"Rəşad Sadıqovun öz düşüncələri var, bizim də öz düşüncələrimiz"

16 Oktyabr 2021 11:40 Müsahibə 833
"Rəşad Sadıqovun öz düşüncələri var, bizim də öz düşüncələrimiz"

Azərbaycan Premyer Liqasında yaranmış 13 günlük fasilə bu gün start götürəcək 7-ci turla başa çatır. İlk oyun günündə "Qəbələ" "Zirə"ni qəbul edəcək.

Böyük maraqla gözlənilən oyundan öncə meydan sahiblərinin gənc çalışdırıcısı Elmar Baxşıyev Sportinfo.az-a müsahibə verib.

- Elmar müəllim, "Qəbələ" üçün 13 günlük fasilə necə keçdi?

- Normal hazırlığımızı keçdik. Fasilə dönəmində "Neftçi" ilə yoxlama oyunumuz oldu. Ümumi plan üzrə "Zirə" ilə oyuna hazırlaşırıq.

- Mövsümdəki ilk məğlubiyyəti fasilə öncəsi "Qarabağ"dan aldınız. Həmin məğlubiyyəti futbolçuların düşüncəsindən ata bilmisinizmi?

- Məncə, problem yoxdur. "Qarabağ"a yenilsək də, göstərilən futbol bizi razı saldı. Komandam "Qarabağ"ın adına və heyətindəki futbolçulara qarşı layiqli mübarizə aparmışdı.

- Rüfət Əhmədov və Akakponun bu gün meydanda olmayacaqları öncədən məlum idi. Heyətdə başqa itki varmı?

- Şükür ki, heç bir zədəli futbolçumuz yoxdur. Fernan Lopesin bizə qoşulması sevindirici oldu. İnanıram ki, onun komandamıza çox faydası dəyəcək.

- İspaniyalından söz düşmüşkən, hazırkı durumu necədir?

- Əsas məqam odur ki, Fernan bizim komandaya yad biri deyil. Uyğunlaşması üçün çox vaxta ehtiyacı yoxdur. Heyətə yeni qoşulanda da təzə gəldiyi hiss olunmurdu.

- Onu "Zirə" ilə oyunda meydanda görə bilərik?

- Hələ qərar verməmişəm. Kim layiq olsa, onların üzərində dayanacağıq.

- "Zirə" haqqında nə deyə bilərsiniz?

- "Zirə" ilə oyunumuz hər zaman gərgin keçib. Hər iki rəqib də bir-biri üçün ağır rəqibdir.

- Həmkarınız Rəşad Sadıqov kimi siz də yaxşı gələcək vəd edən gənc mütəxəssislərimizdən sayılırsınız. Bugünkü matça həm də Rəşad Sadıqov və Elmar Baxşıyev dueli prizmasından baxmaq olarmı?

- Əlbəttə, Rəşad Sadıqovun öz düşüncələri var, bizim də öz düşüncələrimiz. Bir oyunla məşqçilərin savaşı adlandırmaq olmaz. Hər ikimiz də yaxş oyunla nəticə qazanmağı istəyirik. Maraqlı oyun olacağını ehtimal etmək olar.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti