“Qaradağ”ın legioneri “Sportinfo”nun sualı ilə razılaşmadı - MÜSAHİBƏ

27 Sentyabr 2021 16:00 Müsahibə 2 015
“Qaradağ”ın legioneri “Sportinfo”nun sualı ilə razılaşmadı - MÜSAHİBƏ

Fabian Zittlau ad-soyadlı futbolçunun “Qaradağ Lökbatan”la müqavilə bağlaması təəccüb və söz-söhbətə səbəb oldu.

Qarşısında ciddi hədəf durmayan Birinci Divizion təmsilçisinin uzun müddətdir futbol oynamayan legionerlə güclənməsi sual doğururdu.

31 yaşlı sol cinah müdafiəçisi 2021/22 mövsümü üçün sifariş ərizəsinə salınıb.

Qəsəbə təmsilçisində 7 nömrəli formanı geyinən Zittlau “Hanza”nın yetirməsidir. Almaniyalı karyerası boyu əsasən ölkəsində həvəskar səviyyəli komandalarda iştirak edib.

Yalnız 2016-2019-cu illərdə Sloveniyada - “İnterblok” un heyətində legioner həyatı yaşayan Fabian son olaraq Almaniyanın VI liqa komandası “Borussiya Lindental-Hohenlind”in şərəfini qoruyub.

Həvəskar klubdan ötən ilin yanvarında ayrılan Zittlau “Qaradağ Lökbatan”a keçənə qədər 21 ay klubsuz qalıb.

Əslində, bə məsələdə futbolçunun özünü sorğu-suala çəkməyə gərək vardı.

Uzun illər Almaniyada oynamış birinin Azərbaycanın aşağı dəstəsində necə və niyə peyda olması, karyerasını yüksələn xətt üzrə davam etdirə bilməməsi, pul olmayan liqada oynamaqdakı məqsədi – bu və digər suallara cavab tapmaq üçün Fabianla əlaqə saxladıq.

- Azərbaycana gəlişindən başlayaq. Bu necə baş verdi?
- Azərbaycana gəlişim ilyarım əvvələ təsadüf edir. İşimlə bağlı 2020-ci ilin fevralında bura gəldim. Lakin həmin vaxt kortonavirus pandemiyası digər sahələr kimi, futbola da təsirini göstərdi. Ona görə də klub tapmaq üçün bir müddət gözləməli oldum. Bu yay “Qaradağ Lökbatan”ın məşqlərində iştirak etdim. Füzuli Məmmədov məşqlərimi vu hazırkı durumumu bəyəndiyini deyib, klub müqavilə bağlamağıma icazə verdi.

- Belə başa düşdüm ki, Azərbaycana işləməyə gəlmisən. Və futbol ikinci dərəcəli olacaq sənin üçün.
- Bəli, işim var, amma futbol ikinci dərəcəli olmayacaq (gülür). Hər ikisi mənim üçün vacibdir.

- Sirr deyilsə, hansı sahədə çalışırsan?
-Alman-Azərbaycan Xarici Ticart Palatasında Biznes Servisi Departamentinin rəhbəriyəm. İki ölkə arasındakı ticari əlaqələrin yaxşılaşdırılması üçün əlimizdən gələni etməyə çalışırıq.

- Kifayət qədər məsuliyyətli işin qulpundan yapışmısan. Kabinetlə yaşıl meydanı bir araya gətirmək mümkün olacaq?
- Çox yaxşı sualdır. Əlbəttə, müəyyən çətinliklər olacaq. Yola çıxmamışdan əvvəl bununla bağlı həm işdəki şefimlə, həm də Füzuli Məmmədovla danışmışdım. Onlar məni anlayışla qarşıladıqlarını demişdilər. Almaniyada işlə futbolu bir araya gətirmək olur. Həftəlik proqram tutursan və ona uyğun addım atırsan. Burda bir az çətindir. Ümid edirəm ki, ciddi problem olmayacaq.

- Futbol sənin üçün hobbidir, yoxsa peşəkar karyera qurmaq baxımından yanaşırsan bu işə?
- Bir neçə il əvvələ qədər Almaniyanın 4-cü Liqasında oynayırdım. Lakin sonradan işimlə bağlı müxtəlif ölkələrə səfərlər etməli oldum: Sloveniya, Səudiyyə Ərəbistanı, indi də Azərbaycan. Bu gün məni pul yox, yaxşı oyun və komandamla uğur qazanmaq maraqlanıdırır. Fikrimcə, “Qaradağ Lökbatan” həm həyatımda, həm də karyeramda yeni səhifə, yeni təcrübə olacaq.

- “Qaradağ Lökbatan”da maaş alacaqsan?
- Bu barədə danışmaq istəmirəm. Klubla müqavilə bağlamışam, futbolçu vərəqəm gəlib və hər şey qaydasındadır.

- Karyeranda peşəkar klubların yoxluğu diqqət çəkir. Bu vaxta qədər ancaq həvəskar səviyyədə oynamısan?
- Onu sizə kim dedi?

- İnternet qaynaqlarındakı məlumatlar...
- Almaniyanın 4-cü Liqası peşəkar liqa hesab olunur. “Hanza”, “Maqdeburq” və “Ayntraxt” (Trier) kimi komandaların heyətində peşəkar liqada oynamışam. Belə deyim, karyeramın 2015-cı ilə qədər olan hissəsi peşəkar futbola bağlıdır. 2016-cı ildən ölkə xaricində işləməyə başladım deyə, futbolçu karyeramda müəyyən fasilələr yarandı.

- Son 5-6 ildə peşəkar səviyyədə oynamadığını nəzərə alsaq, fiziki durumun sual doğurur.
- Başa düşürəm. Onu deyə bilərəm ki, daim fiziki formama fikir verməyə çalışmışam. İyulda “Qaradağ Lökbatan”a qoşuldum və o vaxtdan bu yana gərgin məşqlər keçmişik. Son 2 ayda vəziyyətimin xeyli yaxşılaşdığını deməliyəm.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?