“Legiya”nın idman direktoru Mahir haqda “Sportinfo”ya EKSKLÜZİV MÜSAHİBƏ VERDI

5 Oktyabr 2021 13:00 Müsahibə 2 090
“Legiya”nın idman direktoru Mahir haqda “Sportinfo”ya EKSKLÜZİV MÜSAHİBƏ VERDI

Mahir Emrelinin “Legiya”da sərgilədiyi futbol və vurduğu qollar hər bir azərbaycanlını sevindirir.

Artıq böyük əksəriyyət milli üzvünün yaxın gələcəkdə Avropanın aparıcı çempionatlarının birində top qovacağını düşünür.

Bu mənada təbii ki, klub rəhbərliyi də sevinməkdədir. Mahirin qısa müddətdə vurduğu 10 qol komandasına fayda qazandırdığı kimi, yayda “Legiya”nı maddi planda qabağa sala bilər.

Emreli mövzusunda klub rəhbərlərindən biri ilə danışmaq niyyətindəydik ki, axtarışlarımız nəticəsində Varşava təmsilçisinin əsas adamlarından biri sayılan Radoslav Kuxarskini tapdıq.

“Legiya”nın idman direktoru Sportinfo.az-ın suallarını böyük məmnuniyyətlə cavablandırdı.

- Əsas suallara keçməzdən əvvəl əhvalınızın necəliyini soruşmaq istəyirəm.
- Əhvalım qarışıqdır. Avroliqadakı nəticələr üzümüzü güldürsə də, daxili çempionatdakı nəticələr ürəkaçan deyil. 8 oyundan cəmi 3 qələbə qazanmaqla yer almalı olduğum mövqedən xeyli uzaqlaşmışıq. “Lexiya”ya yenilgidən sonra vəziyyətim o qədər də ürəkaçan deyil. Amma yenə də yaxşı olacağına ümid edirəm.

- Ümid edək ki, Avroliqadakı nəticələr Polşa çempionatında da təkrarlanacaq.
- Dediyiniz kimi, ümid edək.

- Düzü, Mahir Emreli ilə bağlı bir neçə suala cavab tapmaq üçün zəng etmişəm sizə. Bu mövzuda danışa bilərik?
- Buyurun-buyurun.

- Mahirdən bu cür başlanğıc gözləyirdiz?
- Hər şeydən əvvəl Mahirin komandamız üçün mükəmməl xarakterə sahib vacib futbolçu olduğunu qeyd etməliyəm. Həm Çempionlar Liqasında, həm də Avroliqada “Legiya”ya ciddi faydası oldu. Xüsusən “Slaviya” ilə matçlardakı vacib qollarını qeyd edə bilərəm. İstedadlı oğlandır, öz üzərində işləyir və bu günlə qane olmur. Hələ ki, ümidlərimizi doğruldur. Cari mövsümdə Polşa çempionatında da qollarını sıralayıb, ən yaxşı hücumçu adına sahib olacağına ümid edirəm.

- Hər birimiz üçün vacib olan sual “Legiya”nın Mahiri necə tapmasıdır? Harda görüb bəyəndiz, yaxud kim məsləhət gördü?
- Bilirsiz, yaxşı hücumçu namizəd tapmaq çətin iş deyil. Belə deyim, daim qol vuran forvardlar üzdə olur. Mahir də belə futbolçulardandır. Artıq neçə illərdir “Qarabağ”ın heyətində vurduğu qollarla adından söz etdirirdi. Xüsusən də Azərbaycan çempionatında uğurlu təsir bağışlayırdı. Ona görə də çoxdan gözaltı etdiyimiz oyunçulardan biri idi deyə bilərəm. Amma başqa ölkədən futbolçu transfer etmək heç də həmişə asan olmur. Xarakterini bilməli, uyğunlaşma səviyyəsi haqda məlumat toplamalı və digər önəmli məqamlara aydınlıq gətirməlisən. Açığı, bu mənada bir az vaxt itirdik. Ötən il “Legiya” ilə “Qarabağ” arasındakı oyunda zədə səbəbindən matçı buraxsa da, onu yaxından görmək imkanı qazanmışdıq. Daha sonra pillə-pillə işimizi qurmağa başladıq. Yekunda Mahir “Legiya”nın futbolçusuna çevrildi.

- Bu gün məşhur “transfermarkt” saytı Emrelinin dəyərini 1 milyon avro şəklində göstərir. Maraqlıdır, “Legiya” rəhbərliyinin düşüncəsində onun qiyməti nə qədərdir?
- Mahir hələ yolun başındadır. Düzdür, yola yaxşı başlayıb. Amma unutmayaq ki, qarşıda hələ çox aylar, çox oyunlar var. Emrelidən gözləntilərimiz böyükdür. Bu gün Emrelinin qiyməti haqda fikir bildirmək mənim üçün çətindir. Çünki birlikdə cəmi 3 ayı geridə qoymuşuq. İndiki kimi davam etsə, transfer dəyəri dediyiniz saytda göstəriləndən qat-qat çox olacaq. Son 3 ildə “Legiya” klubu olaraq futbolçularımızın xarici klublara keçidində ciddi irəliləyişə nail olmuşuq. Mahir gələcəkdə onlardan biri ola bilər. Cəmi 24 yaşı var və qeyri-adi hücumçulardan hesab olunur. Əsas odur ki, qollarına ara verməsin.

-Yayda sərfəli təklif alsaz, Mahiri satışından pul qazanmaq haqda düşünəcəksiz?
- Belə danışaq, yay indi bitib, üzümüzə gələn yaya çox var. Bu gün bizi yaydan 7-8 ay ayırır ki, bu da ciddi zaman aralığı hesab olunmalıdır. Biz Mahiri komandaya inanaraq cəlb etmişik, o da ümidlərimizi doğrultmaqdadır. Hazırda əsas məqsədimiz “Legiya”nı komanda kimi möhkəmləndirmək, bu heyətlə uğura doğru addımlamaqdır. Gələcəkdə nə olacaq, onu zaman göstərəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti