“Adamı işdən küsdürürlər” - ABŞ-a köçən azərbaycanlı məşqçi "Sportinfo"ya nələr danışdı?

4 Dekabr 2021 20:20 Müsahibə 2 161
“Adamı işdən küsdürürlər” - ABŞ-a köçən azərbaycanlı məşqçi "Sportinfo"ya nələr danışdı?

Uzun müddət ölkəmizdə uşaq futbolunda məşqçilik edən Ruhin Əliyev ABŞ-a köçüb.

Ruhin futbol ictimaiyyətində haqqında kifayət qədər müsbət fikirlər formalaşdırmağı bacaran azsaylı təməl məşqçilərimizdən sayılırdı.

Belədə onun kimi birinin ölkəmizi, futbolumuzu tərk etməsinə, ancaq üzülmək olar. Əliyevlə əlaqə saxlayıb, gedişinin səbəbini öyrənmək istəyirdik. Amma söhbətimiz uzun çəkincə, ortaya geniş müsahibə çıxmış oldu.

Ruhin Əliyevin Sportinfo.az-a verdiyi həmin müsahibəni sizə təqdim edirik.

- Salam, Ruhin. Necəsən?

- Salam. Şükür, yaxşıyam.

- Amerikada vəziyyət necədir?

- Artıq 3 həftədir burdayam. Yeni gəlmişəm, amma hər şey yaxşıdır. Buralar mənə yad yer deyil. Çünki 2002-2006-cı illər Virciniya ştatında tələbəlik həyatı yaşamışam.

- Yəqin ki, elə o vaxtdan da orada qalan dostların var...

- Bəli, mən 2006-ci ildə vətənə qayıdanda burada qalan çox saylı dostlarım vardı. İndi hər birinin yaxşı səviyyədə işi var.

- 15 il sonra yenidən həmin dostların yanına qayıtmağa nə vadar etdi?

- Mən çox şikayət etməyi xoşlayan adam deyiləm. Hər zaman dostlarım soruşanda deyirdim ki, vəziyyət əladır. Çünki işimi sevirdim və sevə-sevə edirdim.

- Bəs sonra nə oldu ki, getməyə qərar verdin?

- Fərqinə vardım ki, yox, belə getməyəcək. Dostlarımın dəyərli təklifini qəbul edib, buraya gəlməyə qərar verdim. Açığı, arxada qalan illər belə təkliflər çox olmuşdu, amma mən razılaşmırdım.

- Uzun müddət uşaq futbolunda məşqçi kimi çalışmısan. Bəs indi nə işlə məşğul olursan?

- Qeyd etdiyim kimi, dostlarımın biznesi var. Mən də hazırda onlarla çiyin-çiyinə çalışıram. Hər şey gözəl şəkildə, qaydasında gedir.

- Məşqçi kimi 10 ilini verdiyin və sevdiyin sahə olan futbol necə olacaq?

- Futbolla vidalaşdım. Nəinki Azərbaycan, ümumiyyətlə, futbol sektorunda çalışmaq istəmirəm.

- Niyə? Əsas səbəb nədir?

- Çünki futbolda ədalət yoxdur. Dünyanın hər yerində aşağı yaş qrup məşqçilərinə qarşı böyük ədalətsizlik var. Azərbaycandan isə ümumiyyətlə, danışmaq istəmirəm. Amma dediyim ədalətsizlik ABŞ-da belə var.

- Azərbaycan futbolunda uzun illər təməl məşqçisi kimi fəaliyyət göstərdin. Futbol ictimaiyyətində adından yaxşı mənada söz etdirməyi bacaran azsaylı təməl məşqçilərimizdən olmusan. Bu sahəyə gəlişin necə olmuşdu?

- İlk dəfə "Canbala" futbol məktəbində 1 ay çalışmışam. Orda sözümüz düz gəlmədi və mən də ayrılmağa qərar verdim. Sonra "Qarabağ"a gəldim. Burada 3-5 gün olandan sonra qərara gəldim ki, öz klubumu açım. 2012-ci ildə "LİON" futbol klubunu təsis etmişəm. Yaxşı bir sistem qurmuşduq. 3-4 il bu məktəbdə fəaliyyətimiz oldu. O dövr üçün Azərbaycanda nümunəvi məktəblərdən idi.

- O zamanlar heç o yaşda uşaqlarla işləmək təcrübəsi də ölkəmizdə geniş yayılmamışdı...

- Bəli, həmin zaman 5-6 yaşlı uşaqlarla işləmək təcrübəsi demək olar bizdə yox idi. Hətta bəzi təcrübəli mütəxəssislər gəlib deyirdi ki, bu yaşda uşaqlarla işləyə bilməzsən. Mən isə izah edirdim ki, bunun da öz metodikası var. Dünya təcrübəsini öyrənib Bakıda tətbiq edirdim. Sonra Yaşar Abdulov işimə baxıb, məni "Vətən" futbol məktəbinə dəvət etdi. "Vətən"də də çox işlər görüldü. 4-5 il burada çalışdım. Təməldən götürüb Azərbaycana bəxş etdiyim yüzlərlə uşaq olub. Özüm barədə çox danışmağı sadəcə sevmirəm. Ən sonda "Sumqayıt" klubu tərəfindən ən aşağı yaş qruplarına koordinator vəzifəsi mənə təklif edildi. Mən də dəvəti qəbul edib Sumqayıt futbolunda çalışmağa qərar verdim. Bilirik ki, bu şəhər futbol keçmişi, tarixi olan məkandır. Orada çalışmaq karyeramda fərqli səhifə idi. Gözəl planlarım vardı. İcrasına da başlamışdıq. Müəyyən səbəblər üzündən orada qalmağım 1 ildən artıq çəkmədi.

- Gözəl planların olduğunu dedin. Heç olmasa sən olmasan da həmin planlar həyata keçirilirmi?

- Bəli. Verdiyim layihə hələ də davam edir. Köməkçim artıq mənim yerimə təyin olunub. İşi o davam etdirir. Mən də elə buna sevinirəm ki, Sumqayıt futboluna müəyyən faydam oldu.

- Və beləcə Azərbaycan futbolu sənin kimi azsaylı işini bilən təməl məşqçisini itirmiş oldu...

- Əvəzedilməz insan yoxdur. Sadəcə mənim əməyim çox idi. Çox böyük ümidlər edərək, bu əməyi sərf etmişdim. İşlərin daha yaxşı məcrada gedəcəyinə inanırdım. Böyük həvəs və enerji ilə çalışırdım. Bütün sıxıntılarıma rəğmən, işimə olan sevgim həmin sıxıntıları unutdururdu. Amma 10 ildən artıq buna gücüm çatmadı.

- Nə baş verdi ki, belə qəti qərar verməyə məcbur oldun?

- Bir anda fikirləşdim ki, zaman gedir, uşaqlar böyüyür və mən heç bir şeyə nail ola bilməmişəm. Sırf maddiyat baxımından. Hə, işim var, hər gün gedib-gəlirəm. Çoxsaylı sadə insanların duası, təşəkkürü də öz yerində. Amma yuxarıda oturan rəhbərlik tərəfindən heç bir təşəkkürnamə görmədim.

- Az maaş qarşılığında kifayət qədər çətin iş sayılan aşağı yaş qruplarında çalışırdın. Ən azından "quru" təşəkkürü də sizə çox görürdülər?

- Uzun illər "Vətən" futbol məktəbində çalışdım. Oradan ayrılıb "Sumqayıt"a gələndə adi təşəkkürnamə nədir axı, onu belə vermədilər. Versəydilər mən də onu böyük fəxrlə evimdə divardan asardım. Mənim həmin kağıza ehtiyacım yoxdur. Diqqət başqa şeydir də. İnsanı sevdiyi işdən küsdürürlər.

Xanoğlan İmanov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.

Əyalətdə futbolumuz və sağlam cəmiyyət naminə fəaliyyət göstərən akademiya

Digər Xəbərlər
Xəbər Lenti