“Anamla qardaşım vəfat etdi, Azərbaycana qayıtdım” – Başıbəlalı Nizami

4 Oktyabr 2021 16:00 Müsahibə 1 864
“Anamla qardaşım vəfat etdi, Azərbaycana qayıtdım” – Başıbəlalı Nizami

2017-ci ildə futboldan uzaqlaşdırılan Nizami Hacıyev vaxtilə ölkənin sayılıb-seçilən futbolçularından idi. Bütün yaş qruplarından ibarət millilərin formasını geyinmiş Hacıyev, “İnter”, “Olimpik”, “Xəzər Lənkəran”, “Qəbələ” kimi komandaların şərəfini qorumağa da imkan tapmışdı.

Nizami xeyli vaxt idi Rusiyanın paytaxtı Moskvadaydı, orda yaşayırdı. Artıq Bakıya qayıdıb, yenidən doğma şəhərinin havasını udmaqdadır.

Fürsətdən istifadə edib sabiq “8 nömrə” ilə söhbətləşdik.

- Rusiyadan qayıtmısan deyəsən...

- Hə, qardaş. Artıq neçə vaxtdır Azərbaycandayam.

- Orda alınmadı, ya necə?

- Allah ölənlərinizə rəhmət eləsin! Qardaşım ciyər xəstəliyindən dünyasını dəyişdi. Mən də həmin vaxt Bakıya gəlmişdim ki, anamın yanında oldum. Çox keçmədən anam da vəfat etdi. O da infarktdan rəhmətə getdi. Komaya düşdü, nə qədər çalışsaq da, xilas edə bilmədik. Ondan sonra qayıtmadım Rusiyaya. İli tamam olmayıb hələ.

- Moskva ilə qurtardın?

- Yox, qardaş, qayıdacam ora. Burda vəziyyət yaxşı deyil. İş yox, güc yox. Boş qalmağın mənası yoxdur.

- Bəs, işsiz-gücsüz neynirsən? Necə dolanırsan?

- Heç nə, oturmuşam evdə.

- Vaxtilə futbolda qazandığın pullarla iş qurmamısan? Ev, obyekt...

- Yox, eləməmişəm. Yaxşı olar, inşallah. Şükür Allaha, evdə qazanımız qaynayır. Allah yaxşı qardaşlarımızın canını sağ eləsin. Hər zaman yanımızdadırlar.

- Cavanlıqda avaralıq eləmisən yəqin.

- (gülür) Avaralıq yox, səhlənkarlıq deyək.

- Səhlənkarlığın acısını indi hiss edirsən...

- Bəli-bəli. Yenə peşman deyiləm. Əsas odur ki, sonumuz yaxşı olsun. Uşaqlar sağlam böyüsün, bəsimizdir. Oğlum cüdoya gedir, futbola qoymadım.

- Niyə?

- Açığı, futbola elə də marağı yoxdur. Əmisiuşaqları neçə illərdir cüdo ilə məşğul olur, bu da qoşulub onlara. İndi də yarışları var, gəlmişik Qəbələyə. Nəslimizdən futbolçu çıxıb, cüdoçumuz olmayıb. İnşallah, başımızı uca edərlər.

- Futbolsuz çox çətin olar sənə.

- Çox çətindir, çox. Həyatda ən yaxşı bacardığım futbol oynamaq olub. O da indi yoxdur.

- Oyunbaşına 50-100 manat verilən oyunlar var. Orda oynaya bilmərsən?

- Mənlik deyil, istəmirəm.

- Formada deyilsən, yoxsa...?

- Səni inandırım, indi oynadığım dönəmdəkindən də arığam. O vaxt 78-80 kiloydum, indi 76 kilo. Formadayam (gülür).

- Çempionatımızın oyunlarına baxırsan?

- Futbolsuz qala bilirəm ki? Əlbəttə, baxıram. Turun bütün görüşlərinə olmasa da, azı 1-2-sinə baxıram. Dost-qardaşlarımız oynayır, baxmaq borcumuzdur.

- Necə görünür çempionat?

- Belə də. 8 komandalı çempionatdır, cəmi 2 komanda çempionluq üçün oynayır. Nə deyəsən? Biz oynayanda da beləydi, onda da komanda sayının az olduğunu deyirdim. Allah elə bir imkan yaratsın ki, komandaların sayı artsın, çempionat daha maraqlı görünsün.

- Bəzən ağlından “uzaqlaşdırılmasaydım, hələ də oynayırdım” fikri keçir?

- Oynayırdım nədi, bəlkə də, yığmaya çağrılardım. Məndə həmişə güc olub, bu baxımdan problem yaşamamışam.

- Futbola qayıtmaqla bağlı AFFA rəhbərliyinə müraciət etmisən və ya, etmək fikrin var?

- O vaxt müraciət etmişdik, qəbul etmədilər. Ondan sonra heç kimə heç nə deməmişəm. Demək olar, əlimi üzmüşəm futboldan. Bəlkə nə vaxtsa cəza müddətinin başa çatdığını deyib, futbola qayıtmağımıza şərait yaradarlar. Edərlər, sağ olsunlar, etməzlər, yenə sağ olsunlar. Bu yaşda gedib qapıda oturub yalvara bilmərəm ki, məni futbola qaytarın. Allah böyükdür, səbr edək, yaxşı olar bəlkə. Allah yaxşı qardaşlarımızı qorusun!

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!