"Nepalda "Qarabağ"ı yaxşı tanıyırlar"- MÜSAHİBƏ

14 Dekabr 2021 23:00 Müsahibə 1 151
"Nepalda "Qarabağ"ı yaxşı tanıyırlar"- MÜSAHİBƏ

Azərbaycanlı futbolçu Nurlan Novruzovun da iştirakçısı olduğu Nepal çempionatında 4-cü tur arxada qalıb. Bu tur həmyerlimiz üçün əlamətdar olub. Belə ki, o, ikinci Nepal karyerasında ilk qolunu nəhayət 4-cü turda vurmağı bacarıb.

"Maçxindira"nın şərəfini qoruyan Novruzov Sportinfo.az-a verdiyi müsahibədə vurduğu qolla bərabər uzaq Nepalda işlərinin necə getməsi ilə bağlı danışıb.

- Nurlan, Nepalda işlərin necə gedir? Uzun müddətdir səs-sorağın niyə gəlmir?

- Hər şey ürəyimcədir. İşlərim qaydasında gedir. Çox şükür.

- Komandanın nəticələri necə, yaxşı gedirmi?

- 4 oyundan sonra 10 xalla turnir cədvəlində liderik.

- Nəhayət, ilk qolunu sonuncu turda vurmağı bacardın. Hücumçu olaraq belə susqunluğun nə ilə bağlıydı?

- Açığı, hücumçu kimi sonuncu dəfə "Səbail"də oynamışam. Ölkə xaricində daha çox mərkəz yarımmüdafiəçisi və ya vinger kimi çıxış edirəm. Hələlik aktivimdə 1 qolla bərabər 2 asist də var. Qarşıdakı oyunlarda qollarıma davam edəcəm.

- Nepala ikinci gedişindir. Komandaya uyğunlaşmaq və yaşamaq baxımından hər şeyin sənin üçün indi daha rahat olduğunu düşünmək olar?

- İlk dəfə gələndə də çətinlik çəkməmişəm. 4 ildi ölkə xaricində oynayıram. Heç bir ölkədə uyğunlaşma problemim olmayıb.

- Yerli camaatın sənə münasibəti necədir?

- Hər kəs mənə hörmətlə yanaşır. İstər-istəməz bu hal çox xoşuma gəlir. Mən də bu münasibətin daha yaxşı olması və davam etməsi üçün meydanda bütün gücümü qoyuram. Ümumiyyətlə, dünyada futbolun qanunu eynidir. Yaxşı oynadınsa, daim başlarının üzərində gəzdirirlər.

- Müxtəlif ölkələrdə legioner həyatı yaşamısan. Növbəti gedəcəyin ölkə haqqında heç fikirləşmisən?

- Hələ Asiyada qalmağı istəyirəm. Burda hər şey ürəyimcədir.

- Bəs Nepalda Azərbaycan futboluna münasibət necədir? Ümumiyyətlə, münasibət varmı?

- "Qarabağ"ı yaxşı tanıyırlar. İnanın ki, "Marsel"in "Qarabağ"a rəqib olmasını məşqdə uşaqlar dedi. Aramızda saat fərqi var deyə oyunlar gecə saatlarında başlayır. Amma "Qarabağ"ın oyunun izləmək istəyən çox adam var. Yerli çempionatımız haqqında çox şey bilmirlər. Bir də "Neftçi"ni tanıyırlar.

- Yəqin ki, Premyer Liqamızı izləyirsən. Kənardan necə görünür?

- Bu il çempionatımıza maraq artıb. "Qəbələ", "Zirə" və "Neftçi" "Qarabağ"a "biz də varıq" siqnalını verir. Adını saydığım hər üç klub da gözəl futbol oynayır. Yeni baş məşqçinin gəlişindən sonra "Sabah"ın da gözəl oynadığını deyə bilərəm. Qısası, Premyer Liqada canlanma var. İndi əsas yük düşür AFFA-nın üstünə. Çempionatın səviyyəsini qaldırmaq üçün bölgə komandalarına ehtiyac var.

- Zamanında bombardir olduğun Azərbaycan çempionatından uzun müddətdir uzaq düşmüsən. Təklif olsa, özündə oynamaq gücü hiss edirsənmi?

- Açığı, Premyer Liqada iştirak edən bəzi komandaların oyunu ürəkağrıdır. Bəzi legionerləri məcburiyyətdən niyə oynadırlar? Elə onların yerinə yerliləri oynatsınlar. Hər zaman yerli məşqçilərin tərəfdarı olmuşam. Amma Murad Musayevi "Sabah"da görəndən sonra anlayıram ki, bizim yerli məşqçilər də inkişaf etməyə tənbəllik edir. Böyük danışmaq kimi olmasın, amma Azərbaycan Premyer Liqasında oynamaq istəmirəm. Futbol sevgisi olan gənclərə səslənirəm ki, əlinizdə şans varsa ölkə xaricinə gedin. Zəif çempionatdı deyib bəhanə etməyin. Biz futbol ölkəsi olaraq nə İtaliya, nə İngiltərə, nə də Braziliya deyilik ki, seçim edək.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"