Tanınmış mütəxəssisdən ETİRAZ - "Ona da dəyib-dolaşmaq lazımdır"

16 Noyabr 2021 17:40 Müsahibə 1 471
Tanınmış mütəxəssisdən ETİRAZ - "Ona da dəyib-dolaşmaq lazımdır"

Canni De Byazinin çalışdırdığı Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsini bir xalla başa vurdu.

Acınacaqlı nəticələrdən sonra italiyalı mütəxəssisin milli komandamızdan ayrılacağı ehtimal edilir. İndi isə əsas müzakirə olunan məsələ məhz onun ayrılmasında sonra yığmanı kimin çalışdıracağıdır.

Yerli mütəxəssis olsun, yoxsa əcnəbi? Təcrübəli mütəxəssis Yunis Hüseynovun Sportinfo.az-a müsahibəsində bu və digər suallara cavab tapmağa çalışdıq.

- Yunis müəllim, daha bir seçmə mərhələ millimiz üçün başa çatdı. Nə düşünürsüz?

- Bu tskil heç də yaxşı olmadı. Cəmi 1 xal toplamaqla qrupda sonuncu yeri tutduq.

- Müsabiqədən kənar qatılan Qətər yığması ilə də bərabərə qaldıq...

- Qətər yığması qrupumuzdakı rəqiblər kimi səviyyəli deyildi, amma əfsuslar olsun ki, onda da qələbə qazana bilmədik.

- Niyə?

- İnkişaf yoxdur. Digər bütün milli komandalarda yüksəliş var, amma bizdə yaxşılığa doğru nəsə hiss eləmirəm.

- Bunun üçün əsas millidə nələri dəyişməliyik?

- Əsas millidən danışırıq, amma heç gənclər millisindən danışan yoxdur. Axı bizim gələcəyimiz onlardı. Əvvəllər bu haqda çox danışılardı. İndi 3 ildi Obradoviç Bakıdadır. Kölgəyə çəkilib, heç kim dəyib dolaşmır. Yaxşı da maaş alır. Amma ona da dəyib-dolaşmaq lazımdır.

- Sportinfo.az-ın danışmaqla bağlı dəfələrlə edilən müraciətinə serbiyalı "yox" cavabı verib...

- Olmaz axı belə. Bütün oyunlarda uduza-uduza gedirlər. Deyən də yoxdur ki, "ay bala, niyə uduzursuz?" Yerli mütəxəssislər olanda ancaq nə qədər desən yazırdılar ki, bizim mütəxəssislərimiz belə işləyir filan. Amma indi uduza-uduza gedirlər, heç kim heç nə demir. Sanki belə də olmalıdır. De Byazidən danışırıq, pisləyirik, amma Obradoviç yada da düşmür.

- Sizcə, Obradoviç niyə yada düşmür?

- Bilmirəm. Kiminsə bunda nəsə xeyri var, yoxsa yox deyə bilmərəm. Bəlkə də kimlərinsə dostu-tanışıdır. Ona görə də heçə nə deyən yoxdur.

- Dediklərinizdə haqq var. Amma istəsək-istəməsək də gündəmin əsas mövzusu əsas milli komandadır. Sizcə, De Byazini kim əvəzləməlidir?

- Hər kəs deyir ki, yeni baş məşqçi gəlsin. Mən istəyərdim ki, yerli mütəxəssis olsun. Nəinkin əsas milli, bütün millilərdə yerli məşqçilər işləsin. Bunu mən hər zaman arzulamışam. Əgər milli komandaya yenidən yerli yox, əcnəbi mütəxəssis gələcəksə, elə De Byazi qalsa yaxşıdır.

- Səbəb?

- Bunu da onunla əlaqələndirirəm ki, De Byazi ilyarımdı ölkəmizdədir. Gələn yeni xarici mütəxəssislə nəsə dəyişən deyil. Bu mümkünatı olan bir şey deyil. Bizim çempionatımız zəifdir, futbolçularımız da güclü çempionatlarda oynamırlar. Gələn yenə vaxt istəyəcək. Maaşı da De Byazidən də çox olacaq. Mətbuatdan oxudum ki, De Byazi hazırda aldığından daha az maaşa da qalmağa razıdır. İlyarımdı burdadı, futbolçuları da tanıyır. Guya gələn xarici məşqçi nəyi dəyişəcək ki? Bu nöqteyi nəzərdən yerli yox, yenə əcnəbi gələcəksə elə De Byazi qalsın.

- Bəs yerli olsa, kimlərin adını çəkə bilərsiniz?

- O qədər Pro kateqoriyalı məşqçilərimiz var. Hamısı layiqdir. Heç vaxt öz yerli mütəxəssislərimizə qiymət verməmişik. Bizim olmağımız üstünlükdür ki, öz futbolçularımızı daha yaxşı başa düşürük. Hansısa xarici mütəxəssis bizdən qətiyyən üstün deyil. Savadımız onların savadından geri qalmır.

- Götürək sizi, Yunis Hüseynov Azərbaycan millisində işləməyə hazırdımı?

- Açığı, verilən suala mən pis oldum (gülür). Mənim 56 yaşım var. 45 ildi futbolun içindəyəm, futbolla yaşayıram. Ömrümü futbola həsr eləmişəm. Nə dükanım var, nə də biznesim. Tək işim futbol olub. "Karvan" rəhbərliyi o zamanlar sağ olsun ki, mənə şərait yaratdı mütəxəssis kimi formalaşdım. İndi mütəxəssis olmaq üçün gərək dost-tanışın ola və xoşlarına gələsən. Futbolda onu sevən, ömrünü futbola həsr edən insanlar lazımdır ki, futbolumuz inkişaf etsin.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti