“Naxçıvanın böyük futbolda iştirakı mütləqdir, Premyer Liqada klub sayı artırılmalıdır”

10 Noyabr 2021 17:40 Müsahibə 1 346
“Naxçıvanın böyük futbolda iştirakı mütləqdir, Premyer Liqada klub sayı artırılmalıdır”

Ölkənin stajlı məşqçilərindən olan Əsgər Abdullayev üçün Naxçıvan erası başa çatdı.

Bir müddət Muxtar Respublikanın futboluna cavabdehlik daşıyan Abdullayev artıq Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərir.

Premyer Liqa təmsilçilərində gənc mütəxəssislərin çalışdığı vaxtda Əsgər bəylə danışmaq, çempionatla, yığmalarla bağlı fikirlərini dinləməyin xoş olduğunu nəzərə alıb, onunla əlaqə saxladıq.

Vaxtilə “Şəfa”, “Bakı”, “Olimpik”, “Turan”, “Araz Naxçıvan”, “Neftçi” kimi komandaları çalışdırmış, əsas millinin və U-21-in baş məşqçisi olmuş Avdullayev Sportinfo.az-ın suallarını cavablandırdı.

- Yeni işiniz münasibəti ilə sizi təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
- Təşəkkür edirəm! Diqqətiniz üçün var olun!

- Məşqçilər Komitəsində işə başlamısız. Öhdəlikləriniz nədən ibarətdir?
- Futbola aid məsələlər müzakirə olunur, oyunlar izlənilir. Belə deyim, ölkə futbolunun inkişafı yönündə bilik və təcrübəmizi bölüşürük.

- Uzun müddət çalışdığınız və gələcək adına böyük planlar qurduğunuz Naxçıvandan ayrılmağınız gözlənilməz oldu. Nə baş verdi?
- Heç nə baş vermədi. Aramızda müqavilə imzalanmışdı, həmin müqavilənin müddəti başa çatdı və ayrıldım.

- Anlaşmanın yeniləməməyinizin səbəbi nə idi? Gələcək üçün perspektiv görmürdüz?
- Yox-yox, perspektiv söhbəti deyil. Ailədən uzaq qalmaq məsələsi var idi deyə, alınmırdı. Bəzi məsələlər var ki, həmin anlarda ailənin yanında olmaq gərəkir. Naxçıvanın komandası Birinci Divizionda, yaxud Prenyer Liqada oynasaydı, qalmaq olardı. Belə olanda ara-sıra Bakıya gəlib-gedirsən.

- Yəqin ki, Naxçıvanda böyük futbolun olacağına ümid edib işləyirdiz orda.
- Əlbəttə, Naxçıvanın böyük futbolda iştirakı mütləqdir. Mən belə düşünürəm. Az öncə qeyd etdiyiniz kimi böyük layihələr var idi. Amma indiki vəziyyət elədir ki, Muxtar Respublika daxilində həvəskar çempionat keçirilir. Belə olduğu halda mütəmadi orda qalmalıydım. Bu da mənə müəyyən problemlər yaradırdı.

- Naxçıvandakı şərait böyük futbolu qəbul etməyə imkan verir?
- Orda işlədiyim müddətdə aşağı yaş qruplarından ibarət beş komanda yaradıldı, məşqçilər və hakimlər üçün kurslar təşkil olundu, meydançalar quraşdırıldı. Böyük futbol adına ciddi nöqsan saya biləcəyimiz problemlər yoxdur orda.

- Məşqçilər Komitəsinin üzvüsüz. Yenidən böyük futbola qayıtmaq istəyiniz yoxdur? Premyer Liqada gənc mütəxəssislər çalışır, təcrübəlilər kölgəyə çəkilib.
- Hər bir məşqçi sevimli peşəsi ilə məşğul olmağı arzulayır. Lakin sırf bizdən asılı olan məsələ deyil. Hər halda, zamanın öhdəsinə buraxmaq lazımdır.

- O zamanı yaxın gələcəkdə görürsüz?
- Allahın qismətidir, olmalıdırsa, olacaq.

- Yığmalarda çalışmaq perspektivi necə, real görünür?
- Öncəki suala verdiyim cavabı təkrarlamalı olacam: Allahın qismətidir.

- Millinin baş məşqçisi Canni de Byazinin işi və qazandığı nəticələr tənqidlə qarşılanır. Sizin italiyalı mütəxəssisin fəaliyyətinə münasibətiniz necədir?
- Heç vaxt məşqçinin məşqçini müzakirə etməsinin tərəfdarı olmamışam. Ümumiyyətlə, həmkarın həmkar haqqında nəsə deməsi doğru deyil. Bəlkə kimsə bu bardə danışar, şəxsən mən xoşlamıram.

- Lakin Premyer Liqada cəmi 8 komanda mübarizə aparır ki, bu hal hamı tərəfindən narazılıqla qarşılanır.
- Mən də komanda sayının artırılmalı olduğunu düşünürəm. Çempionatda komanda sayı nə qədər çox olsa, futbolun inkişafı da bir o qədər sürətlənər. Həm rəqabət artar, həm daha çox futbolçu şans qazanar, həm millilərin baş məşqçilərinin seçim imkanı çoxalar və s.

- Əsas millinin durumu göz qabağındadır. Gələcəyimiz olan U-21 və digər yaş qruplarından ibarət yığmalar da nəticə qazanmaq baxımından qan qaraldır. Sizcə, faciəyə doğru getmirik?
- Bayaq dediyimə qayıdıram, lazım olan hər cür şərait yaradılıb. Bircə qalır işləyib, nəticə vermək. Bu məsuliyyət də məşqçilərin üzərindədir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti