmişdilərsə, demək olar həmin vəziyyətdə qayıdıblar. Bəzi çətinliklər var ki, bu da səhhətləri ilə bağlıdır. Yusuf Laval burdan gedəndən sonra vətənində 5 gün xəstə yatıb. Bu da müəyyən mənada özünü göstərir.

- Komandada tam tərkibdə yığışıb?

- Təəssüf ki, yox. Ha istəyirik yaxşı olsun, məlum vəziyyətlə bağlı alınmır. Sezar Meza Kolli ilə Tyaqo Bezerrada koronavirus aşkarlanıb. Xorxe Korreanın ailəsindəkilər virusa yoluxub deyə, futbolçumuzu da karantinə alıblar. Mamadu Kane də millinin düşərgəsindədir.

- Kanenin “Neftçi”də qalıb-qalmayacağı bəllidir?

- Kanenin yaya qədər Azərbaycanda qalması üçün “Olimpiakos”la danışıqlarımız davam edir. Bununla bağlı müraciət etmişik. Bu yöndə işlər pis getmir.

- Sabir Buqrinin “Neftçi”ni tərk edəcəyi dəqiqləşib?

- Sabir hazırda Tunis klubu ilə danışıqların son mərhələsindədir. Hazırda həmin komandanın düşərgəsindədir. Məsələ tam həllini tapandan sonra “Neftçi”dən gedəcəyi dəqiqləşəcək. Görünən odur ki, bizimlə olmayacaq.

- Sabiri 6 aylıq yola gətirmək olmazdı? Hər halda, “Neftçi” üçün önəmli fiqur idi.

- Sabirin getməyini “Neftçi”də heç kim istəmirdi. Əlbəttə, onun kimi oyunçunun gedişi xoş hal deyil. Onunla çox danışdıq, başa saldıq. Adamın yeganə fikri buranı tərk etmək, başqa ölkədə oynamaq idi. Düşündük ki, getməkdə israrlıdırsa, getsin. Satışından klub maddi planda nəsə qazansın.

- Yerli futbolçulardan kimlərinsə icarəyə verilməsi mümkündür? Məsələn, Mirabdulla Abbasov...

- Bu barədə danışığımız olmayıb. Çünki “Neftçi”yə rəsmi müraciət edən olmayıb. Rəsmi müraciət olsa, bəlkə də dəyərləndirə bilərik. Bu gün bu mövzu aktual deyil.

- Harramiz Suaresin “Neftçi”dəki gələcəyi necə görünür?

- Harramizi icarəyə vermək istəyirik. Hətta ola bilsin qarşılıqlı razılıq əsasında yollarımızı ayıraq.

- Aqil Məmmədovun zədəsi nə yerdədir?

- Aqil 1 saat əvvəl dizindən əməliyyata girdi. Həkimlərin rəyinə əsasən deyə bilərəm ki, 2 həftədən sonra fərdi, 4-5 həftədən sonra kollektiv çalışmalara başlaya bilər. Amma əməliyyat əsnasında nələrin üzə çıxacağını bilmirik.

- Yaydan bu yana klubsuz qalan, millinin düşərgəsində olanda pul davası etdiyi deyilən, Vətən Müharibəsində Azərbaycana dəstək verməyən Eddi İsrafilovun transferi birmənalı qarşılanmadı. Sizcə, “Neftçi”yə nə dərəcədə faydalı ola biləcək?

- Millidə yaşananlardan xəbərim yoxdur. Digər məsələlərlə bağlı özü ilə danışsaz yaxşı olar. Biz onu əsasən yerli futbolçu statusuna sahib olduğuna görə aldıq. Çünki neçə vaxtdır yerli futbolçu azlığından əziyyət çəkirik. Bu gün “Neftçi”yə layiq olan azərbaycanlıların hamısı ilə danışmışıq. Onları gətirmək mümkün deyil. Ya klubları buraxmır, ya da elə qiymət qoyurlar ki, həmin pula iki Sabir gətirmək olar.

- Transfer məsələsində nöqtə qoyulub?

- Yox-yox. Bu yöndə işlərimiz davam edir. Romen Baskla Sabir Buqrini itirdik. Təssüf ki, ailə vəziyyətinə görə Romeni də saxlaya bilmədik. Kane də “Olimpiakos”da getsə, işimiz xeyli çətinləşəcək.

- “Qarabağ”la 11 xallıq fərqi aradan qaldırmaq mümkün görünür?

- “Qarabağ” elə komandadır ki, 11 yox, 2-3 xal da geridə, yaxud irəlidə olsan, bu komandanın təzyiqini hiss edəcəksən. Bundan sonra bizim üçün çətin olacaq. Amma əmin olun ki, çempionluq mübarizəsindən sona qədər qopmayacağıq.

- “Neftçi” adının nə demək olduğunu bilmək üçün ətrafa boylanıb, jurnalistlərin sayına baxmaq kifayət edir. Lakin nədənsə, futbolçular komandada qalmaq istəmir. Yayda Namiq Ələsgərovla Anton Krivotsyuku saxlaya bilmədiniz, bu dəfə Sabir Buqrinlə Romen Baskı. Nədir problem?

- Məncə, bu, tək “Neftçi”ylə əlaqəli problem deyil. Elə vəziyyətdir ki, bunu ümumi şəkildə təhlil etməliyik. Buna isə vaxt yoxdur, çünki məşqimiz başlayır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti