"Onların Berdıyevi varsa, bizim də Qurban Qurbanovumuz var" - Ramiz Məmmədov dedi

21 Oktyabr 2021 00:50 Müsahibə 1 230
"Onların Berdıyevi varsa, bizim də Qurban Qurbanovumuz var" - Ramiz Məmmədov dedi

Sportinfo.az "Qəbələ" və "Keşlə"nin, eləcə də Qazaxıstanda "Atırau"nun baş məşqçisi olmuş Ramiz Məmmədovun müsahibəsini təqdim edir:

- "Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu oktyabrın 21-də Bakıda Qazaxıstan "Kayrat"ın qarşı keçirəcək. Siz 2011-ci ildə bu ölkənin "Atırau" klubunda işləmisiniz, yerli futbola bələdsiniz. Bu mənada, sabahkı görüşdən nə gözləyirsiniz?

- Yalnız "Qarabağ"ın qələbəsini gözləyirəm. Ağdam təmsilçisinin son oyunu göstərdi ki, komanda ideal vəziyyətdə və formadadır. Mənə elə gəlir ki, bu şansı əldən verməyəcəklər. Əhval-ruhiyyə hərtərəfli yuxarıdır.

- "Qarabağ"ın ev oyununda qələbə qazanmaq şansları yüksək qiymətləndirilsə də, rəqib komandanın sükanı arxasında Kurban Berdıyevin olması bir qədər narahatlıq da yaradır. Bu amil matça necə təsir edə bilər?

- Onların Kurban Berdıyevi varsa, bizim də Qurban Qurbanovumuz var. Qurban müəllim avrokuboklarda öz sözünü demiş mütəxəssisdir, möhürünü də vurub. Futbolçular isə lazımi istirahəti ediblər. Hesab edirəm ki, oyuna 100 faiz hazırdırlar.

- Almatı təmsilçisinin aparıcı hücumçusu Vaqner Lav zədə səbəbindən "Qarabağ"a qarşı oynamaya bilər. Bunu Azərbaycan təmsilçisi üçün üstünlük saymaq olarmı?

- Lavın futbolu qurtarıb, təkəri bir az buraxıb (gülür). Amma yenə də oynamaması bizim üçün üstünlükdür. Bu, stimulumuzu bir az da artırır. O, 5 il əvvəlki Vaqner Lav deyil.

- Berdıyevin özü də 37 yaşlı forvardın çıxışından narazıdır...

- Bəli, məlumatım var. Hamısını mətbuatdan oxumuşam.

- "Qarabağ"ın "Kayrat" üzərində mümkün qələbəsi qrupdan çıxmaq yolunda böyük addım ola bilərmi?

- Düşünürəm kİ, qələbə qrupdan çıxmaq üçün kifayət edəcək. Qrupdakı bütün komandalar demək olar ki, eyni gücdədir. Hamısı da bir-birinə münasib olmayan rəqiblərdir. Amma Kiprdəki qələbə göstərdi ki, ən pis halda 2-ci yeri tuta bilərik.

- Qazaxıstan futboluna bələd olan mütəxəssis kimi necə düşünürsünüz: "Qarabağ" "Kayrat"a qarşı hansı oyun üslubu ilə mübarizə aparmalıdır?

- Ancaq açıq futbol oynamalı, öz oyununu göstərməlidir. Onsuz da "Qarabağ" hər matçda diktə edən tərəf olur. Topla oynama faizi hər zaman Ağdam klubunun tərəfində olur, topu özlərində çox yaxşı saxlayırlar. İsveçrə "Bazel"i ilə görüşdə də bunun şahidi olduq. Rəqib məcburiyyətdən oyunu əks-hücunlar üzərində qurmuşdu. "Qarabağ"ın heyətində topu özündə çox saxlaya bilən futbolçular çoxdur. Qara Qarayev, Abdullah Zubir və Kadi Borgesi xüsusi vurğulamaq lazımdır. Xayme Romero zədələnməsəydi, daha yaxşı olardı. Amma bu, elə də ciddi problem deyil. "Qarabağ"da hər futbolçu bir-birini əvəz etmək gücündədir.

- Yəqin ki, "Kayrat" Bakıda açıq futbol oynamağa risk etməyəcək, daha çox müdafiə olunub sürətli əks-hücumlara bel bağlayacaq...

- Tamamilə doğrudur. Qapalı oynayacaqlar. Bu da "Qarabağ"ın ziyanına işləyəcək. Ümumiyyətlə, Qazaxıstan klubları atletik futbola üstünlük verirlər. Nadir hallarda komandaların heyətində texnikalı oyunçular olur. Fiziki göstəriciləri yüksəkdir. İlk hissədə rəqibin qapısına yol tapa bilməsək, ikinci yarıda işimiz çox çətin olacaq.

- Sizcə, "Qarabağ"ın heyətində qapalı müdafiəni kimlər yara bilər?

- Abdullah Zubirlə Kadi Borges oyunu öz üzərlərinə götürsələr, hər şey yaxşı olacaq. Qazaxıstan klubları bir az sərt oynamağa meyllidirlər. Rəqibin cərimə meydançasına yaxın oynasaq, penalti qazanmaq şansımız da olar, həmçinin standart vəziyyətlərdən faydalana bilərik. Komandada cərimə zəribələrini yaxşı yerinə yetirən futbolçular var. Düzdür, asan qələbə gözlənilmir. Amma ilk yarıda vuracağımız qol və ya qollar, işimizi asanlaşdıra bilər ()report).

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"