"Bu oyunlarda yaxşı nəticə əldə olunsa, De Byazi ilə yollar ayrılmayacaq"

9 Oktyabr 2021 20:00 Müsahibə 1 028
"Bu oyunlarda yaxşı nəticə əldə olunsa, De Byazi ilə yollar ayrılmayacaq"

Azərbayacan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün İrlandiya yığmasını qəbul edəcək.

3 gün sonra isə De Byazinin yetirmələri Belqradda Serbiyanın qonağı olacaq.

Milli komandanın sabiq müdafiəçisi İlham Yadullayev İrlandiya və Serbiya ilə oyunlar öncəsi Sportinfo.az-a müsahibə verib.

- İlham müəllim, sabiq milli üzvü kimi qarşıdakı iki görüşdən gözləntiniz nədir?

- Gözləntim yaxşı oyun və qələbədir. İnşallah, uğurlu nəticə qazanarıq

- Yaxşı oyun və yaxşı qələbəyə ümid edirsiniz, bəs reallıq nəyi deyir? İrlandiya və Serbiya kimi rəqibləri məğlub edə bilərik?

- Uşaqlar toparlansa ən azı heç-heçə əldə etmək olar. Məncə, bu rəqib üzərində qələbə də qazanmaq olar. Ancaq Serbiya millisi ilə görüş çətin olacaq. Komandanın potensialına hər zaman güvənmişik. Amma stabil oynamadıqları üçün nəsə demək çətindir. Milli komandanı bir oyun yaxşı görürüksə, digər oyunda pis çıxış edirlər.

- Stabilliyin olmaması futbolçu keyfiyyətinə bağlıdır, yoxsa baş məşqçinin oynatdığı sistemlə əlaqəlidir?

- Açığı, milli komanda eyni sistemlə oyunlara çıxır. Oyunu müdafiədən qururuq. Sadəcə heyətdə dəyişiklər çox olur. Stabil heyətimiz yoxdur. Düzdü, milli komandada stabil heyət qurmaq da bir qədər çətindir. Amma görsənir ki, uşaqlar mübarizə aparır, nəsə etmək istəyirlər. Ancaq satbillik olmadığına görə nəticə də yoxdur.

- Sizcə, layiq olanlar milli komandaya dəvət olunub, yoxsa layiq olub kənarda qalanlar var?

- Bizdə legioner sayı çox deyil. Əsasən Premyer Liqamızdan seçilən futbolçulardı. Məncə, kimlər yaxşı formadadırsa onlara dəvət göndərilib.

- Hazırkı seçmə mərhələdə millimizin aktivində cəmi 1 xal var. Bunu fiasko kimi qəbul edə bilərik?

- Hər zaman milli komandanın daha çox xal yığmasını istəmişik. Hər seçmə mərhələdən öncə maksimum xal yığılacağını ehtimal edirik. Oyunlar bitəndə isə təssüflənirik ki, niyə olmadı? Bu gün bütün milli komandalarda inkişaf gedir. Əlbəttə, 1 xal çox azdı. Düşünürdüm ki, bu qrupdan 6-7 xal yığmaq olardı.

- Bu gedişatın baş məşqçi Canni De Byazinin istefasına yol açdığını düşünmək olar?

- Mənim baş məşqçi haqqında nəsə deməyim düz çıxmaz. Müqaviləsində qarşısında nə şərt qoyulduğunu bilmirəm. Bu oyunlarda yaxşı nəticə əldə olunsa, məncə, De Byazi ilə yollar ayrılmayacaq.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"