"Yox, ümidsiz deyiləm, dedim axı..." - MÜSAHİBƏ

8 Oktyabr 2021 23:00 Müsahibə 743
"Yox, ümidsiz deyiləm, dedim axı..." - MÜSAHİBƏ

Yeni mövsümə gözlənilmədən uğurlu start verən "Səbail" ilk üç turda 2 qələbə qazanmağı bacardı. Amma sonra komandaya nə oldusa, ardıcıl məğlubiyyətlər gəlməyə başladı. Bu və digər məsələlər barədə komandanın baş məşqçisi Aftandil Hacıyevlə söhbətləşməyi qərara aldıq.

Gənc çalışdırıcı Sportinfo.az-a müsahibəsində bunları dedi.

- Aftandil müəllim, arxada qalan 6 tur komandanız üçün necə keçdi?

- Dəyərləndiriləsi hələ bir şey yoxdur. Çempionat təzə başlayıb. Komandada stabillik çatışmır. Zədəlilərimiz olanda bəzi oyunlar istədiyimiz kimi çıxış edə bilmirik. Heyətin komplektləşməsi mövsümün əvvəli gec baş tutdu. Bunlar hamısı daha yaxşı çıxış etməyimizə problem yaradır. Amma istənilən halda uşaqlar yaxşı çıxış etmək üçün çalışırlar.

- Komplektləşmə üçün gec başladığınızı dediniz. Milli komandaya görə yaranmış fasiləni bu baxımdan sizin üçün faydalı saymaq olarmı?

- Fasilənin bizim üçün yerinə düşdüyünü demək çətindir. Davamlı oyunlar olanda futbolçular daha çox qazanırlar. Amma fasilə yarananda bir qədər çətin olur.

- Sabitliyin olmamasını da xüsusi vurğuladınız. Bəs bu problemi necə aradan qaldırmağı düşünürsünüz?

- Rəqabətdə rəqiblərimizdən geri qalırıq. Digər komandalar hətta çempionat gedə-gedə yeni transferlərlə güclənir. Amma bizdə bunu etməyə gücümüz çatmır. Mübarizə aparmağına aparacağıq. Amma mən də istərdim ki, digərlərində olduğu kimi bizdə də rəqabət üst səviyyədə olsun.

- Aftandil müəllimi belə ümidsiz gördüyümü xatırlamıram...

- Yox, ümidsiz deyiləm. Dedim axı mübarizə aparmağa çalışacağıq. Sadəcə bizdə rəqabət digər komandalarla eyni deyil. Həqiqətən də çox gec qalırıq. Elə hücum xəttinə baxmaq kifayətdir ki, bunu aşkar görmək mümkün olsun. Biz Rauf Əliyevlə çempionata başlamışıq. Elə komandalarımız var ki, ön xəttdə üç legioner oynayır və üçü də ehtiyatdadır.

- "Səbail" rəqiblərinə yalnız rəqabətdəmi uduzur?

- Tək rəqabətdə uduzmuruq. Başqa məsələlər də var. Məsələn, biz sintetikada məşq edirik, amma digər rəqiblər təbii meydançada.

- Milli komandaya futbolçu göndərməyən iki komandadan biri "Səbail"dir. Bunun səbəbi nədədir?

- Bu baş məşqçinin seçimidir. Nəsə deməyim düz çıxmaz. Yəqin layiq görmür ki, çağırmır.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!