Hafiz Məmmədovun müflis olmasına inanmadı, “Bakı”dan xəbəri yoxdur - FOTOLAR

11 Oktyabr 2021 14:00 Müsahibə 2 431
Hafiz Məmmədovun müflis olmasına inanmadı, “Bakı”dan xəbəri yoxdur - FOTOLAR

Stajlı futbolsevərlərin unutmadığı isimlərdən biri də Leandro Qomesdir.

Vaxtilə “Bakı”, “Olimpik” və “Karvan”ın şərəfini qoruyan, 18 oyunda millimizin formasını geyinən braziliyalı hücumçu.

Açığı, Leandroya zəng vuranda azərbaycanca sözlər eşidəcəyimi təxmin etsəm də, dilimizdə qarşısındakını başa sala biləcək dərəcədə danışa bildiyini təsəvvürümə gətirməzdim.

Belə deyim, azərbaycan dilində verdiyim sualları tam başa düşür, cavablandırmağa çalışırdı. Lakin elə nöqtələr olurdu ki, orda “ilişirdi”. Belədə köməyimizə ingilis dilini bilən xanımı Lori çatırdı.

2004-09-cu illər aralığında ölkəmizdə top qovmuş Qomesin müsahibə vermək bacarığı futbolçu istedadı qədər olmasa da, hər halda, söhbətimiz baş tutdu.

- Azərbaycana gəlib-getmirsən?
- Düzünü desəm, yox. Məndən olsa, bunu çox istəyirəm. Amma imkan tapa bilmirəm.

- 12 ildə 10 gün vaxt tapa bilmədin?
- Ailə, iş, problemlər... Həqiqətən də, vaxt və imkan məsələsi imkan vermir.

- İndi nə işlə məşğulsan? Sevdiyin sahədəsən?
- Əlbəttə. Futbolsuz qalmaq mümkün deyil. Fitnes zalında məşqçi işləyirəm. Paralel olaraq futbol akademiyasında məşqçiyəm.

- Azərbaycanda qazandığın pullar hesabına biznes qura bilmisən?
- Bəli, yüngülvari nəsə etmişəm.

- Sirr deyilsə, nədir elə?
- Qoy sirr qalsın (gülür).

- Azərbaycan üçün darıxırsan?
- Azərbaycanı həqiqətən çox sevirəm. Orda gözəl günlərim keçib. İnsanları da mehriban, gülərüzdür. Çox yaxşı xatirələrim var.

- Azərbaycan futbolu ilə maraqlanırsan?
- İmkan olduqca nəticələrə baxıram. Amma desəm ki, hər şeydən xəbərim var, yalan danışmış olaram. Bayaq dediyim kimi, vaxtım olmur, çatdıra bilmirəm.

- Karyeranın 4 ilini keçirdiyin “Bakı”nın hazırkı durumundan xəbərin var?
- Xeyr. Nə olub ki?

- Hafiz Məmmədov müflis oldu, “Bakı” dağıldı, Futbol Akademiyası uçuruldu...
- Doğrudan? Açığı, bunu bilmirdim.

- Nə əcəb xəbərin yoxdur?
- Nə bilim. Qarşıma bu haqda xəbər çıxmayıb.

- Azərbaycanı necə xatırlayırsan?
- Orda olduğum müddətdə ən böyük qazancım dostlar oldu. Möhtəşəm insanlarla ünsiyyətdə olurdum. Hətta bəziləri ilə indiyə qədər yazışırıq, əlaqə saxlayırıq. Azərbaycan xalqı qonaqsevəndir. Bu, hər yerdə belə deyil. Hə, bir də yerli mətbəxi çox bəyənirdim. Yeməkləriniz möhtəşəm idi.

- Bakını görsən, tanımarsan. Paytaxtımız çox dəyişib.
- Bilirəm, xəbərim var. Azərbaycan son illər çox inkişaf edib. Bəzən internetdə qarşıma şəkillər çıxır, Bakını tanıya bilmirəm. Hündürmərtəbəli binalar, işıqlı küçələr, geniş parklar, körpülər – bunlar Bakını çox gözəlləşdirib. Hə, bir də stadionlar. 15 il əvvəl Bakıda iki stadion vardı (adlarını xatırlamır, amma Respublika stadionu ilə indiki “ASK Arena”nı nəzərdə tutur – H.). İndi onların sayı çoxalıb. Bildiyimə görə, rayonlardakı stadionlar da xeyli gözəlləşib.

- Azərbaycanlı futbolçulardan kimlərlə əlaqən var?
- Raminlə (çox güman, Ramin Quliyevi deyir – H.).

- Xanımına və övladlarına Azərbaycan haqda nə danışırsan?
- Deyirəm ki, Azərbaycandakı dönəm həyatımın ən möhtəşəm illəri olub. Həm futbolçu olaraq çox şey qazandım, həm də həyat təcrübəsi topladım. Həqiqətən də, Azərbaycanın bugünkü həyatımda xüsusi rolu var.

- “Bakı” və “Olimpik” karyerasından sonra Yevlaxa getmişdin. ”Karvan”ı necə xatırlayırsan?
- Orda qısa müddət oynadım. Məhsuldar ola bilməsəm, əlimdən gələni etməyə çalışırdım. Bakıda olduğu kimi, Yevlaxda da üzügülər insanlarla qarşılaşdım. Ümumiyyətlə, Azərbaycanda heç bir komandada özümü narahat hiss etməmişəm.

- Çempionatda vurduğun qolların sayəsində Azərbaycan millisinə dəvət olunurdun. Lakin meydana çıxdığın 18 matçda rəqib qapılarına yol tapa bilmədin. Mütləq ki, səbəbi vardır.
- Səbəbi o idi ki, əlimə düşən imkanları boşa verirdim. Nədənsə, yığmada bəxtim gətirmirdi. Özüm qol vurmağı hamıdan çox istəyirdim, amma alınmırdı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti