"Pezidentin təklifi ilə razılaşmayıb, vətənə qayıtmaq qərarına gəldim" - MÜSAHİBƏ

26 Noyabr 2021 16:40 Müsahibə 1 324
"Pezidentin təklifi ilə razılaşmayıb, vətənə qayıtmaq qərarına gəldim" - MÜSAHİBƏ

Təxminən bir ay əvvəl azərbaycanlı futbolçular - Nurlan Novruzov və Sadiq Quliyev karyeralarını ölkə xaricində davam etdirmək üçün Nepala üz tutdular.

Hər iki futbolçu da eyni klubla - "Maçindira" ilə razılığa gəlib, mövsümün sonuna kimi müqaviləyə imza atdı.

Amma bir müddət sonra Quliyevin sənədlərində yaranan problem onun ölkə xaricindəki legioner həyatını əngəlləmiş oldu.

Sadiq Quliyevin Sportinfo.az-a müsahibəsində də məhz Nepala gedişi və yaşadığı problemlərlə bağlı ətraflı söhbətləşdik.

- Sadiq, necəsən?

- Şükür, salamatçılıqdır.

- Hələ də Nepaldasan, yoxsa vətənə qayıtmısan?

- Hələki burdayam. İnşallah, sabah üçün biletim alınıb vətənə qayıdacam.

- Bəs Nepala gedişin necə gerçəkləşdi?

- Nepal təmsilçisi "Maçındıra"nın prezidenti Nurlanın (Nurlan Novruzov - red) vasitəsi ilə mənə təklif göndərdi. Klub prezidenti videolarıma baxıb oyunumu bəyənmişdi. Nurlan özü ilə mənim də Nepala getməyimi istədi. Mən də razılaşdım.

- İlk dəfə legioner həyatı və Nepal. Qərar verməyin çətin olmadı?

- Açığı, düşündüm ki, Nepal çox uzaqdır. İlk dəfə başqa ölkədə çıxış edəcəyim üçün çox götür-qoy elədim. Nurlan israrla "gedək" deməsindən sonra mən də getməyə qərar verdim. Klub rezidenti ilə görüşümüzdə müqavilə imzalandı. Vaxt itirmədən komandanın təlim-məşq toplanışına qatıldım.

- Amma 1 rəsmi oyun belə keçirmədən Nepaldan ayrılmaq məcburiyyətində qaldın. Nə baş verdi?

- Təlim-məşq toplanışında 3 yoxlama oyununda meydanda oldum. Hər şey qaydasında gedirdi. Amma çempionatın startın az qalmış sənədlərimlə bağlı problem yarandı. Nepal Futbol Federasiyası sənədlərimi qəbul etmədi. İlk rəsmi oyun gününə kimi gözlədik. Rəhbərlik və məşqçilər heyətinin səylərinə baxmayaraq sənədləşmə ilə bağlı problem öz həllini tapmadı.

- Bəs imzaladığın müqavilənin aqibəti necə oldu?

- Rəhbərlik əlindən gələn hər şeyi etdi. Hətta mənə təklif olundu ki, yanvar ayına kimi komanda ilə qalım. Bəlkə, ona kimi problem həll olar deyə düşünürdülər. Mən də bu müddətdə oynamayacağımı və ailəli olduğumu nəzərə alıb ayrılmağa qərar verdim. Rəhbərlik də sağ olsun, istəyimi nəzərə alıb qayıdış biletimi aldı.

- Bundan sonra karyeranla bağlı nə düşünürsən? Yenidən legioner həyatı yaşamağa cəhd göstərəcəksən, yoxsa necə?

- Bakıya qayıdıb fərdi məşqlərimi davam etdirəcəm. Yanvara kimi gözləyəcəm, yerli klublardan təklif olmasa, yenidən ölkə xaricinə yollanmaq barəsində düşünəcəm.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"