“AzTV-də işləyirdi, Alina adında qız idi” – Subaşiçlə SƏMİMİ MÜSAHİBƏ

30 Sentyabr 2021 15:00 Müsahibə 1 670
“AzTV-də işləyirdi, Alina adında qız idi” – Subaşiçlə SƏMİMİ MÜSAHİBƏ

Branimir Subaşiç azərbaycanlı futbolsevərlərin indiyə qədər unutmadığı adlardandır. Əslən serb olsa da, milliləşdirilmiş, ölkəmizin futbol yığmasına cəlb olunmuş, o da öz növbəsində 40 oyunda 7 qol vurmuşdu.

Futbolçu kimi futbolçuydu, söz yox. Onu yaxından tanıyanlar Subaşiçdə azərbaycanlı tipi olduğunu deyirdi. Hamıya qaynayıb-qarışar, gecə klublarından və qadınlardan əl çəkməz, qazandığı pulları sağa-sola xərcləyərdi.

Açığı, Bane ilə müsahibəni adi ssenari ilə – “necəsən, neynirsən, Azərbaycan futbolu ilə maraqlanırsanmı” şəklində etmək istəyirdim.

Lakin onun Bakı macəraları haqda eşitmək özüm üçün də maraqlı olduğundan, müsahibənin formatını dəyişməli oldum.

- Deyirlər, insan yaşa dolanda cavanlıqda buraxdığı səhvlərin peşmançılığını çəkir. Razısan?

- Baxır kim.

- Məsələn, elə sən...

- Mən heç vaxt keçmişimə görə peşman olmamışam. Hətta bəzən fikirləşirəm ki, kaş, daha çox gəzərdim, əylənərdim, istirahət edərdim. Həyatı bir dəfə yaşayırıq. Adam bilmir nə vaxt öləcəyini. Bəlkə sabah yolda getdiyimiz yerdə ürəyimiz dayandı. Ona görə də hər anımızdan zövq almalıyıq. Şəxsən cavanlığımı yada salanda, o günlərin xatirələrindən həzz alıram.

- Sən həzz almasan, kim alacaq? Maşallah, pul gəlirdi, xərcləməyə yer axtarırdın.

- Söhbət tək puldan getmir axı. O vaxtkı vəziyyət bunu tələb edirdi. Həyatımın yarısından çoxunu tək yaşamışam. Azərbaycana gələnə kimi Belçika, Rusiya, Ukrayna, Fransa kimi ölkələrdə oynamışdım. Tək qalmaq məni sıxırdı. Evə gəlirdim, ürəyim sıxılırdı. Nə qədər dörd divar arasında qalmaq olardı? Oyun, ya məşq qurtarırdı, evə gəlirdim, bekarçılıq. Əlacsızlıqdan şəhərə çıxırdım, kluba, restorana gedirdim. İnan, mənim yerimə kim olsaydı, elə edərdi.

- Sarışın, hündürboy, müxtəlif dillərdə bilməyin və ən əsası, futbolçu olmağın Bakıda qızlarla rahat tanış olmaq baxımından işə yarayırdı.

- (uca səslə gülür) Nə sarışın, nə hündürboy? Sən nə danışırsan? Adi oğlan idim (yenə gülür).

- Deyəsən, xanımın yanındadır, cavab verə bilmirsən.

- Evdə olmağına evdədir. Amma bu baxımdan problem yoxdur. Danışdıqlarım mənim keçmişimdir. Bəlkə də o cür keçmiş olmasaydı, indi hər şey ideal olmazdı. Bayaq dedim axı, mən keçmişimdən zövq alıram.

- Amma sualıma cavab vermədin.

- Hansına?

- Qızların diqqətini çəkməyinə.

- Oyun qurtarırdı, istirahət üçün vaxtımız olurdu, onda dostlarla kluba gedirdik. Tək kluba yox, kafeyə, restorana. Bilirsən, mənim uşaqlığım ağır keçib. Gözümüzü açıb müharibə, çətinlik gördük, kafe-restoranlara gedə bilmədik. Hətta 18 yaşım belə, ad günü kimi qeyd olunmamışdı. Serbiyadakı uşaqlığım çox çətin keçmişdi. Ona görə də ölkəni tərk edəndən sonra əsl həyatın nə olduğunu bilmək istəyirdim. Burda söhbət klubdan, yaxud qızlardan getmir. Əsas olan əyləncə, vaxtımın xoş keçməsiydi. Yaxşı qazandığım, yaxşı yaşadığım günlər də Azərbaycanda oynadığım dönəmə təsadüf etdi.

- Bakıda ən çox hansı gecə klubuna gedirdin?

- Bulvardakı klub, adı “X Club” idi, yoxsa “X Side Club”, dəqiq xatırlamıram. Qız qalası ilə üzbəüz. Ara-sıra ora gedirdim. Bakı indi çox dəyişib. 10-15 il əvvəllə müqayisədə demək olar heç nə qalmayıb. Bütün kafe-restoranların adı və yeri dəyişib, parklar salınıb, binalar tikilib. 15 il ərzində hər şey sürətlə dəyişdi.

- Gecə klublarında tanış olduğun qızların təxmini sayını deyə bilərsən?

- Bəsdir, sən Allah. Danışdırırsan məni, oxuyub deyəcəklər ki, Bane futbol oynamaqdan başqa hər işlə məşğul olub.

- Heç kim o sözü deyə bilməz. Çünki oynadığın futbol və vurduğun qollar indiyə qədər yaddaşlardadır. Sualdan qaçmaq istəyirsən, bilirəm. Amma müsahibənin əvvəlində səmimi söhbətə söz vermisən.

- Sayı bilmirəm axı, nə deyim? (gülür)

- 50-yə yaxın olar?

- 50 böyük saydır. Sən məni nə bilmisən?

- Adın gündə bir modellə hallanırdı o vaxt. 6 ilə 50 nədir ki?

- 6 ilin 1-ni indiki həyat yoldaşım mənimlə yaşadı. Azərbaycanda yaşadığım son il idi. 1 ildən çox müddəti isə Bakıda sevdiyim qıza həsr etmişdim. Heç yerə getmirdim, heç kimlə görüşmürdüm, ancaq onunla idim.

- Kim idi?

- Biri var idi də.

- Sən canın, kim idi?

- AzTV-də işləyirdi, Alina adında qız idi. Ciddi münasibətlərimiz vardı, hər şey yaxşıya doğru gedirdi. Sonda alınmadı.

- Tanınmış model Validə Abbasova ilə sevgi idi, yoxsa elə-belə?

- Validə ilə çox yaxşı dost olmuşam, başqa heç nə. O mənim dostumla görüşürdü, mən də dostumun sayəsində tanımışdım. Çox yaxşı qız idi. Validəni niyə mənim adıma bağladılar, onu bilmədim.

- Futbol oynadığın dönəmdə siqaret də çəkirdin, hə?

- Yox-yox. İndiyə qədər ağzıma siqaret dəyməyib. Düzü, iyini də götürə bilmirəm. Bizdə nəsildə belədir, siqaret çəkən demək olar yoxdur. Atam də çəkməyib. Çəksəydim, inan, deyərdim. Burda nə var ki? Robert Prosineçki kimi dahi oyunun fasiləsində siqaret çəkirmiş.

- Spirtli içki içirdin də. - ... (davamı olacaq)

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti