"Millinin əksər yerliləri "Qarabağ"da parlaq çıxış edir, amma..." - MÜSAHİBƏ

15 Oktyabr 2021 20:00 Müsahibə 1 041
"Millinin əksər yerliləri "Qarabağ"da parlaq çıxış edir, amma..." - MÜSAHİBƏ

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində daha iki görüşünü keçirdi.

De Byazinin komandası evdə İrlandiyaya (0-3), səfərdə isə Serbiya millisinə məğlub (3-1) oldu.

Futbol mütəxəssisi Aslan Kərimovla millimizin son iki matçı və gələcək perespektivləri ətrafında söhbətləşdik.

Komandamızın sabiq kapitanın Sportinfo.az-a müsahibəsini sizə təqdim edirik.

- Milli komandamız seçmə mərhələnin növbəti iki görüşünü də məğlubiyyətlə başa vurdu. İrlandiya və Serbiya məğlubiyyətləri sizin üçün gözlənilməz olmadı?

- Sizin üçün gözlənilməz oldu? (Gülür)

- Ən azından daha mübariz milli komanda görəcəyimizə ümid edirdik...

- Açığı, İrlandiya ilə oyundakı hesabı gözləmirdim. Çünki oyunun gedişatı da bunu göstərmirdi. Hər iki tərəfin qol imkanları oldu. Sistem olaraq hər iki komanda da oxşar mübarizə aparırdı. Top mərkəzdə demək olar qalmırdı. Hər iki tərəf də topu qazandığı anda hücumlara çıxırdı. Sadəcə epizodların tamamında bir-birə mübarizələrə girən rəqib bizdən fərqli olaraq üstün olub, qol imkanları yarada bilirdi. Namiqin timsalında bizim də belə imkanlarımız oldu. Sadəcə son məqamda rəqibi birə-birdə keçmək lazım idi. Ki, həmin mübarizələrdən məğlub ayrılırdıq. Hesab edirəm ki, futbolçuların ustalıq səviyyəsi hesabın 3-0 olmasına gətirib çıxartdı.

- Millimizin ən azı rəqib qədər topla oynadığını dediniz. Əksəriyyət düşünür ki, bu, rəqibin öncədən planlaşdırdığı gedişat idi.

- İnandırım sizi ki, heç bir komanda bilərəkdən topu rəqibinə vermir. Sadəcə İrlandiya açıq futbol oynamamaq strategiyası seçmişdi. Daha çox qapalı və ehtiyatlı oynamağı üstün tuturdular. Hər halda səfərdə bərabərlik əldə edən millimizin doğma meydanda daha çox hücum edəcəyini onlar da bilirdi. Meydan sahibi olan ən zəif komanda belə buna məcburdur

.

- Aslan müəllim, rəqib futbolçuların ustalıq səviyyəsinin görüşün taleyini həll etdiyini dediniz. Bu əskikliyimizi necə aradan qaldıra və ya nə ilə kompensasiya edə bilərdik?

- Deyə bilmərik ki, filan şeyi düzəltsək milli komanda uğur qazanacaq. Bu uzunmüddətli prosesdir. Millimizin qələbələr qazanması, uğur əldə etməsi üçün rəqiblərin top millilər olmaması lazımdır. Məsələn, hazırkı heyətimizlə indiki Bolqarıstan, Rumıniya səviyyəli millilərlə görüşlərdə uğur qazana bilərik. Amma yüksək səviyyəli milli komandalara qarşı uğur qazanmağımız çətindir.

- Amma hazırkı heyətlə Millətlər Liqasında adını çəkdiyiniz komandalardan da zəif millilərlə uğur qazana bilmədik...

- Hə, razıyam. Orada istənilən halda biz uğur qazana bilərdik. Çünki Millətlər Liqasındakı rəqiblərimizin durumu bizdən yüksəkdə deyil. Aşağı-yuxarı eyni səviyyədəyik.

- Seçmə mərhələdəki rəqiblərin gücünü qabartdınız. Sizcə, istənilən halda 7 matça 1 xal yox, daha çoxunu əldə edə bilməzdikmi?

- Hesab edirəm ki, xal baxımından daha yaxşısını edə bilərdik. Mənə görə taktiki baxımdan qrupumuzda ən zəif millilərdən biri Serbiya yığmasıdır. Dediyim bəlkə də gülməli çıxa bilər. Amma mənə görə, serblərin fərdi olaraq yüksək səviyyəli futbolçuları olsa da, komanda olaraq hələ formalaşmayıblar. Onlara qarşı daha yaxşı oynamaq olardı. Ən azından evdəki oyunda xal qazanmaq mümkün idi. İrlandiyaya isə səfərdə qalib gəlmək olardı. Bundan əlavə Lüksemburqa səfərdə qalib gəlməliydik. Bütün bunları nəzərə alsaq, təbii ki, daha çox xal toplaya bilərdik.

- Niyəsə çoxu düşünür ki, klublarda parlaq çıxış edən futbolçularımız eyni performansı millidə göstərə bilmir. Bunu nə ilə izah etmək olar?

- Klubların harada çıxış etmələri önəmlidir. Daxili yarışlardakı oyunların gərginliyi millidəki oyunlarla eyni deyil. Rəqiblərimizin heyətindəki futbolçular "beşlik ölkələri"nin çempionatında daim təzyiq altında çıxış edirlər. Düzdü, millinin əksər yerliləri "Qarabağ"da parlaq çıxış edir. Amma baxası olsaq, Konfrans Liqasındakı rəqiblər də aşağı-yuxarı bizim səviyyədədilər. Bir "Bazel" istisna olmaqla. Bunun özü də sual altındadır. Ki, "Bazel"in özü hazırda Avropanın top klublarından sayılmır. Mövsüm ərzində 1-2 çətinlik yaşadığımız oyunlar ola bilər. Belə olan halda təbii ki, İrlandiya, Serbiya, Portuqaliya kimi millilərlə rəqabətdə uduzacağıq.

- Canni De Byazinin uğursuz nəticələrdən sonra gedəcəyi ehtimal olunur. Uğur qazanmaq üçün bu çıxış yoludurmu?

- Mən daha qlobal düşünmək istərdim. De Byazi gedib kimsə gələcəksə, sözsüz ki, dəyişiklik olacaq. Hər gələn məşqçi öz sistemini gətirəcək. De Byazidən nisbətən uğurlu hansısa baş məşqçi də gələ bilər. Amma milli komandadan böyük uğurlar gözləyiriksə, ilk növbədə klublarımızın sayı artmalıdır. Ki, yerli oyunçuların daha çox oynamaq şansları artsın. Belə olanda klublar da yarımçıq yox, daha peşəkar işlər görməlidir. Bundan əlavə Belçika, Yunanıstan, Polşa kimi çempionatlarda ən azı 5-6 oyunçumuzun olması lazımdır. Milli komandamızı rəqabətə davamlı formalaşdıra bilək.

- Mahir Emreli timsalında 5-6 belə futbolçumuz olarsa, milli komanda ilə uğur qazanmaq üçün mütləq əcnəbi məşqçi gətirməliyik?

- Bu məsələ mübahisəli məsələdir. Əcnəbi mütəxəssislərlə uğur qazanan milllilər az olmayıb. Elə De Byazinin özü Albaniya millisini Avropa çempionatına aparıb. Yerli məşqçilərin üstünlüyü ondadır ki, mental olaraq futbolçularımızın nə düşündüyünü, istədiyini bilirlər. Yerli oyunçular da bəzən əcnəbi məşqçiyə başqa gözlə - yuxarı səviyyə kimi baxırlar. İnandırmaq baxımından əcnəbi mütəxəssilər fərqlənir. Mənim şəxsi fikrimə görə yerli mütəxəssis daha faydalı ola bilər.

- Arxada qalan iki ildə De Byazinin milli komandamıza hansısa faydası oldumu?

- Bəlkə də oldu, amma kənardan bunu deyə bilmərəm. Milli komandanın oyunçuları bu haqda fikir bildirə bilər. Biz ancaq rəqəmlərə baxası olsaq, deyə bilərik ki, böyük ölçüdə bir faydası olmadı. Məsələn, Foqts haqqında danışası olsaq, onun köməkçisi olaraq deyə bilərəm ki, milli komandamıza peşəkarlıq gətirmişdi. De Byazi barəsində isə danışmaq mənə çətindi.

- Milliləşdirilən Filip Ozobiçin çıxışını necə dəyərləndirirsiniz?

- Mənə görə ən uğurlu milliləşdirilmiş oyunçu Filip Ozobiçdir. Amma demək olmaz ki, tək Ozobiç bizi böyük çempionatlara aparacaq. Amma millimizə faydalı futbolçudur.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti