“Bunun günahını tək özümdə görmürəm” - Qalmaqallı legioner evində “Sportinfo”ya danışdı

14 Dekabr 2021 20:40 Müsahibə 4 269
“Bunun günahını tək özümdə görmürəm” - Qalmaqallı legioner evində “Sportinfo”ya danışdı

Bu ilin əvvəlində “Keşlə” ilə 1 illik müqavilə bağlayan Anatoli Abanqın etimadı doğrultduğunu demək olmaz.

İlboyu bütün yarışlarda meydana çıxdığı 28 oyunda cəmi 5 qola imzasını yazdıran hücumçu daha çox aldığı qırmızı vərəqələrlə gündəmə gəlməkdədir.

Kamerunlu futbolçunun həlledici məqamlarda komandasını çıxılmaz vəziyyətdə qoyması klub rəhbərliyi ilə məşqçilər heyətinin ürəyincə deyil.

Odur ki, “Keşlə” Abanqla anlaşmanı yeniləməkdə maraqlı deyil.

25 yaşlı futbolçu ilə bu mövzuda danışmaq istəyirdik. Lakin telefonla müsahibə verməyin tərəfdaşı olmadığını deyən Anatoli, bəndənizi evinə dəvət etdi. Şəhərin mərkəzində kirayə qaldığı mənzilindəki 15 dəqiqəlik söhbətdə bir çox maraqlı faktlar üzə çıxdı.

- Necəsən? İşlərin necə gedir?

- Yaxşılıqdır. Gördüyünüz kimi, evdəyəm.

- “Sumqayıt”la oyunu buraxırsan, başa düşürük. Məşqlərdə də iştirak etmirsən?

- Hələ ki, fərdi məşqlərlə kifayətlənirəm. Sonrası görək necə olur.

- Məşqlərə buraxılmırsan, yoxsa necə?

- Buraxılmamaq söhbəti deyil. Müqavilə ilə ilin sonuna qədər “Keşlə”yə məxsusam deyə, anlaşmanın tələblərini yerinə yetirməliyəm. Sadəcə, hələ ki, komanda ilə çalışmalarda iştirak etmirəm.

- “Keşlə”dəki gələcəyini necə görürsən?

- Düzünü desəm, bu haqda danışmaq üçün tezdir. Çünki qarşıda düşünmək və qərar vermək üçün vaxtımız var. Birlikdə hansısa qərar qəbul edəcəyik.

Messinin 69 metrlik rəsmi -  

- Necə yəni birlikdə?

- Yəni klubun yeni şərtlərinə nəzər salandan sonra nəsə demək mümkündür. Bunun üçünsə oturub danışmaq lazımdır.

- Məgər “Keşlə” xidmətində maraqlıdır?

- Bəli.

- Hardan bilirsən? Kim deyib?

- (gülür) Söhbət məndən gedirsə, bilməyim normaldır. Klubdan müqavilənin mövsümün sonuna qədər uzadılması ilə bağlı təklif almışam. Lakin tələsik qərar vermək istəmirəm. Gözləyək, görək hadisələrin sonrakı axarı necə olacaq.

- Maaşının azaldılması ilə bağlı yeni müqavilə?

- Xeyr-xeyr, elə indiki şərtlə.

Messinin 69 metrlik rəsmi -  

- Cari mövsümdə aktivində cəmi 4 qol var. Bir hücumçu üçün bu göstəricini necə qəbul edirsən?

- Düzünü desəm, qətiyyən razı deyiləm. Bacarığımı və nəyə qadir olduğumu yaxşı bilirəm. Daha çox qol vura bilərəm. Bəlkə də cəza səbəbindən meydana çıxmadığım oyunlarda forma geyinsəydim, qollarımın sayı bundan da çox ola bilərdi. İstənilən halda bu məni razı salmır. Artıq Azərbaycan çempionatına uyğunlaşdığımı deyə bilərəm. Fikrimcə, karyeramı burda davam etdirməli olsam, qolların davamı gələcək.

- Çempionatın ilk yarısı hələ başa çatmayıb və sənin passivində artıq 2 qırmızı vərəqə var. Buna necə izah verə bilərsən?

- Bunun günahını tək özümdə yox, həm də Azərbaycan çempionatında və hakimlərin qərarında görürəm. “Səbail”lə oyunda rəqib futbolçunu vurduğumu, yaxud ona xəsarət yetirdiyimi xatırlamıram, düzü. İkili mübarizə idi, hətta epizodun davamında rəqib futbolçu ayağa durub “sarı” almağıma təəccübləndi. Ümumiyyətlə, burda hakimlər sərt oyuna imkan vermir. Kobudluq yox ha, bir az sərtlik edən kimi rahat şəkildə “sarı” göstərirlər. Ona görə də bəzən çox ciddi çətinliklə üzləşirəm. Çünki mən atletik futbol oynamağa, fiziki gücümdən istifadə etməyə öyrəşmişəm.

Messinin 69 metrlik rəsmi -  

- Baş məşqçi, yaxud rəhbərlik aldığın “qırmızılar”a görə qınayır?

- Xeyr. Çünki onlar da epizodları görür və niyyətimi anlayır. Heç bir futbolçu bilərəkdən komandasını azlıqda qoymaq istəməz.

- Çətindir Azərbaycanda oynamaq?

- Çətindir deməzdim. Sadəcə, hər ölkədə olduğu kimi, buranın da öz futbolu var. Atletik futbola yox, texnikalı oyuna üstünlük verir. Buna isə alışmaq lazımdır. Fikrimcə, artıq həmin dönəmi keçmişəm. Görək bundan sonra nələr olacaq.

- Moldova çempionatı, yoxsa Azərbaycan Premyer Liqası?

- Klubların imkanı baxımından deyirsizsə, burdakı vəziyyət ora baxanda yaxşıdır. Amma çempionatın səviyyəsindən danışmalı olsaq, məncə, Moldova futbolu Avropanınkinə daha yaxındır. Çünki orda daha çox fiziki gücə hesablanmış atletik və sürətli futbol sərgiləyirlər. Azərbaycanda temp aşağı olur, üstəlik, topla daha çox rəftar edirlər.

- Elədirsə, ötən yay Çempionlar Liqasında “Qarabağ” “Şerif”i necə keçmişdi?

- Həmin oyunda şanssızlıq da olmuşdu. Yadınızdadırsa, pandemiyaya görə təsnifat mərhələsi bir oyundan ibarət keçirilirdi. Biz də həmin vaxt Bakıya gəlməli olmuşduq. Əslində, pis oynamırdıq. Sadəcə, mənim qırmızı vərəqə almağım və komandadakı tələskənlik məğlubiyyətə yol açmışdı. Fikrimcə, “Qarabağ”dan heç də zəif görünməmişdik.

Messinin 69 metrlik rəsmi -  

- Bəs, ondan əvvəlki 2 cəhddə?

- Həmin matçlarda iştirak etməmişəm deyə, nəsə deməkdə çətinlik çəkirəm. Mən sizə gördüyüm oyun haqda danışdım. Yeri gəlmişkən, “Qarabağ” çox möhtəşəm komandadır. Daha doğrusu, ordakı kollektiv. Hər bir futbolçunun arzusu o cür kollektivə sahib olmaqdır. Baş məşqçi ilə futbolçular bir-birini jestlərlə, adi göz işarələri ilə anlayırlar. Bu, bilirsiz nə deməkdir? Nədən xəbər verir?

- Komandadakı möhtəşəm ah-havadan?

- Bəli-bəli. Məşqçi futbolçunun arxasında durub, ən çətin yanında olmağı bacarırsa, sizi inandırım, o komandada ehtiyatda oturan futbolçular da özlərini xoşbəxt hiss edir. Şəxsən mənə ləzzət edir.

- Sabiq komandan “Şerif”in cari mövsümdəki oyunlarını izləyirsən?

- Əlbəttə. Möhtəşəm nəticələr qazanır, əla işlər görürlər. Uğurlar arzulayıram.

- Komanda büsbütün dəyişib və yenidən qurulub. Sən və digər futbolçular qalsaydı, Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb 7 xal toplamaq mümkün olardı?

- Bizim vaxtımızdakı bəzi idarəçilər və baş məşqçi dəyişsəydi, hə. Əks halda yox.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti