Ramin Musayev: "Məndən olsa, Premyer Liqaya 4 komanda buraxaram"

23 Oktyabr 2021 13:20 Müsahibə 2 106
Ramin Musayev: "Məndən olsa, Premyer Liqaya 4 komanda buraxaram"

Sportinfo.az Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müsahibəsini təqdim edir:

"Əşrəfoğluya görə matəm elan etsək, veteranlarımızın ruhlarına hörmətsizlik olar"

- Koronavirusdan dünyasını dəyişmiş Azərbaycanın tanınmış jurnalisti Elnur Əşrəfoğlunu necə xatırlayırsınız: Onunla bağlı hansısa xatirəniz varmı?
- Allah rəhmət eləsin. Elnuru televiziyada işlədiyi vaxtdan tanıyırıq. Həmişə münasibətimiz yaxşı olub. Hər dəfə qarşılaşanda hörmətlə görüşmüşük. Ondan heç vaxt narazılığımız olmayıb, həmişə xoş münasibətdə olmuşuq. Məni hər dəfə görəndə gülərdi. İndi də yaddaşımda gülə-gülə qalıb. Elnur televiziyadan sonra “Neftçi” klubunda və Azərbaycan Cüdo Federasiyasında işləyib. Allah ona rəhmət eləsin, gənc yaşda getdi. Allah əzizlərinə, övladlarına səbr versin. Bir gələn, bir gedir. Amma Elnur vaxtsız və çox tez getdi. Bəzən elə insanlar olur ki, aramızda anlaşılmazlıq yaşanır. Amma Elnur Əşrəfoğlu ilə heç vaxt elə şey olmayıb. Bir-birimizə hörmətlə yanaşmışıq. Çox görüşlərimiz olub. Həmişə ona hörmətlə yanaşırdım. Hərdən yanağından tuturdum deyirdim ki, niyə belə qırmızıdır. Gülürdü, mənə deyirdi ki, biz də rayon adamıyıq. Vəfatına həqiqətən çox üzüldüm. Bildiyim qədər xəstəliyi də var idi. Səhv etmirəmsə, böyrək çatışmazlığı olub. Hər görüşəndə deyirdim ki, özünü, sağlamlığını qoru, sağlamlıq başqadır. Deyirdi ki, müəllim, tale, qismət nədirsə, odur. Allah o dünyasını versin.

- Azərbaycan Premyer Liqasının VIII turunda onun xatirəsinin anılması düşünülübmü?
- Jurnalistlərə həmişə böyük hörmətim var. Onlar istənilən hava şəraitində bizi tək buraxmayıblar və hər zaman yanımızda olublar. Elnur Əşrəfoğlu ilə bağlı matəm elan etsək, dünyasını dəyişmiş veteran futbolçularımızın ruhlarına hörmətsizlik olar. Hər halda məsləhətləşəcəyik. Bizim üçün hər biri əzizdir.

"Neftçi" çempionluqdan oldu, birbaşa Ramiz Mirzəyevin göstərişi ilə"

- Çempionatın I dövrəsini necə dəyərləndirirsiniz?
- Komandalar haqqında ümumi fikir bildirəcəyəm. Gəlin, hər şeyi səmimi danışaq. Futbolda və idmanda çox şeyi maliyyə həll edir. Hansı komandanın maliyyə imkanı yaxşıdırsa, o, ürəyi istəyən oyunçunu ala və komandanı gücləndirə bilər. Amma hansı klubda maliyyə tərəfdən zəiflik olsa, ondan böyük nailiyyət gözləmirsən. Bütün bunlara baxmayaraq, çempionatımızda “Qəbələ” komandasını misal göstərmək olar: Çox ürəkaçan oyun göstərir, kollektivdəki birlik bizi sevindirir. Onların rəhbərləri ilə neçə illərdir yaxınıq. İşi və idmanı kənara qoyuram, klub prezidenti Fariz Nəcəfovla qardaş kimiyik. Amma onun az maliyyə ilə belə komanda yaratması sevindirici haldır. Burada heç bir klubun əleyhinə danışan deyiləm. Hər insanın xarici başqa olduğu kimi daxili də başqadır. Bacarığı da başqadır, hər kəs eyni ola bilməz, hamı çempion ola bilməz. Hamı idmançı, güləşçi, futbolçu və alim ola bilməz. İnsan bacardığı işə getməlidir. İnsanın əlində hər şey acizdir, təki istək olsun. Mən “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevi də yaxşı oğlan kimi tanıyıram. Futbolçu kimi tanıyırdım, amma belə güclü baş məşqçi olacağını gözləmirdim. Düz danışaq: elə də fantastik futbolçu olmayıb. Amma mən deyərdim ki, fantastik baş məşqçidir. İnsan kimi tayı-bərabəri az olar, gözəl insandır. Onun xətrini çox istəyirəm. Sadə və mehriban insandır. Ona halal olsun. Mən fəxr edirəm və sevinirəm ki, bizdə belə baş məşqçilər var. Onunla birlikdə bütün məşqçilərimizə uğurlar arzulayıram. Ancaq bu gün o, az maliyyə ilə belə komanda formalaşdırıb. Söhbət ondan getmir ki, “Qəbələ” hazırda üçüncü pillədədir. Mövsümün sonunda 5-ci, 7-ci və ya 8-ci yeri tuta bilər. Bunun aidiyyatı yoxdur. Söhbət komandanın birliyindən, gözəl oyun nümayiş etdirməsindən gedir. Keçən il “Qəbələ” kiminlə oynayırdısa, deyirdilər ki, onsuz da uduzacaq. Bu il isə əksinədir. “Qəbələ” çox gözəl oyun göstərir. Halal olsun. Bax bu, ürəkaçandır. Onu demək istəyirəm ki, çempionatımızın bu gün maraqlı keçməyinə səbəb belə insanlardır. Söhbət kiminsə maliyyəsinin yüksək və ya zəif olmasından getmir. Məsələn, “Səbail” komandası çox gözəl oyun nümayiş etdirir. “Keşlə” komandasının son oyunlarına baxın. Biz çempionatın ilk dövrəsindən danışırıq. Vaxtilə komandaların büdcələri bundan qat-qat çox idi. Belə gözəl oyun nümayiş etdirən az idi. Düzdür, çempionatımızın maraqlı keçən vaxtları olub. Bu gün də maraqlıdır. Yerli baş məşqçilərimizin hazırladığı komandalar və onların göstərdiyi oyunlar göz önündədir. Öz məşqçilərimizə halal olsun.

- Klubların büdcələrindən danışdınız. “Sabah” büdcəsi yüksək olan klublardandır, lakin hazırda çempionatın autsayderidir. Uğursuzluğun əsas səbəbi baş məşqçi və ya futbolçulardadır, yoxsa başqa səbəblər də var?
- “Sabah” gənc komandadır, hələ onlar silkələnməyib. Rəhbərləri ilə münasibətimiz var və mütəmati olaraq söhbət edirik. Bu komandanın özünü toparlaya bilməməsi yeni yaranmış komanda olması ilə bağlıdır. Amma inanıram ki, onlar da yaxın zamanda öz istəklərinə nail olacaqlar. Şərt o deyil ki, komanda çempion olmalı və avrokuboka vəsiqə qazanmalıdır. Şərt odur ki, gözəl oyun göstərsinlər. Biz AFFA prezidenti Rövnəq Abdullayevlə “Neftçi”də birlikdə işləyəndə bəzən elə olurdu ki, komanda oyunu uduzurdu, heç-heçə edirdi, amma sonadək mübarizə aparırdı, futbolçular can qoyurdular. “Karvan”la oyunu xatırlatmaq istəyirəm. Həmin vaxt keçmiş AFFA rəhbərliyi “Neftçi”dən gəlmişdi deyə, bizə ögey yanaşırdı. Səmimi deyirəm, hakimlərə göstəriş verirdilər ki, “Neftçi”ni sıxmalısınız. Hətta Fariz Yusifovu onun idarə etdiyi oyunda qalib gəldiyimiz üçün 5 oyunluq uzaqlaşdırdılar. Səbəb o idi ki, niyə “Neftçi” qalib gəlir. Rövnəq müəllim futbolçulara həmişə deyir ki, çalışın udun, udmasınız da, yaxşı oyun göstərin. İdmandır, bu gün uduzan sabah qələbə qazanar. Futbol 11 nəfərlik heyətlə oynanılır, oyunçuların hamısı eyni nöqtəyə vuranda yaxşı nəticə əldə etmək olur. Bunu da əldə etmək üçün vaxt lazımdır. Qurban Qurbanovu “Neftçi”yə baş məşqçi kimi götürəndə futbol ictimaiyyəti dedi ki, Ramin Musayevlə dostdur, ona görə komandaya gətirdilər. Birinci ilində nəticə verdi. Amma çempionatın sonunda keçmiş AFFA rəhbərliyi komandanı çempionluqdan etdi. Birbaşa Ramiz Mirzəyevin göstərişi ilə. Demişdilər ki, “Neftçi” çempion olmamalıdır və buna nail oldular. 2-ci və ya 3-cü yeri tutsaq da, Qurban nəticə verdi. Sonra “Qarabağ”a keçəndə dedilər ki, “Neftçi”də nə edib ki, burada nə edəcək? Qurbanov Ağdam təmsilçisindəki ilk 6 oyunda uduzmuşdu. Baş məşqçiyə, rəhbərə inanmaq və sərbəstlik vermək lazımdır. Baş məşqçi də bir rəhbərdir. Yoxsa, ürəyin istədiyi peşəkar sürücünü gətir, mənim yanımda otuzdur, mən də onun yanında əyləşim. Mən ona elə müdaxilə edərəm ki, maşını sürə bilməz. Sərbəstlik verirsənsə, bu başqa şeydir. İnanıram ki, “Sabah” komandası tez zamanda istəyinə nail olacaq və gözəl oyun göstərəcək.

"Növbəti mövsümün finalını Qarabağda keçirmək istəyirik"

- Premyer Liqada azarkeş məhdudiyyəti ilə bağlı qərar qarşıdakı turlarda aradan qaldırıla bilərmi, yoxsa stadionların tutumunun 50 faizi qədər fanatlar matçlara buraxılacaq?
- "Bu gün növbəti turdan azarkeşlərlə bağlı azadlıq olacaq" deyərəm, düz çıxmaz. İddiaya görə, pandemiyanın 5-ci dalğası gəlir. Başa düşürəm, futbol azarkeşlər üçün oynanılır. Tərəfdar olmayanda elə bil "dır-dır" oynayırsan, maraq da olmur.

- Azarkeşlər VII turda “Sumqayıt” – “Neftçi” oyununda da problemlə üzləşiblər...
- Sumqayıtdakı hadisədən xəbərim oldu. 400 - 500 nəfər stadiondan kənarda qalıb. Hətta öz əməkdaşımıza irad bildirdim ki, azarkeşləri incitmək olmaz. Həmin fanatlar stadionda oyuna baxmalı idilər. Sumqayıt azarkeşlərinə böyük hörmətim var, doğrudan da, öz komandalarını sevirlər. Klubun hazırkı rəhbərliyi də həmin fanatlara, onların sevgisinə layiqdir. Lakin gərək, onlar da bizi başa düşələr. İstəmərik ki, hansısa qanun pozuntusuna yol verək. Sabah deyərlər ki, ümumiyyətlə azarkeşlərin stadiona buraxılmasına icazə yoxdur. Ehtiyatlı olmaq lazımdır. İnsan üçün ən vacibi can sağlığıdır, sağlamlıqdır”.

- Problemi aradan qaldırmaq üçün bilet satışının təşkil edilməsi doğru olmazdımı

- Qadağadan öncə kim istəyirdi, oyuna gəlirdi. İnsanlarda belə bir xüsusiyyət var: nəyisə qadağan edəndə şirin olur. İmkanlı, imkansız futbolsevərlər var. Bu gün bilet məsələsini ortaya ataq və həmin imkansız adamlara sədd yaradaq? Belə çıxır ki, pulun yoxdursa, sən gəlmə? Bu, bizim mentalitetə uyğun deyil, mən buna qarşıyam. Sağlıq olsun, Sumqayıtda böyük stadion hazır olduqdan sonra hər şey həllini tapacaq. Əsas odur ki, futbola maraq var.

- Kamal Quliyev və bir neçə sabiq futbolçu arenadan çöldə qalıb. Polislər onları tanımadıqları üçün içəri buraxmayıblar...

- Oyuna girə bilməyibsə, bu, artıq onun öz günahıdır. Klub rəhbərliyindən, rəsmilərindən kiminləsə əlaqəsi yoxdur? "Sumqayıt"ın idman direktoru Zamiq Hüseynova zəng vursaydı, onu qucağında içəri keçirərdi. Orada heç kim Quliyevə hörmətsizlik edə bilməzdi. Ona hamının hörməti var. Həm futbolçu, həm də insan kimi. Özü bir az sakit adamdır.

- Əvvəl belə qayda var idi ki, klublar bilet gəlirlərinin 5 faizini AFFA-ya verirdilər. Bunu yenidən tətbiq etmək olarmı?
- Təki azarkeşlər stadiona gəlsin. Maliyyə axırıncı məsələdir. Biz mübarizə aparmalıyıq ki, fanatlar stadionlara gəlsinlər. Mən bilet satılmasının əleyhinəyəm. Bu, ilk gündən satılmalıdır. Artıq gecdir.

- Azərbaycan Kubokunun finalı mayın 27-də olacaq. Fikrinizdə həlledici matç üçün hansı stadion varmı və görüşün bölgələrdə təşkili nəzərdə tutulurmu?
- Final oyununu həmişə maraqlı keçirməyə çalışırıq. İstəyirik ki, yaddaqalan olsun. Bizdə final qarşılaşması ildən-ilə rəngarəng olur. Bir az özümüzü tərifləyim. Qəbələdəki final oyununda paraşütlə kubokun gəlməsi işçilərimizin öz ideyası idi. Biz azarkeşləri nə iləsə heyran etməyi xoşlayırıq. 2020-ci ildə final matçını pandemiya ilə bağlı keçirə bilmədik. Bu il pandemiya olsa da, keçirə bildik. Əvvəlcədən danışmaq bizə düşmür. Bu mövsüm final görüşünü keçirmək qismət olsa, sürpriz olacaq. Növbəti mövsümün finalını isə Qarabağdakı bölgələrin birində keçirmək istəyirik. Xatırlayırsınızsa, PFL yaranandan sonra biz “Qarabağ” – “İnter” matçını Quzanlıda keçirdik. Həmin vaxt şüarımız var idi: Bu gün Quzanlıya, sabah Qarabağa. Arzumuz da həyata keçəcək.

"Hansı klub uşaq futbolunda zəifdirsə, o da limitlə bağlı problem yaşayır"

- Son vaxtlar çempionatdakı legioner limiti də müzakirə mövzusu olub. Baş məşqçilər müxtəlif fikirlər səsləndirirlər. Sizcə, növbəti mövsüm limitlə bağlı dəyişikliyə ehtiyac varmı?
- Artıq çempionat başlayıb. Mövsümün ortasında reqlament dəyişməyəcək. Bu, oyuncaq deyil. Gələn mövsüm ərəfəsində bütün klublarla oturar, müzakirə edərik. Amma bir şey var, hansı klub uşaq futbolunda zəifdirsə, o da limitlə bağlı problem yaşayır. Olmazmı legioner limiti ilə bağlı danışan adamlar klubunda uşaq futbolu ilə maraqlansın və bunu inkişaf etdirsin? Biz ilk dəfə əvəzedicilərin çempionatını yaratdıq. Zədədən qayıtmış və ya sarı, qırmızı vərəqə görən futbolçu oyun praktikasını itirməsin deyə, əvəzedicilərlə oyunu davam etdirirdi. Bunu fikirləşdik, nəticə də verirdi. Əvəzedici heyətdəkilərin əksəriyyəti Premyer Liqada da oynadı. Premyer Liqada zədədən qayıdan peşəkar oyunçular əvəzedici heyətdə oynadı ki, oyun praktikasını itirməsin. Bunları komandalarda problem olmasın deyə yaratdıq. Bu, baş məşqçiyə kömək idi. Əvvəlcə bir qanun qoyduq ki, baş məşqçi və ya ən azı onun birinci köməkçisi əvəzedicilərin çempionatında iştirak etməlidir. Mən orada öz övladlarımı oynatmırdım ki?! İstəyirdik ki, gedib maraqlansınlar, uşaqlar da görsünlər ki, komandanın baş məşqçisi gəlib. Diqqət cəlb etmək üçün isə oyununu daha yaxşı göstərəcək. Hansı oyunda millinin baş məşqçisi oturursa, yerli futbolçular özlərini “öldürürlər”. Fikirləşirlər ki, yığmanın baş məşqçisi gəlib, qoy, məni seçsin. Biz də bu praktikadan istifadə etdik ki, baş məşqçi və ya ən azından onun köməkçisi oyunda iştirak etsin. Futbolçular da görsünlər ki, onların əsas komandaya gəlmək ehtimalı var. Bunun bəhrəsini görmüşük. Ad çəkmək istəmirəm, çox futbolçular əvəzedicilərin çempionatından Premyer Liqaya gəlib. Sonra nə oldu? İndi hansı komandanın baş məşqçisi və ya köməkçisi əvəzedici heyətin oyununa baxır? Heç biri. Çünki əsas komandalar bu gün nəticəyə oynayırlar. Məndən bu ifadəmə görə inciyə də bilərlər. İnanmıram ki, hansısa baş məşqçimiz millini fikirləşir. Hamı öz komandasını düşünür.

- Bəlkə klub rəhbərliyi baş məşqçilərdən yalnız nəticə tələb etdiyi üçün belədir?
- İstəməklə deyil ki... Bütün bunları izah etmək lazımdır. Mən millinin baş məşqçisi deyiləm, amma söhbət milli komandamızdan gedir axı. Danışanda qürurdan və qeyrətdən danışırıq. Milli komanda da qeyrətimizdir. Onun haqqında da düşünmək lazımdır. Hamı öz komandasını fikirləşir. Futbolçu yetişdirin də. “Qəbələ” komandasını bu gün akademiyasının hesabına özünü doğruldur. Çəkdikləri əziyyətin bu gün bəhrəsini görürlər. “İnter” (hazırkı “Keşlə”) iki mövsüm UEFA-nın transfer qadağası ilə üzləşmişdi. Hamı düşündü ki, klub dağılacaq. Əvəzedici heyət və uşaq futbolunun sayəsində avrokuboka vəsiqə qazandılar. Hətta bir mərhələ də keçmişdilər. Niyə? Çünki özlərinin komandası və uşaq futbolu var idi. Bu gün hansı komandamıza transfer qadağı qoyulsa, uşaq futbolu ilə özlərini təmin edəcəklər? “Qəbələ”dən başqa heç biri. Vaxtilə “Bakı” klubunda da uşaq futbolu var idi. Sənin bünövrən uşaq futbolu olmalıdır. Hər kəs öz oturduğu kreslonu, idarə etdiyi klubu düşünür. İndi sponsorlar var və futbolçu transfer edə bilirlər. 1-2 ildən sonra sponsorlar olmasa, necə olacaq? Sabah milli komandaya kimləri dəvət edəcəyik? Onda belə edək, görək razı olacaqlarmı: Legioner limi adambaşına 50 000 manat.

- Əslində maraqlı təklifdir...
- Bəli. Amma biz pulu fikirləşmirik. Legionerlərlə bağlı ödənişin ən ucuzu bizim ölkədədir. Bunu Rövnəq müəllim fikirləşdi ki, heç olmasa, gələn oyunçuların səviyyəsi həddindən artıq aşağı olmasın. Legioner haqqı üçün 5 000 manat verirlər. Limitlə bağlı mən də məsələni qaldıra bilərəm ki, ləğv edək, hər oyunçuya 50 000 manat ödəniş olsun. Belə olsa, hamı yerli oyunçu oynadacaq. Bu məsələ qalxsa, belə dəyəcəyəm. Gəlin, məbləği 50 000 manata qaldıraq. Əvvəl 20 000 manat idi, verə bilmirdilər. Bir neçə klubun da borcları yığılıb qalıb. Qaldıraq 50 000 manat edək, səviyyəli oyunçu gətirsinlər. Biz legionerin gəlməsini nəyə görə istəyirik? Yerli və cavan oyunçular örnək götürsünlər, yanında oynasınlar, bir şey öyrənsinlər. Hər yoldan keçən xarici futbolçunu da gətirib oynatmaq olmaz. Vaxt var idi ki, klublarımızın legioner oyunçularının formasını kimlərsə geyinərdi. İndi hansı oyunçunun formasını azarkeş geyinib? Müsahibədə böyük hərflərlə yazarsınız ki, Ramin Musayev deyir: "Nə olar, sizi Allaha and verirəm, uşaq futboluna nəzarət edin".

"İmkanlı kişinin oğlu futbol oynamır, çox azdır, əksəriyyəti kasıblardır"

- Premyer Liqada da komanda sayının artması gündəmdədir. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov milli assosiasiyanın rəsmi saytına yeni strategiyaları ilə bağlı qısa açıqlama da verib...

- Rövnəq Abdullayev və Elxan Məmmədovun ən böyük istəyi komanda sayının artmasıdır. Hər mövsüm bu sayın artmasını istəyirik. Lakin vəziyyət elə gətirir ki, artırmaq olmur. Düşünürəm ki, artıq məqamıdir. Növbəti il 10 komanda edə bilsək, yaxşı olar. Bölgələrimizdə stadionlar boş qalıb. Deyəndə inciyirlər, bir komandanı saxlamaq eləmi çətindir? Cavan uşaqları idmana bağlamaq çətindirmi? İstək olmalıdır. Hamı bizləri və futbolu pisləyir. Amma qonşu və bizə qardaş olan Türkiyədən danışaq: Orada səhər yeməyində restoranda oturmuşuq, 3 yaşında uşaq valideyni ilə gəlib. Biri uşağa dedi ki, hansı komandanı tutursan. O da dedi ki, "Mən “Cim-Bom”luyam". Amma gəlin bizimkilərdən soruşaq: Hamı deyəcək ki, komandamı var? Niyə yoxdur? Onlar futbolla yaşadıqları üçün nəticəsini görürlər. Amma bizdə qoyasan, ancaq pisləsinlər. Pisə pis deyərsən, pis olar. Pisə yaxşı desən, yaxşı olar.

- Gənclər və idman naziri Fərid Qayıbov da AFFA rəhbərliyi ilə görüşündə bildirib ki, komanda sayının 10-a çatdırılması üçün istənilən dəstəyi verməyə hazırdırlar. Sizin bu yöndə təklifləriniz necədir və hansı komandaların Premyer Liqada iştirakı daha real görürsünüz?
- Hər rayonda nazirliyin idman idarələri mövcuddur. Fərid Qayıbova böyük hörmətim var, onun bütün çıxışlarını izləyirəm. Həqiqətən həvəslə işə başlayıb. Rayonlardakı nümayəndəliklərə göstəriş verilsə ki, məktəblərlə mütəmadi əlaqə saxlayın, futbol oynanılsın və s. yaxşı olar. Səmimi danışaq: imkanlı kişinin oğlu futbol oynamır, çox azdır, əksəriyyəti kasıblardır. Fiziki güc şəhər uşağına nisbətən kənd uşağında daha çox olur. İdman da fiziki gücü sevir. Bunu rayonlarda və bölgələrdə qaldırmaq lazımdır. Bütün idman növləri güclənməlidir. Heydər Əliyevin belə gözəl sözü var idi: “Sağlam bədəndə sağlam ruh olar”. Sağlamlıq elə idman deməkdir. Sevindirici haldır ki, bu gün Azərbaycanda yaxşı idmançılara qazilər qədər hörmət var. Mən bunun şahidiyəm. İstər hava limanında, restoranlarda, istərsə də yol polisləri və s. yerlərdə hörmət edirlər. Yaxşı idmançılara qazilərimiz kimi, canım qurban. Hamısına hörmət edirlər. Nəyi pisdir? Gəncləri də idmana yönəltmək lazımdır.

- I Divizionda bölgənin 3 təmsilçisi var. “Kəpəz”, “Turan Tovuz” və “Zaqatala”dan hansı ikisinin Premyer Liqada iştirakını daha real görürsünüz?
- “Zaqalata” da çox gözəl oyun nümayiş etdirir. Gəncə təmsilçisi də pis oynamır. Tovuzdakılar isə futbolçu kimi yaranıblar. Məndən olsa, Premyer Liqaya 4 komanda buraxaram.

- 4-cü hansı komanda olacaq?

- O qədər komandamız var ki...

- Bəs Cənub bölgəsindən hansısa klubun növbəti mövsümdən I Divizionda iştirakı mümkündürmü?
- Niyə də yox?! Təki sponsor olsun. Cənubdakı azarkeşlərdən harada var? Heç bir yerdə.

- Yəqin ki, izləyirsiniz, Region Liqasına gəlmək istəyən “Xan Lənkəran”ın yoldaşlıq görüşlərində nə qədər azarkeşləri olur...

- Hamısını izləyirəm, məlumatlıyıq. Onların fanatlarına böyük hörmətim var. Eşitdiyimə görə, bölgələrdə adi ikicə kəndin oyununda 3-4 min adam olur. Onlara şərait yaratmalıyıq ki, böyük futbolu izləsinlər.

- Növbəti mövsüm üçün əvəzedicilərin çempionatını ayrı keçirmək planı varmı?
- Doğrudan da bölgələrimizdə komandalar yaransa və I Divizionda iştirak etsələr, sözsüz ki, əvəzedicilərin çempionatı ayrılacaq. I Divizion və əvəzedicilərin çempionatı başqa yarışlar olacaq. Belə olsa, daha yaxşıdır. Hər bölgədən bircə futbolçumuz olsa, bizə kənardan futbolçu lazım olmayacaq. Milli komandanın heyəti də düzələr.

"Canni De Byazi futbolçunu məcbur götürür ki, say düzəlsin"

- Milli komanda ilə bağlı da fikirlərinizi almaq istərdik...

- Nə danışım?

- Sizcə, nəticə qazana bilməməyimizin əsas səbəbi nədir?
- Əsas səbəbi özümüzük. Kim istəyir məni söysün, döysün, öldürsün, sözümü deyəcəyəm. Mən baş məşqçini günahkar bilmirəm. Günah özümüzdədir, 8 komandadır və onlarla birlikdə günah məndədir. Hamı elə düşünür ki, mən Elxan Məmmədovu, Rövnəq Abdullayevi və baş məşqçi Canni De Byazini müdafiə edirəm. Xeyr. Mən haqqı deyirəm. Mənə yığmada mərkəz müdafiəçisi və sırf hücumçu göstərin. Müdafiədə Bədavi Hüseynov zədələnib, onu əvəz etməyə kimi layiq görürsünüz? Hücümda kimi görürsünüz? Bir dənə Mahir Emrelidir. O da gah xəstələnir, gah belə, gah da elə olur. Biz baş məşqçiyə problem yarada bilmirik. Bilirsiniz nə problemi? O, seçim qarşısında tər töksün, fikirləşsin ki, bunumu gətirim və ya başqasını? Bu yazıq futbolçunu məcbur götürür ki, say düzəlsin. Yalan deyirəmsə, deyin ki, yalan deyirsən. Qapıçımız Şahruddin Məhəmmədəliyevdir. Emil Balayev də əvvəl qapıda pis durmazdı. Axı o, öz komandasında qapıda dayanmır. Deməli, Emil Balayev başqa komandaya verilməli idi ki, orada oynasın. Millini düşünən belə etməli idi. Balayev mütəmadi oynamalıdır ki, praktikası olsun. Dünyanın ən məşhur futbolçusu bir ay futbol oynamasa, ona iki ay məşq lazımdır. Biz fikirləşirik ki, baş məşqçi heç nə etmir. Məsələn, gəlmisən evə, evdə bir tikə ət yoxdur. Qışqırırsan ki, arvad, mənə ətli xəngəl və ya dolma bişir. Bu, necə bişirsin? Bazarlıq elə gətir, bişirsin də... İndi biz oyunçular verək ki, baş məşqçidən tələb edək.

- Seçmə mərhələdəki bu nəticəni yerli baş məşqçi ilə qazanmaq olmazdı?
- İstər De Byazi olsun, istərsə də yerli baş məşqçi, eyni nəticəni verəcəkdik. Çünki yetərincə yerli futbolçumuz yoxdur. Klubların baş məşqçiləri məndən incisələr də, sözümü deyəcəyəm. Hər kəs komandasını düşünür. Millini fikirləşən yoxdur. Hamı da Elxan Məmmədovu günahlandırır. Elə deyil. Mən Elxan Məmmədovun vəkili deyiləm, haqqın vəkiliyəm və haqqı deyirəm. Millini düşünən insan komandasında milli üçün oyunçu yetişdirməli və bunu tələb etməlidir, filankəsi oynamağa məcbur etməlidir. Biz komanda yaranan kimi deyirik ki, sən çempion olmalı və avrokuboka vəsiqə qazanmalısan. 3-4 il vəsiqə qazanmasın, köklü komanda yaratsın, sonra “Qarabağ” kimi nəticələr gələcək. “Neftçi”nin ardıcıl çempion olduğu vaxtları var idi. Çünki bünövrəsi var idi. Bünövrə qurtardı, komanda yenə çökdü. Təzədən indi bir az düzəldiblər. Tam yox. Çəkinmədən deyirəm. Yeni bünövrəni indi yaradırlar. Yaxın 1-2 ilə “Neftçi” artıq tam oturuşmuş komanda olacaq. “Sabah”ın da bünövrəsi yoxdur. Bünövrə olandan sonra onları saxlamaq olmayacaq. Çünki rəhbərləri can-başla çalışırlar, istəkləri böyükdür. İstək olan yerdə nəticə də olacaq. Komandalardan, baş məşqçilərdən tez zamanda nəticə tələb etmək olmaz. Uşaq futbolunda bəzən məşqçi qışqırır ki, udmalısınız. Demək lazımdır ki, udmalısınız yox, oynamalısınız. Uşaq futbolunda çempion olan nə olur? Boynundan bir dənə dəmir asırlar, uşaq sevinir. Elə uşağın gələcəyi olmayacaq.

- Milli ilə bağlı belə fikirlər də var: Komandaya əksər oyunçular “Qarabağ”dan cəlb edilir, lakin onlar klubdakı oyunlarını millidə göstərə bilmirlər. Sizcə, bunun əsas səbəbi nədir?
- Bir maşında 4 təkər var. Onlardan biri fərqli olanda maşın düz gedə bilməz. Dediyim odur ki, oynatdıqları bəzi futbolçular eyni deyil. Onların bir-birilərini başa düşmələri lazımdır. Ad çəkməyəcəyəm: Mən axırıncı oyunu izlədim. Orada bəzi oyunçular xoşuma gəlmədi. Kimlərin olduğunu deməyəcəyəm. Amma bəziləri zədələnməmək üçün özlərini qorudular. Qorxdular ki, öz komandalarında yerlərini itirərlər (report).

Digər Xəbərlər
Xəbər Lenti