"Murad Musayevin tələb etdiyi futbol bizə tam uyğundu, lakin..." - MÜSAHİBƏ

27 Noyabr 2021 09:40 Müsahibə 1 091
"Murad Musayevin tələb etdiyi futbol bizə tam uyğundu, lakin..." - MÜSAHİBƏ

Mövsümə uğursuz start verən "Sabah" son 4 turda qazandığı müsbət nəticələrlə gələcəyə ümid verir.

Bunda həm də yeni baş məşqçi Murad Musayevin təyinatı az rol oynamayıb. Rusiyalı mütəxəssis son iki oyunda komandanı meydana çıxarıb və 4 xal əldə etməyi bacarıb. Xüsusi ilə "Neftçi" üzərində qələbə diqqətləri cəlb etmiş oldu.

Masazır təmsilçisinin qapıçısı Səlahət Ağayev Sportinfo.az-a müsahibəsində komandasında sadaladığımız başverənlərlə bağlı suallarımıza aydınlıq gətirib.

- "Neftçi" üzərində möhtəşəm qələbədən sonra, yəqin ki, komandada əla ab-hava var. Bu, növbəti tur öncəsi kollektivdə arxayınlığa səbəb ola bilərmi?

- Qətiyyən. Səfərdə bu cür güclü komandaya qalib gəlməyimiz, əlbəttə, sevindiricidir. Lakin bu oyun artıq geridə qalıb. Komandanın hər bir üzvü peşəkardır. Hər oyunun bir-birindən fərqləndiyini yaxşı başa düşürlər. Uğurlu seriyanı davam etdirmək üçün hər oyuna xüsusi köklənmək lazımdır. İndi yalnız qarşıdakı oyunumuz barədə düşünürük.

- Yeni təyinat alan Murad Musayev "Sabah"dakı karyerasına uğurlu start verdi - 2 oyun, 4 xal. Səncə, rusiyalı mütəxəssis qısa müddətdə komandada nəyi dəyişdi?

- Murad Musayev əsl peşəkardır. Gənc olmasına rəğmən, kifayət qədər təcrübəyə malikdir. Onun rəhbərliyi altında çalışmaq xoşdur. Hər məşqçinin özünəməxsus tərzi, metodları olur. Musayevdə də həmçinin. Onun tələb etdiyi futbol bizə tam uyğundur. Lakin özünün də dediyi kimi, hələ artırmalı olduğumuz çox məqam var. Öz üzərimizdə çalışaraq, çatışmazlıqları oyundan-oyuna aradan qaldırmağa çalışırıq.

- Son 4 turdakı müsbət nəticələr "Sabah"ın real gücünü göstərir, yoxsa daha da yaxşı ola bilərsiniz?

- Düzdü, son oyunlarda yaxşı nəticələr qazanırıq. Lakin deməliyəm ki, çempionatın ilk dövrəsində heç də rəqiblərimizdən zəif oyun nümayiş etdirmirdik. Sadəcə, nəticələr istədiyimiz kimi alınmırdı. Bunda da ən əsas səbəb kimi komandanın yeni olmasını, futbolçuların bir-birinə tam uyğunlaşmamasını göstərmək olar.

- 3 turdan sonra Premyer Liqada qış fasiləsi yaranacaq. Qarşıdakı 3 oyunda neçə xal sizi qane edəcək?

- İlk dövrədə çox xal itirdik. Buna görə hazırda bütün oyunlar bizim üçün çox əhəmiyyətlidir. Hər matça 3 xal qazanmaq üçün çıxırıq. Bunun üçün əlimizdən gələni edirik.

- Necə fikirləşirsən, hazırkı heyətlə "Sabah" mövsümü medalçılar sırasında başa vura bilər, yoxsa qış fasiləsində komandanın güclənməsinə ehtiyac var?

- Fikrimcə, bizim yaxşı heyətimiz var. Lakin komandanın güclənməsinə ehtiyac var, yoxsa yox, buna ən yaxşı məşqçilər korpusu qərar verə bilər.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?