“Gəlir yerlərim var, acından ölmürəm” - Başına iş gələn MÜSAHİB DANIŞDI

9 Noyabr 2021 20:00 Müsahibə 1 347
“Gəlir yerlərim var, acından ölmürəm”  - Başına iş gələn MÜSAHİB DANIŞDI

Vaxtilə ölkənin sayılıb-seçilən futbol hakimlərindən olan Rəhim Həsənov üçün 2020-21 mövsümü karyerasında sonuncu oldu.

Frits Stuxlikin gəlişindən sonra Hakimlər Komitəsinin avstriyalı sədrindən özünə qarşı soyuqluq və qərəz görən sabiq FİFA referisi uzun müddət səbr etsə də, yekunda fitini kənara qoymaq məcburiyyətində qaldı.

2013-2020-ci illər aralığında Azərbaycanı beynəlxalq arenalarda təmsil edən və bu müddətdə 50-yə yaxın beynəlxalq oyunda meydanda əsas söz sahibi olan Həsənov hakimlikdən uzaq düşməsinə baxmayaraq, hələ də idman sahəsindədir.

Rəhimlə söhbətdə yaxın keçmişə nəzər salıb, hazırkı durumundan və gələcəkdən söz açdıq.

- Hardasan? Nə iş görürsən?
- İşləyirəm, idman sahəsindəyəm.

- Orta məktəbdə Bədən Tərbiyəsi müəllimi?
- Bəli-bəli.

- Məktəbdən aldığın maaşla dolana bilirsən?
- Şükür Allaha, yaxşıdır. Bu gün acından ölən yoxdur. Mən də onların içində.

- Qazancın sırf müəllimlikdəndir?
- Başqa gəlir yerlərim də var. Bu gün elə vəziyyət yaranıb ki, kimdənsə “nə ilə dolanırsan” soruşmaq da düzgün deyil. Hərə bir yol tapır. Yenə deyirəm, acından ölmürəm.

- Peşəkar hakimlikdən uzaqlaşmağın məlumdur. Maraqlıdır, bu sahə ilə bağlı gələcək planların var?
- Hakimlik karyerası mənim üçün bağlanıb. Bu haqda nə planım ola bilər ki..?

- Məsələn, gənc və yeniyetmələri hakimlik üçün hazırlamaq?
- Mənim bunu səlahiyyətim yoxdur axı. Gedib kimisə yetişdirim, ortaya çıxarıb – imkanlarım daxilində deyil bunlar. Ona görə də bu mövzuda nəsə demək, nəsə etmək çətindir.

- Özəl hakimlik məktəbi aça bilmərsən?
- İndiyə qədər Azərbaycanda bu cür özəl məktəb olub?

- Olmayıb, amma yaratmaq olar. Uşaq futbol məktəbləri varsa, hakimlik məktəbi niyə olmasın?
- Yaxşı ideyadır. Amma bunu həyata keçirmək üçün gərək AFFA ilə əlbir olub işləyəsən. Assosiasiya ilə əlaqələrim olmadığı üçün nəsə etməyin mümkünsüz olduğunu düşünürəm. Yenə deyirəm, çox əla layihə olar.

- Rəhim Həsənov hakimlikdən getdi, yoxsa göndərildi?
- İkisinin sintezi oldu (gülür). Özümə qarşı münasibət və yanaşmanın dəyişdiyini görüb, hakimlikdən getməyi qərara aldım.

- İstəsəydin, qala bilərdin deməli.
- Kölgədə qalmaqdansa, getmək daha məqsədəuyğun idi. Belə deyim, pul xatirinə qalıb reytinqimi öldürməkdənsə, getməyi qərara aldım.

- Başıuca getməsi...
- Əlbəttə. Hakimlik karyeramın yaxşı və pis günləri olub. Yaxşı oyunlar idarə edib tərif eşitmişəm, pis idarəçiliyə görə cəza almışam. Lakin mənim üçün dəyişməz deviz olub: Özümün və AFFA-nın adını uca tutmaq. Buna görə çalışmışam həmişə. Ona görə də getmək ən doğru qərar idi.

- Fritz Stuxlik səninlə bağlı yaxın ətrafına fiziki hazırlıq baxımından “axsadığını”, qaçış normativlərini yerinə yetirə bilmədiyini deyib(r). Həqiqətənmi beləydi?
- Bilirsən, necədir? Mən özümə qarşı yanaşmanı görəndən sonra hakimlikdən soyumağa başladım. Başa düşürdüm ki, mənə burda yer yoxdur. Normativləri verməyinə verirdim. 38 yaşlı hakimə qaçışdakı 5-10 santimetrə görə ilişirlərsə, bu o deməkdir ki, səni burda görmək istəmirik. Hərənin öz fikri var, mən öz mövqeyimdən danışıram, onlar öz mövqeyindən. Bundan sonra nəsə danışmaqla heç nə dəyişməyəcək.

- Hakimlik karyerana Stuxlik nöqtə qoydu deyə bilərik?
- Bunu kiminsə adına bağlamaq istəmirəm. Fakt budur ki, bugünkü komitə mənim orda olmağımı istəmirdi. Və mən artıq orda deyiləm. Konkret ada bağlamağı doğru hesab etmirəm.

- Sabiq həmkarlarından sədaqət görürsən? Əlaqə saxlayan, yazanlar var?
- Var, təbii ki, var. Həm gənclərlə münasibətim var, həm təcrübəlilərlə. Hakimlikdən getməyimin şəxsi əlaqələrə dəxli yoxdur. Bir də ki, hakimlərin heç birindən inciməmişəm axı. Hər birinə uğurlar arzulayıram. İnanırsan, çempionatda hansısa hakim səhv edəndə o səhvi özüm etmişəmmiş kimi üzülürəm.

- Demək ki, Premyer Liqa görüşlərini izləyirsən.
- Düzünü desəm, hərdən baxıram.

- Niyə hərdən?
- Bəzən vaxt olmur, bəzən... Çempionatın səviyyəsi də yüksək deyil axı, oturub bütün oyunlara baxasan. Belə deyim, seçilən, hamı tərəfindən maraqla qarşılanan matçları izləyirəm. Amma tur başa çatandan sonra icmallara mütləq baxıram.

- Elə isə, təcrübəli həmkar kimi bugünkü hakimlərin işini necə qiymətləndirirsən?
- Tur var ki, adamın ürəyi açılır. Səhvlər yox dərəcəsində olur. Tur var ki, nöqsanlar sıralanır. Bu, əvvəl də beləydi, bu gün də belədir. Bunun komitənin başında kimin olması ilə əlaqəsi yoxdur. Frits olsun, ya başqası – fərq etmir. Səhvlər həmişə olub, var və olacaq. Bəyənmədiyim hal oyunlarda vərəqələrdən çox istifadə olunmasıdır. Çempionatımızda sürət elə də çox olmadığı halda, özləri də istəmədən çox xırdalığa gedirlər. Həmin vərəqələr də istər-istəməz oyunun tempinə təsir edir. Bu mənim sıravi azarkeş kimi fikrimdir. Maşallah, hamısı cavan hakimlərdir, çalışırlar, əziyyət çəkirlər. Bəlkə də, vərəqə məsələsində komitə rəhbərliyinin tələbi belədir. İtsənilən halda hər birinə uğurlu karyera arzu edirəm. İnşallah, səsləri Avropanın aparıcı oyunlarından, yarışlarından gələr. Hamısı dostlarımız, qardaşlarımız, bizim gələcəyimizdir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti