“80 min dollarımı vermədilər” – Hafiz Məmmədovu axtarır - QALMAQALLI MÜSAHİB

4 Yanvar 2022 20:00 Müsahibə 1 956
“80 min dollarımı vermədilər” – Hafiz Məmmədovu axtarır - QALMAQALLI MÜSAHİB

Tarixin yaddaşına qovuşan “Bakı”nın parlaq günləri var idi.

Dünyanın dörd bir yanından legionerlər cəlb edər, Futbol Akademiyası ölkəyə səs salar, hədəf ölkə çempionluğu olardı.

O dönəmdə “zolaqlılar”ın formasını geyinən futbolçulardan biri də İbrahim Kaqrbo idi. Klub prezidenti Hafiz Məmmədovun xətrini çox istədiyi müdafiəçi.

2010-2013-cü illər aralığında “Bakı”nın formasında görünən və ölkə kubokunu başı üzərinə qaldıran İbrahimlə çoxdan danışmaq istəsəm də, söhbətimiz Yeni il bayramı ərəfəsinə təsadüf etdi.

Sierra-leoneli İbrahim Sportinfo.az-a müsahibəsində sizin üçün maraqlı ola biləcək açıqlamalarla yadda qaldı.

- Britaniyadasan deyəsən...

- Yox-yox, bayrama görə Syerra-Leoneyə gəlmişik. Yeni ili burda qarşılayıb, Londona qayıdacağam.

- Belçikada yaşayırdın axı.

- Mən yeniyetmə olanda Afrikadan İsveçə köçmüşdük. Sonra Belçikaya yollandıq, uzun illər orada yaşadıq və övladlarım orada dünyaya gəldi. Lakin uşaqların təhsili üçün Londona köçməli olduq. Çünki oğlum İbrahim futbolla məşğul olurdu. Onu burada tək qoymaq istəmirdik. Digər 3 övladımın da burada təhsil almasında həvəsli idim.

- Belə başa düşdüm ki, İngiltərədə təhsilin səviyyəsi Belçikadakından daha üstündür.

- Demək olar. Bir də ki, uşaqlarım daha çox ingiliscə danışır və bu dili sevirlər. Ona görə də onlara niderland, yaxud fransız dilində təhsil almaq çətin idi. Amma London Londondor, adından göründüyü kimi.

- İşlərin necə gedir?

- İşlərim mükəmməldir. Oğlanlarım futbol oynayır, qızlarım təhsil alır. Mənim işim, həyatım, məşğuliyyətim – hər şeyim onlardır.

- Özün nə işlə məşğulsan?

- Məşqçiliyin sirrlərini öyrənirəm, həm də Syerra-Leonedə Futbol Akademiyasının sahibiyəm. Böyük oğlum İbrahim Kiyev “Dinamo”suna məxsusdur, kiçik oğlum Kelvin Londonda 15 yaşa qədər komandada oynayır.

- Pul gətirən biznesin yoxdur?

- Düzü, futbolçu karyeramı başa vurandan sonra xanımımla iş görmək istəyirdik. Lakin çox yorulmuşdum deyə, istirahət etməyi üstün tutdum. Ondan sonra başım yenə futbola qarışdı, biznes qurmaq yaddan çıxdı (gülür).

- Azərbaycan yadına düşür? Xatırlayırsan heç?

- Azərbaycan mənim üçün yaxşı və pis təcrübə oldu. Yaxşı pullar və dostlar qazandım. Əvəzində, haqq etdiyim maaşın bir hissəsini ala bilmədim. Amma orada unudulmaz 3 il keçirdiyimi deməliyəm. Hafiz Məmmədov kimi möhtəşəm və ideal insanla tanış olduğum üçün özümü dünyanın xoşbəxti sayıram. İnanılmaz dərəcədə əla insandır.

- Haqq etdiyim maaşın bir hissəsini ala bilmədiyini dedin. Söhbət hansı məbləğdən gedir?

- Son 4 ayın məvacibini - 80 min dollarımı vermədilər.

- Aya 20 min dollar düşür. “Bakı”da 10 aya 200 min dollar qazanırdın?

- Xeyr.

- Bəs...?

- 400 min dollar idi maaşım. Sadəcə, 200 mini müqavilə bağlayanda alırdım, yerdə qalan 200 min aylara bölünürdü.

- “Bakı”dan ali qurumlara şikayət etməmişdin?

- Yox-yox. Bəlkə də şikayət etməyən, pul davası etməyən yeganə futbolçu mən oldum. Düzdür, maaşımı istəyirdim, tələb edirdim. Amma görəndə ki, vəziyyət pisdir, imkan yoxdur, əlimi üzdüm o pulumu. Orda bəzi hadisələr oldu...

- Nə kimi hadisələr?

- Bəzi şəxslər pulumu verməmək üçün mənə pislik etməyə başlamışdı. Dedim, siz pislik edirsiniz, amma mən heç nə etməyəcəyəm, çünki arada Hafiz müəllim var. Onları Allaha tapşırıb getdim. Gerisini özünüz gördünüz.

- Kimlər idi onlar?

- Bundan sonra nəsə danışmağın mənası yoxdur. Müsahibəni oxusalar, özləri biləcəklər. Həyatda kişi olub, kişi kimi yaşamaq ən vacib şərtdir.

- Məntiqlə, “Bakı”nın müflis olmasına sevinməliydin.

- Klubun dağılmasına yox, bəzi adamların daha Hafiz Məmmədovun pullarını oğurlaya bilməyəcəyinə sevindim. Futboldan xəbəri və anlayışı olmayanlar “Bakı”nı da məhv etdilər, Hafiz müəllimi də. O qədər əziyyət hədər getdi.

- Sən “Bakı”ya gələndə, milyonlar sağa-sola xərclənirdi. Bu gedişlə klubun müflis olacağını hiss edirdin onda?

- Düzü, ilk təəssüratlarım möhtəşəm idi. Düşünürdüm ki, insanlar böyük işlər görüb, nəticə qazanmaq istəyir. Çünki hər şey o qədər möhtəşəm idi. Amma klubda strtukturun olmaması və lazımsız insanların Hafiz Məmmədovun başına toplaşması sonluğu bu yerə gətirib çıxartdı. Əlində pul varsa və nəticə qazanmaq istəyirsənsə, ya futbolu dərindən bilməlisən, ya da ətrafına bu işi bilənləri toplamalısan.

- Hafiz Məmmədov ətrafındakıların hansı işlər gördüyünü bilmirdi, görmürdü?

- Problem də bu idi. Özüm də baş aça bilmirdim. Hafiz Məmmədovun böyüklüyü mən Belçikaya qayıtmaq istəyəndə cibinin pulunu ailəm üçün xərcləyəndə gördüm. Dedim, ailəm üçün darıxıram, uşaqlarım var. Dedi, hamısını gətir bura, məktəbə yerləşdirəcəm. Ona görə də bizim üçün möhtəşəm və ideal insan olub, olacaq. Gərək zəng vurub danışım, hər şeyə görə yenidən təşəkkür edim ona. Sizdə nömrəsi var?

- Təəssüf ki, yoxdur.

- Eybi yox, taparam bir yolla.

- “Bakı”ya Niderland Eredeviziyasından – “Villem”dən gəlmişdin. Avropanın “göbəyindən” futbol ölkəsi kimi tanınmayan Azərbaycana köç etməyin arxasında pul dayanırdı, eləmi?

- Əlbəttə, pulun böyük rolu vardı. Düzdür, arada dağlar qədər fərq olmasa da, Azərbaycanda təklif olunan maaş nisbətən artıq idi. Lakin ailə və 3-4 uşaqla sırf pula görə getməzdim bəlkə də. “Bakı”ya üz tutmağımın başlıca səbəbi avrokuboklarda iştirak etmək idi. 28-29 yaşım vardı və heç vaxt Avropa Liqasında, yaxud Çempionlar Liqasında oynamamışdım. Düşünürdüm ki, avrokuboklarda inamlı oynamaqla Avropanın aparıcı klublarının diqqətini çəkə bilərəm.

- Sənin adını daşıyan oğlun İbrahim Kiyev “Dinamo”suna məxsus olsa da, son mövsümü Donetsk “Olimpik”ində keçirib. Səni unutduracağına inanırsan?

- Bədən quruluşuna və fiziki hazırlığına görə ona böyük ümidlər bəslənir. Belçikanın aşağı yaş qruplarından ibarət millilərinə dəvət olunub. “Dinamo”da ona çox inanırlar. Lakin gələ gəncdir, 21 yaşı var. Üzərində bir qədər də işləsə və ruhdan düşməsə, böyük futbolçu olacaq. O, “Dinamo”ya keçməklə artıq məni unutdurub (gülür).

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!