Qasparı Bakıda nə təəccübləndirib? – “Qarabağ”ın ispanı ilə MÜSAHİBƏ

7 Oktyabr 2021 23:00 Müsahibə 2 711
Qasparı Bakıda nə təəccübləndirib? – “Qarabağ”ın ispanı ilə MÜSAHİBƏ

“Qarabağ”ın mövsümlərarası fasilədə etdiyi transferlər ümidləri doğrultmaqdadır. Kadi Borges qısa zamanda böyük sevgi qazandı, İbrahima Vadji səviyyəsini “Neftçi” ilə oyundaca ortaya qoydu, Marko Veşoviç şans qazandığı dəqiqələrdə özünü yaxşı tərəfdən göstərir.

Bircə qalır Qaspar Panadero. İspan yarımmüdafiəçi hələ ki, ideal formasından uzaqdır deyə, baş məşqçinin etimadını nadir hallarda qazanır.

Qasparı həm yaxından tanımaq, həm ölkəmizlə bağlı fikirləri ilə tanış olmaq, həm də nə vaxt tam hazır olacağını öyrənmək üçün səbəbkara suallar ünvanladıq.

-Yeni ölkə, yeni mühit. Özünü necə hiss edirsən?

- Açığı, Azərbaycan məni sözün yaxşı mənasında çox təəccübləndirdi. Bu ölkə haqda xoş sözlər etmişdim, amma bu dərəcədə təsəvvür etmirdim. Mühit, şərait, insanların davranışı – hamısı yüksək səviyyədədir. Bakı həqiqətən də zövqlü və möhtəşəm şəhərdir.

- "Qarabağ"dan təklif alanda nə düşündün? Kimlərlə məsləhətləşdin?

- Təklifi yayda aldım və səmimi desəm, qərar verməkdə çox düşünmədim. Çünki “Qarabağ” Avropada tanınmış klub olduğunu bilirdim. Xüsusən 2017-ci ildə “Ateltiko” ilə oyunlardan tanıyırdım bu komandanı. İki oyunun heç birində madridlilərə uduzmamaqla özləri haqda xoş fikirlər formalaşdırmışdılar. Ona görə də təklif alan kimi ailəmlə məsləhətləşib, “hə” dedim.

- İndiyə qədər Azərbaycanda xeyli sayda ispan oynayıb. Kimləri şəxsən tanıyırsan?

- (fikirləşir) İndiyə qədər Azərbaycanda oynamış ispan futbolçuların arasında şəxsən tanıdığım olmayıb. Bir tək Xayme Romerodan başqa. Hər ikimiz eyni şəhərdən – Albasetedən olduğumuz üçün tanışlığımız vardı. Azərbaycana gəlməmişdən əvvəl Xaymedən bəzi məlumatlar almışdım. O da mənə ən yüksək fikirləri bildirmişdi.

- Bəs, ölkəmiz haqda nə bilirdin?

- Dediyim kimi, “Qarabağ” haqda ümumi məlumatlara sahib idim. Bundan sonra Azərbaycanla bağlı da məlumatlar toplamağa başladım. Kiçik detallarla maraqlanmasam da, Avropada yerləşdiyini, paytaxtının Bakı şəhəri olduğunu bilirdim.

- Azərbaycan səni nə ilə təəccübləndirdi?

- Burda məni yaxşı mənada ən çox təəccübləndirən insanların qonaqlara davranışı oldu. İnanırsız, neçə vaxtdır Bakıdayam, özümü illərdir burda yaşayırammış kimi hiss edirəm. Azərbaycana düşündüyümdən də tez alışdığımı deməliyəm.

- BƏƏ-də oynamısan, yaşamısan. Abu Dabi ilə Bakı bir-birindən nə ilə fərqlənir, yaxud oxşardır?

- Bəli, 6 ay Abu-Dabiddə yaşamışam. Deyim ki, ora da olduqca gözəl şəhərdir və özümü çox rahat hiss edirdim. Bakı ilə Abu-Dabi arasında oxşarlıqlar çoxdur. Lakin nədənsə, Bakı mənə daha çox isti gəlir. Çünki burda mənə çox rahatdır.

- Xayme zədələnsə də, yenə əsas heyətdə özünə yer edə bilməmisən? Formanı tam bərpa etməyə nə qədər vaxt lazımdır?

- Məşqlərdə durmadan çalışıram. Düzünü desəm, hər ötən gün artırdığımı hiss edirəm. Ən əsası, sürətim artmaqdadır. Əsas heyətdə özümə yer etmək üçün daha çox çalışacam. Son qərarı təbii ki, baş məşqçi verəcək.

- Meydanın hansı mövqeyində oynamaq sənə rahatdır?

- Baş məşqçi hansı mövqedə oynamağı məsləhət görsə, orda da oynayacam. Biz futbolçuların işi verilən tapşırığı yerinə yetirməkdir. Müdafiənin sağ cinahında, yaxud yarımmüdafiənin “solu”nda. Vacib olan öz oyunumla komandaya fayda verməkdir.

- "Qarabağ"da nələri xoşlayırsan? Əvvəlki komandalarından nə ilə fərqlənir?

- Bu günə qədər “Qarabağ”da gördüyüm hər şey, hər kəs ürəyimcədir. Hətta bazada belə, əməkdaşlar, işçilər yeni gələn futbolçunun özünü rahat hiss etməsi üçün əlindən gələni edir. Bunun özü bir gözəllikdir. “Qarabağ”da məni ən çox sevindirən peşəkarlığın yüksək səviyyədə olmasıdır.

HƏBİB / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!