"Qarabağ"da məşhurlaşdı, yenidən Azərbaycanda oynamaq istəyir – MÜSAHİBƏ

8 Oktyabr 2021 22:20 Müsahibə 2 786
"Qarabağ"da məşhurlaşdı, yenidən Azərbaycanda oynamaq istəyir – MÜSAHİBƏ

Muarem Muaremə rahatlıqla “Qarabağ”ın unudulmaz simalarından biri deyə bilərik. Ölkəmizdə top qovduğu 6 ilə yaxın müddətdə “köhlən atlar”ın formasında 186 rəsmi matça çıxıb, 34 qola imzasını yazdıran sabiq “10 nömrə” azarkeşlərin könlünə yol tapmağı bacarmışdı.

Lakin 2017-ci ildə “Qarabağ”dan ayrılıb “Aktobe”yə üz tutdu, ordan Albaniyaya yollandı. Son iki ildir vətəni Makedoniyada top dalınca qaçır.

Daim mətbuata açıq olması ilə yadda qalan Muaremi danışdırmaq, dünən və bu günlə bağlı bəzi suallara cavab tapmaq qərarına gəldik.

- Skopyadasan deyəsən..

- Hə-hə, burdayam. Qarşıdan qış fəsli gəlir, maşının təkərlərini yeniləyirəm. Sizdə nə var, nə yox?

- Bildiyin kimi, yazıb-pozuruq.

- Həmişəki kimi (gülür).

- Futbol həyatında vəziyyət necədir?

- Hər gün məşq edirəm, qaçıram, tərləyirəm. Başqa nə edəcəm?

- Baxdım, elitada “Breqalniça”nın şərəfini qoruyursan, anma az şans qazanırsan.

- Koronavirusa yoluxmuşdum deyə, təxminən iki ay məşq və oyunlardan uzaq qaldım.

- Niyə bu qədər çox?

- Əslində, xəstəliyim o qədər sürmədi. Sadəcə, dönüşüm yaxşı alınmadı. Belə deyim, xəstəlikdən sonra özümü əvvəlki kimi gümrah hiss etmirdim. İndi yaxşılaşıram. Görək də...

- “Qarabağ”dan ayrılandan sonra ayaqların bir də buralara dəymədi. Yoxsa gəlmisən, bizim xəbərimiz olmayıb.

- Yox, qardaş, gəlməmişəm. Azərbaycandan ayrılandan sonra Qazaxıstana yollandım, ondan sonra Albaniyaya getdim. Sonra övladım dünyaya gəldi, başım ailə qayğılarına qarışdı. Son iki ildə də koronavirusa görə həyatımız məhv olub. İnanırsan, “Qarabağ”dakı dostlar da “nə vaxt gələcəksən” deyə soruşurdular. Amma mütləq getməliyəm Azərbaycana.

- “Qarabağ”lılarla əlaqən kəsilməyib deməli.

- Yox-yox. Danışırıq arada. Bəzi dostlarla tez-tez görüntülü əlaqə saxlayıram.

- Yəqin ki, “Qarabağ”ın oyunlarını, nəticələrini izləyirsən.

- Tək “Qarabağ”ı yox, bütün komandaları izləyirəm. Daha doğrusu, Azərbaycan çempionatının oyunlarına baxıram. “CBC Sport”u göstərən proqram yükləmişəm, ordan rahat baxa bilirəm.

- “Qarabağ”dan ayrılığın müəmmalı olmuşdu. Əslində, normal oynayır, qollar vurur, assistlər edirdin. Nə baş verdi?

- Nəsə baş verdiyini deyə bilmərəm. Müqaviləmin müddəti başa çatdı və yeni anlaşma imzalanmadı. Başqa heç kimlə problemim olmamışdı.

- Həmin dönəmdə öz çıxışından razı idin?

- Təbii ki. Son mövsümdə oyunların 80-85 faizində meydana çıxdım. Vəziyyətim yaxşı olmasaydı, Qurban Qurbanov kimi tələbkar məşqçi məni oynatmazdı. Hansı xarakterə sahib olduğunu siz məndən yaxşı bilirsiz.

- O vaxtdan sonra Azərbaycan klublarından maraqlanan olmadı?

- Düzünü desəm, yox. Yanvarı gözləyirəm, bəlkə təklif olar.

- Azərbaycandan?

- Niyə də olmasın?! Bundan sonra daha iki il oynamaq istəyirəm. Azərbaycanda həm yerli mühitə bələdəm, həm insanları tanıyıram, həm də futbolu mənə doğmadır. Ona görə də təklif olsa, dəyərləndirərəm. Görək də, xeyirlisi Allahdan.

- O vaxtkı Muaremdən əsər-əlamət qalıb?

- Həmin Muareməm (gülür).

- Bəs, futbolçu kimi?

- Futbolçunun ətrafında səviyyəli futbolçu nə qədər çoxdursa, sənin keyfiyyətin də bir o qədər yüksəlir. Açıq deyim, o vaxt “Qarabağ”da istedadlı futbolçular çox idi, onların sayəsində mənim səviyyəm də yüksəldi. Onlar olmasaydı, bəlkə də, bu qədər tanınmaz, üzə çıxmazdım.

- İndiki vəziyyətdə pulu çox istəyirsən, yoxsa oynamağı?

- Oynamasan, sənə heç kim pul verməyəcək. Ona görə də ilk növbədə oyunu düşünməlisən. Əlbəttə, pul vacibdir, amma mən heç vaxt pul söhbəti etməmişəm. Bir də ki, bu gün Azərbaycanda iki-üç komandanın maliyyə imkanları yaxşıdır, bunu da hamı bilir. Digərlərində aşağı-yuxarı eynidir.

- “Qarabağ”lı günlərin üçün darıxırsan?

- Əlbəttə, həm də çox. Yaxşı ki, xatirə qalan şəkillərim var. Arada onlara baxıram, gərgin oyunlarımızın videoyazılarını izləyirəm. “Qarabağ” həyatımda xüsusi yeri olan önəmli bir parçadır.

- Dostlarının, yaxınlarının, səni tanıyanların ağlında “Qarabağ”lı Muarem kimi qalmısan hər halda. Çünki ən parlaq günlərin burda olub.

- “Qarabağ”dan sonra hansı komandaya gedirdimsə, həmişə “Qarabağ” haqda soruşurdular. Necə komandadır, uğurun sirri nədədir, oyun üslubu-filan. Mən də hər zaman ən xoş sözlər söyləyirdim. Azərbaycan və “Qarabağ” adarı, dediyim kimi, həyatımda ciddi yer tutur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti