"600 manat alan azərbaycanlı məşqçi nadir hallarda belə riskə gedər"

8 Dekabr 2021 17:00 Müsahibə 1 808
"600 manat alan azərbaycanlı məşqçi nadir hallarda belə riskə gedər"

Futbolun inkişafının təməl prinsipi uşaq futboludur. Uşaq futboluna lazım olan diqqət və qayğı göstərilsə, mütləq ki, yaxın gələcəkdə bunun faydaları ortaya çıxacaq.

Görünür, ölkə futboluna cavabdeh olan şəxslər ya bunu bilmirlər, ya da qulaqardına vururlar.

Bunun da nəticəsində 500-600 manat maaş alan məşqçilər müxtəlif variantlara əl atır. Kimisi valideyn əlinə baxır, kimisi də ya bu sahədən, ya da ölkədən getməyə qərar verir.

Əsədulla Əliyev də məhz ölkədən getməyə qərar verən məşqçilərimizdəndir. Qapıçı məşqçisi olan Əsədulla iyul ayından ABŞ- köçüb.

Maraqlı olacağını nəzərə alıb, onunla söhbətləşməyə qərar verdik.

- Əsədulla, necəsən?

- Salam alekum. Şükür, yavaş-yavaş işlər yoluna düşür.

- Bildiyim qədərilə orada da qapıçı məşqçisi kimi çalışmağa davam edirsən.

- Bəli, elədir. İyul ayından bura gəlmişəm. Sevdiyim sahədən uzaq düşməmişəm. Qapıçı Akademiyasında çalışıram.

- Deməli, tək gəlir yerin həmin akademiyadır...

- Yox, əsas işim oradır. Bundan başqa uşaq futbol məktəbində də işləyirəm. Həmin məktəbdə hamımızın yaxşı tanıdığı Türkiyə millisinin veteran hücumçusu Hakan Şükür də məşqçi kimi çalışır.

- Qayıdaq başa, necə oldu ki, ABŞ-a getməyə qərar verdiniz?

- Əlbəttə, maddi tərəf əsas rol oynadı. Ölkəmizdə uşaq futboluna daha çox yatırım edilməlidir. Çünki futbolumuzun gələcəyi uşaq futbolundan asılıdır. Belə olmadıqda hansısa nəticə gözləmək düzgün deyil.

- ABŞ-da bu baxımndan durum necədir?

- İlk öncə onu deyim ki, burada adi kollecdə 2 futbol meydançası var. Biri süni, digəri təbii ot. Ali məktəblərdə isə ən azı 3-4 standart meyança var.

- İnfrastruktur və təminat baxımından çox geri qaldığımız acı reallıqdır. Məşqçilərin müqayisəsini aparsaq, hansı qənaətə gəlmək olar?

- Açığı, bunda biz daha yaxşıyıq. Bizim uşaq futbolunda çalışan məşqçilərimiz burdakı məşqçilərlə müqayisədə daha savadlıdır.

- Bəs bizim uşaqlar daha istedadlıdır, yoxsa ordakılar?

- Əvvəla burdakı uşaqların psixologiyası başqadır. Tam fərqli mentalitetləri var. Amma istedadlı uşaqları var. Açığı, bir patriot kimi mən öz uşaqlarımızı hamıdan üstün tuturam. Məsələn, bizdə U-17 millimizə legionerlər gətirilir və onlar da bizim uşaqların yerini tutur. Mən belə şeylərə qarşıyam. Onlar elə güclüdülərsə, elə gedib öz ölkələrinin milli komandasında çıxış eləsin. Öz məşqçilərimizə, öz uşaqlarımıza üstünlük verməliyik. Öz uşaqlarımızın inkişafı üçün onlara vaxt verməliyik.

- ABŞ futbol ölkəsi deyil. Bu baxımdan valideynlərin, uşaqların bu sahəyə yanaşması necədir?

- Futbola maraq indi artıb. Valideynlər özləri uşaqlarını məşqə gətirir. Fərdi məşqlərə də üstünlük verirlər. Bunun üçün isə hər bir şərait var.

- Uşaq futbolunda valideynlərin məşqçilərin işinə müdaxiləsinə çox rast gəlirik. Eyni mənzərə orada da yaşanırmı?

- Açığı, hələ belə halla rastlaşmamışam. Ona görə də dəqiq deyə bilmərəm.

- Əsədulla, sənin kimi bir başqa uşaq məşqçimiz Ruhin Əliyev də bu yaxınlarda ABŞ-a köçüb. Münasibətiniz varmı?

- Bəli, münasibətimiz var. "LEON" futbol məktəbində birgə işləmişik. Doğrusu, bura gəlməsindən xəbərim yox idi. Sizin saytdan oxuyanda məlumatım oldu. Əlbəttə, buna sevindim.

- Deməli, həm də daimi oxucumuzsunuz...

- Bəli. İnanın ki, yuxudan oynan kimi birinci Sportinfo.az-a daxil oluram.

- Bizi izləyirsinizsə, deməli, futbolumuzda başverənlərdən də xəbərdarsınız. Bəs burada olan uşaq məşqçilərindən ABŞ-a köçmək istəyən, sənə müraciət edən həmkarların varmı?

- Bura gəlmək elə də asan iş deyil. Bilet bahadı. Viza almaq da çətindir. Bura gələnə kimi 3500-4000 manat lazım olur. Bundan başqa cibində də pulun olmalıdır. Azərbaycanda 600-800 manat alan məşqçi nadir hallarda belə riskə gedər.

- O zaman son olaraq, uzun müddət çalışdığın və problemlərindən agah olduğun uşaq futbolumuzda çalışan həmkarlarına nə tövsiyyə edərdin?

- Mənim üçün ən önəmli məsələ savaddır. Nə qədər üzərimizdə çox işləsək, o qədər də çox inkişaf edə və nəticə qazana bilərik. Hər birinə işlərində uğur arzu edirəm.

Xanoğlan İmanov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.

Əyalətdə futbolumuz və sağlam cəmiyyət naminə fəaliyyət göstərən akademiya

Digər Xəbərlər
Xəbər Lenti